Atəşpərəst necə müsəlman oldu?

/ Çərşənbə, 16 Oktyabr 2013 00:29
Atəşpərəst necə müsəlman oldu?
Məşhur təsəvvüf xadimi və şair Fəridəddin Əttar böyük sufilərin həyatından bəhs edən “Təzkirətül-övliya” kitabında Şeyx Əhməd Hərb adlı övliya haqqında söhbət açaraq yazır: Şeyx Əhməd Hərbin Bəhram adlı bir atəşpərəst qonşusu vardı. Bəhram tacir idi, uzaq ölkələrdən mal alıb gətizdirirdi. Səfərlərin birində Bəhramın şəriki onun ticarət karvanına başçılıq edirmiş. Yolda quldurlar hücum edirb karvanı soyurlar. Bütün mallar qarət olunur. Bəhramın şəriki müflis halda qayıdıb gəlir. Şeyx Əhməd Hərb bu xəbəri eşidəndə öz müridləri ilə oturub söhbət edirmiş. O, üzünü müridlərinə tutub deyir: “Qonşumuzun başına müsibət gəlib. Gərək gedib ona təsəlli verək. Nə olsun ki atəşpərəstdir, hər halda qonşudur”. O, müridlərini də toplayıb Bəhramın yanına gəlir. Bu vaxt Bəhram evindəki müqəddəs ocağı qalayırmış. (İslamın ilk əsrlərində müsəlmanlar İranı fəth etdikdən sonra buranın yerli atəşpərəst sakinlərinə etiqad azadlığı vermişdilər. Zərdüştilər cizyə ödəmək şərti ilə dinlərini qoruyub-saxlayır, öz ayinlərini rahat şəkildə icra edirdilər). Bəhram şeyxin gəldiyini görəndə pişvazına çıxıb onu qarşılayır. Süfrə açmaq istəyəndə Şeyx Əhməd deyir: “Zəhmət çəkmə, biz sənə təsəlli verməyə gəlmişik. Eşitdik ki, sənin karvanını quldurlaq qarət edib”. Bəhram cavab verir: “Elədir. Amma mən buna görə çox da üzülmürəm. Əksinə, üç şeyə görə özümü rahat hiss edirəm. Birincisi, ona görə ki, məndən oğurlayıblar, mən başqasından oğurlamamışam. İkincisi, malımın yarısını aparıblar, yarısı yenə məndədir. Üçüncüsü, nə yaxşı ki dinimi əlimdən almayıblar. Mən yenə öz əqidəmdəyəm. Dünya malını itirmişəm, onsuz da dünya gəldi-gedərdir”. Şeyx Əhməd Hərb atəşpərəst qonşusunun sözlərini dinləyib, yanındakı müridlərinə deyir: “Bu sözləri yazıb qeyd edin. Bu sözlərdən müsəlmanlıq ətri gəlir”. Sonra üzünü Bəhrama tutub soruşur: “Sən bu alova niyə pərəstiş edirsən?” Bəhram cavab verir: “Ona görə pərəstiş edirəm ki, bu dünyada məni yandırmasın, o dünyada da məni tanrıma doğru aparsın. Hər gün ona çoxlu odun atıram ki, öləndən sonra mənə vəfasızlıq etməsin”. (Atəşpərəstlərin əqidəsinə görə, müqəddəs sayıb pərəstiş etdikləri ocaq, öləndən sonra onların Hörmüz adlı tanrıya qovuşmalarına yardım edəcək). Şeyx onu dinləyib etiraz edir: “Səhv düşünürsən. Çünki alovun nə gücü, nə ağlı, nə də vəfası var. Balaca uşaq ocağın üstünə bir ovuc su atsa, alov sönər. Bu cür zəif olduğu halda, o sənə necə yardım göstərəcək? Ocağın üstünə müşk də atsan, nəcasət də atsan, fərq etməz, hər ikisini yandırar. Alovun ağlı hardadır ki, müşklə nəcasəti ayıra bilsin? Sən yetmiş ildir alova pərəstiş edirsən, mən isə bir gün də ona ibadət etməmişəm. Gəl, hər ikimiz əlimizi ona yaxınlaşdıraq. Görəcəksən ki, o, həm sənin, həm də mənim əlimi yandıracaq. Elə düşünürsən ki, sən ocağa çoxlu odun qurban versən, öləndən sonra o da sənə vəfa edəcək. Bu dünyada sənə vəfa etməyəndən o dünyada nə gözləyirsən?” Şeyx Əhmədin sözləri Bəhrama möhkəm təsir edir. Şeyxə bu sözlərlə müraciət edir: “Cənə üç sual verəcəyəm. Əgər məni qane edən düzgün cavab versən, İslama gələrəm. Siz müsəlmanlar deyirsiniz ki, hamını Allah yaradıb, Allah yaşadır, Allah öldürür və qiyamətdə Allah dirildəcək. Bunların səbəbini mənə de. Allah niyə bizi yaradıb, niyə bizə ruzi verir, niyə bizi öldürür və niyə dirildəcək?” Şeyx Əhməd cavab verir: “Allah bizi yaradıb ki, Ona ibadət edək. Bizə ruzi verir ki, Onu rəzzaq (ruzi verən) kimi tanıyaq. Bizi öldürür ki, Onu qəhhar (qəhr edən, məhv edən) sifəti ilə tanıyaq. Bizi qiyamətdə dirildəcək ki, Onun qüdrətinə və elminə şahid olaq”. Bəhram Şeyxin sözlərini dinlədikdən sonra kəlmeyi-şəhadəti dilə gətirib müsəlman olur. Şeyx Əhməd isə huşunu itirir. Özünə gələndən sonra səbəbini soruşanlara deyir: “Bəhram imana gələndə qeybdən bir səs eşitdim: “Bu atəşərəst yetmiş il alova ibadət edəndən sonra imana gəldi. Ey Əhməd, bəs sən yetmiş il müsəlmanlıq edəndən sonra nəyə nail olmusan?” Deyilənlərə görə, Şeyx Əhməd Hərb az yatarmış. Ondan soruşurlar ki, niyə gecələr yatmırsan? Deyir: “Bir adamın ki, başının üstündə cənnəti yaradıb, ayaqlarının altında cəhənnəm tonqalını qalayıblar, amma o özü bilmir ki bunlardan hansına layiqdir – belə adamın gözünə yuxu gedərmi?”. (Fəridəddin Əttar. Təzkirətül-övliya, I, 242-244)

Please publish modules in offcanvas position.