Cəbrailin arzu etdiyi yeddi əməl

/ Cümə axşamı, 01 Avqust 2013 10:49
Cəbrailin arzu etdiyi yeddi əməl
Xalq dilində bəzi deyimlər var: “Filankəs mələk kimi təmizdir”, “filankəs elə bil insan deyil, mələkdir”, “mələk kimi adamdır” və s. Düşüncəmizdə, dilimizdə mələk ülviliyin, paklığın, məsumluğun rəmzi sayılır. Mələklər əlçatmaz bir ucalığa sahibdirlər bizim üçün. Bəlkə də onları görə bilmədiyimizdən bu qədər əlçatmaz, yüksək sayırıq. Nə yeməyə ehtiyacları var, nə geyimə, nə pula, nə də qadına (ya kişiyə). Qüvvələrini təsvirə, zehnlərinu ölçüyə sığışdırmaq olmaz. Amma... Bu fikirlərimizdə xeyli yanlışlıq var. Dəqiq desək, mələklər haqqında təsəvvürümüzdə yox, özümüzlə onların müqayisəsində yanılırıq. Lap əvvələ qayıdaq. Tarixin əvvəlinə, bəşəriyyətin yarandığı günə. O gün mələklər Adəmin (ə) simasında bizim qarşımızda səcdə etdilər, bizim üstünlüyümüzü təsdiqlədilər. Onların bilmədiklərini Adəm (ə) bildi, onların etmədiklərini Adəm övladı etdi. Mələklər heç zaman seçim qarşısında qalmadılar. İman gətirim ya küfr edim, günaha bulaşım ya savab qazanım, Allaha xidmət edim ya İblisə, qan töküb fitnə-fəsad yayım yoxsa yer üzünü islah edim? Bu sualların heç biri onların qəlbini təlatümə gətirmədi. Onlar nurdan yarandılar, nur içində yaşayırlar. Günah etməzlər, çünki nəfsləri bunu tələb etməz. Cəhənnəm əzabı onlara aid olmayacaq. Cənnət ləzzətini də dadmayacaqlar. Çünki bu cənnəti qazanmağı bacarmazlar. Cənnəti nəfslə mübarizədə, böyük cihadda qazanmaq mümkündür. Nəfs, tamah yoxdursa, demək, mübarizə də yoxdur. Mübarizə yoxdursa, demək, qələbə ya məğlubiyyət də yosdur. Qələbə ya məğlubiyyət yoxdursa, deməli, mükafat və cəza, cənnət və cəhənnəm də yoxdur... Allahın vəhy mələyi Cəbrail 23 il Bəşəriyyətin Seçilmişinə xidmət etdi, Ona Allahın kəlamını çatdırdı – bir kəlmə əksiltmədən və bir nöqtə artırmadan. Vəhyi alıb gətirmək üçün hətta Lövhi-məhfuza yetişməyə icazəsi vardı. Amma merac gecəsində Məxluqatın Əşrəfini bir nöqtəyə kimi müşayiət etməyə gücü çatdı, həmin nöqtədə “mən burdan o yana keçə bilmərəm” deyə, Onu tək buraxdı. Heç bir mələyin, heç bir cinin aşa bilmədiyi o hüdudu İnsan aşdı. Öz iradəsi ilə, öz məsumluğu ilə, nəfs üzərində qələbəsi ilə... Hədislərdə buyurulur: “Fəqir möminin Allah yanında hörməti yeddi səmadan, yeddi yerdən, dağlardan və onların üzərində olan hər şeydən daha böyükdür”. “Hər kim haqsız yerə fəqir mömini incitsə, on dəfə Kəbəni dağıtmış və Allah dərgahına ən yaxın olan min mələyi öldürmüş kimidir” (İrşadül-qülub iləs-səvab, I, 194). İmam Mühəmməd Baqirdən (ə) rəvayət edilən bir hədisdə isə deyilir: “Möminlə əl verib görüşmək mələklə görüşməkdən daha üstündür” (Üsuli-Kafi). İnsan elə bir uca məqama sahibdir ki, mələklər, hətta ən şərəfli mələk olan Cəbrail (ə) bu məqama həsədlə baxır. Ayətullah Məşkininin “Nəsaih (Məvaizül-ədədiyyə)” kitabında rəvayət edilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: “Cəbrail mənə dedi: “Kaş bu yeddi əməli edə bilmək üçün insan olaydım: camaat namazında iştirak etmək, alimlərlə oturub-durmaq, iki küsülü adamın arasını düzəltmək, yetimlərə nəvaziş göstərmək, xəstələrin görüşünə getmək, dəfn mərasimlərinə qatılmaq, həcc zamanı Məkkədə hacılara su paylamaq”. Bu hədis həm mələklərin həsəd apardıqları bəşəriyyət zirvəsini bəyan edir, həm də hansı əməllərin daha üstün və savablı olduğunu göstərir. Amma unutmayaq ki, İnsanın mələkləri arxada qoyan yüksəliş yolunun əks qütbü də var. İman zirvəsinin ən uca nöqtəsi yer üzündə Allahın həqiqi canişini olmaqdırsa (Bəqərə, 30), küfr bataqlığının ən dərin nöqtəsi heyvan səviyyəsinə, hətta onlardan da alçağa – qafillər dərəcəsinə enməkdir (Əraf, 179). Allah bizi bu enişdən qorusun!..

Please publish modules in offcanvas position.