Keçmiş ümmətlərin həyatından iki qissə

/ Şənbə, 08 İyun 2013 10:25
Keçmiş ümmətlərin həyatından iki qissə
Həzrət Süleymanın (ə) öz oğluna 7 sualı İmam Cəfər Sadiqdən (ə) rəvayət edilib. Bəni-İsrail qövmü zəkası ilə məşhur olan Həzrət Süleyman Peyğəmbərdən (ə) tələb etdi ki, öz oğlunu vəliəhd elan etsin, yəni özündən sonra hakimiyyətə canişin təyin etsin. Həzrət Süleyman (ə) camaata bildirdi ki, mənim oğlum hakimiyyətə layiq deyil; padşah üçün tələb olunan uzaqgörənlik və hikmət onda yoxdur. Amma adamlar öz tələblərində israr etdilər. Süleyman Peyğəmbər (ə) onlardan möhlət istədi: “Gərək oğlumu imtahana çəkib yoxlayım. Suallarıma cavab versə, onu canişin təyin edərəm”. Sonra Həzrət Süleyman (ə) oğlunu yanına çağırdı və ona 7 sual verib cavabını istədi. Suallar bundan ibarət idi: 1. Suyun dadı necədir? 2. Çörəyin dadı necədir? 3. Səsin güclü ya zəif olması nədən asılıdır? 4. Bədəndə ağlın yeri haradır? 5. Qəddarlıq və şəfqət hissləri bədənin hansı üzvündən qaynaqlanır? 6. Yorğunluq hansı bədən üzvündən asılıdır? 7. Maddi nemətlərə malik olmaq və ya onlardan məhrum qalmaq hansı bədən üzvündən asılıdır? Həzrət Süleymanın (ə) oğlu bu sualların heç birinə cavab verə bilmədi. Bununla da onun atasından sonra hakimiyyətə layiq olmadığı sübuta yetdi. İmam Cəfər Sadiq (ə) bu qissəni rəvayət etdikdən sonra həmin 7 sualın cavabını özü buyurdu: 1. Suyun dadı həyat dadıdır. 2. Çörəyin dadı güc-qüvvət dadıdır. 3. Səsin güclü ya zəif olması ciyərlərdən asılıdır. Hər kimin ciyəri sağlam və güclüdürsə, səsi də ucadır. 4. Bədəndə ağlın yeri beyindir. Bu üzdən ağıldan kəm adam haqqında “yüngülbeyin” deyirlər. 5. Qəddarlıq və şəfqət hisslərinin məkanı ürəkdir. Allah-təala bu barədə Qurani-kərimdə buyurub: “Elə isə vay qəlbləri Allahın zikrinə qarşı sərt olanların halına!” (Zümər, 22). 6. İnsanın yorğunluğu ayaqlarından asılıdır. Ayaqlar yorulanda insan hərəkət edə bilmir və bədən əziyyət çəkir. 7. Məhrumiyyət və maliklik isə əllərdən asılıdır. Əllər fəaliyyətdən qalanda bədən hər şeydən məhrum olur, özünə lazım olanları əldə edə bilmir. Qazının aqibəti Məşhur alim Qütb Ravəndi “Qisəsül-ənbiya” kitabında (səh. 180) Əbu Həmzə Sümaliyə gedib-çıxan sənəd silsiləsi ilə İmam Mühəmməd Baqirdən (ə) rəvayət edir ki, Bəni-İsrail qövmünün içində ədalətli bir qazı (hakim) yaşayırdı. Rüşvət almaz, hər kəsin məhkəməsini doğruluqla həll edərdi. Qazının ömrünün son günləri gəlib-çatdı. O zamanlar Bəni-İsrail camaatı öz ölülərini torpağa basdırmaz, mağara şəklində sərdabanın içinə qoyub, qapısını möhürləyərdilər. Qazı ölüm vaxtının çatdığını hiss edib arvadını yanına çağırdı və dedi: “Mən öləndən sonra cəsədimi sərdabaya qoyacaqlar. Amma mən inanıram ki, cəsədim çürüməyəcək. Çünki mən öz vəzifəmi vicdanla yerinə yetirmişəm, haqsızlıq etməmişəm. Sən özün də bunu yoxlaya bilərsən. Bir neçə gündən sonra sərdabaya gəlib cəsədimə baxsan, görəcəksən ki, çürüməyib”. Qazı vəfat edir, cəsədini sərdabaya qoyurlar. Bir neçə gündən sonra qadın ərinin sözlərini yoxlamaq üçün sərdabaya gəlir, qapını açıb içəri girir, cəsədə yaxınlaşır. Görür ki, həqiqətən, meyitdə heç bir çürümə əlaməti görünmür. Meyitin üzündəki örtüyü qaldıranda isə görür ki, qazının bütün sifəti salamat qalıb, yalnız burnu çürüyüb, bürün dəliklərini qurd basıb. Qadın gördüklərindən çox narahat olur, kədərli halda evə qayıdır. Həmin gecə qadın yuxuda ərini görür. Qazı ona üz tutub deyir: “Tanrıya and olsun ki, əgər sənin qardaşın olmasaydı, heç o qurdlar da mənim bədənimə yol tapa bilməzdilər. Bir dəfə qardaşın öz mübahisəli məsələsini həll etmək üçün qarşı tərəflə birlikdə mənim yanıma gəldi. Mən onları dinləyib məsələni araşdırmağa başladım. Amma ürəyimdə Tanrıya dua edirdim ki, kaş məsələ qaynımın xeyrinə həll olaydı. Həqiqətən, işin gedişində qaynımın haqlı olduğunu bildim və tam ədalətlə onun xeyrinə hökm çıxardım. Hökmü verəndən sonra yenə ürəyimdə bir rahatlıq və arxayınlıq baş qaldırdı. Hiss etdim ki, əməlimdə büruza verməsəm də, ürəyimdə sənin qardaşının tərəfini tutmuşam, əsil qazı kimi bitərəflik etməmişəm. Bax, cəsədimin başına gələnlər də bu üzdəndir”. (Rəvayətlər “Biharül-ənvar” kitabının XIV cildindəndir).

Please publish modules in offcanvas position.