Karandaşdakı ibrət

/ Cümə, 04 Oktyabr 2013 00:23
Karandaşdakı ibrət
Ağıllı insan ətrafdakı hər şeyə ibrət gözü ilə baxmağı bacarmalıdır. Bəzən qarşılaşdığımız adamlar öz sözləri və hərəkətləri ilə bizə nümunə olduqları kimi, bəzən də əhəmiyyətsiz görünən bir əşya sadəcə olaraq öz varlığı ilə bizə ibrət verə bilər. Elə adicə karandaşı götürək. Qəribə də olsa, bəsirət gözümüzü azacıq işə salsaq, adi karandaşdakı bəzi xüsusiyyətlərdən həyat dərsi ala bilərik. Karandaşda olan bu xüsusiyyətlərə diqqət yetirək: Karandaş hər nə qədər gözəl və faydalı sözlər yazmağa xidmət etsə də, onu yönləndirəcək bir ələ ehtiyac var. Karandaş özbaşına heç nə yaza bilməz, onu yazdıran olmalıdır. Insan da Allahın hidayəti və mərhəməti olmadan heç nə edə bilməz. Ona hər bir hərəkət üçün qüdrət verən, onu istiqamətləndirən Allahdır. Karandaşın ucu tədricən kütləşir və mütəmadi olaraq onu yonmağa məcburuq. Əgər karandaşı canlı kimi qəbul etsək, yonulmaq ona əziyyət verə bilər. Amma bu əziyyətin sonunda bir fayda var. Insanın başına gələn müsibətlər də onu üzür. Amma bu müsibətlər həm də insanı “yonur, itiləyir”. Çətinliklər insanı möhkəm edir, ona səbat və dözüm verir. Şeytanın vəsvəsələri ilə kütləşmiş vicdan sınaqlarla, çətinliklərlə itilənir, güclənir. Karandaş səhv edəndə onu pozanla düzəltmək imkanı var. Səhv qaçılmazdır. Əsas olan budur: gərək səhvi elə edəsən ki, sonra onu islah edib düzəltmək mümkün olsun. Hər an öz səhvini boynuna almağa və düzəltməyə hazır olmalısan. Karandaşın rəngi, quruluşu, naxışları nə qədər yaraşıqlı olsa da, mühüm olan bunlar deyil. Əsas işi görən taxta qılafın içindəki qrafitdir. Karandaşın gövdəsi qəşəng olsa da, olmasa da, bu onun yazmağına təsir etməz. Insana da dəyər verən onun xarici görünüşü, bəzək-düzəyi, zənginliyi deyil, ruhudur, imanıdır. Əsl zəngin insan – iç dünyası zəngin olandır. Karandaş yazır və özündən sonra iz buraxır, əsər qoyur. Insan da özündən sonra iz buraxmağa çalışmalıdır. Elə həyat sürməlidir ki, öləndən sonra əməlləri yaşasın. Və nəhayət, karandaşla həm yaxşı, həm də pis sözlər yazmaq, şəkillər çəkmək olar. Insan da belədir: nəfsinə uysa pis yola düşər, ətrafdakılara ziyan vurar. Imana və vicdana arxalansa, dünya və axirət səadətinə çatar, başqalarına fayda verər, cəmiyyətə yararlı olar.

Please publish modules in offcanvas position.