Faydasız işlərə vaxt sərf etmək günahdır

/ Cümə, 18 Oktyabr 2013 00:45
Faydasız işlərə vaxt sərf etmək günahdır
İslamda elm və bilik əldə etməyə nə qədər təkid edilsə də, bu elmin faydalı və gərəkli olması da bir o qədər zəruri sayılıb. İnsanlığa zərər vuran, sağlamlığa ziyan yetirən, əxlaqsızlığa və fəsada yol açan, dini dəyərlərə zidd olan bilikləri öyrənmək birmənalı olaraq haramdır. Üstəlik, böyük ziyanı olmayan, amma həm də insana xeyri dəyməyən elmlərə vaxt ayırmaq məsləhət bilinmir. Çünki ömür adama əmanət olaraq verilib və onu Allahın istədiyi şəkildə ən yaxşı əməllərə sərf etməliyik. Ömrü hədər yaşamaq, vaxtı mənasız işlərə xərcləmək də israfın bir növüdür, hətta ən pis növüdür. İmam Cəfər Sadiqin (ə) zamanında Əyən oğulları adlı bir ailə yaşayırdı. Bu ailənin üzvü olan Zürarə, Əbdülməlik, Həmran, Bükeyr qardaşları cəfəri məzhəbində mötəbər hədis ravilərindən sayılırlar. Əbdülməlik ibn Əyən bir müddət nücum (astrologiya) elmi ilə maraqlanmışdı. O, ulduzların Yerdə baş verən hadisələrə təsir göstərdiyinə, o cümlədən, insanların həyatına nüfuz etdiyinə inanırdı. Əbdülməlik evdə nücum elmi haqqında çoxlu kitab və cədvəl saxlayırdı. Hansı işi görmək istəsə, əvvəlcə həmin kitablara baxar, cədvəllər əsasında hesabat aparar, vaxtın xoş ya nəhs olduğunu yoxlayardı. Bu işi görmədən bircə addım da atmazdı. Get-gedə özü də bundan bezmişdi. Ürəyindəki vəsvəsələr onu üzürdü. Xasiyyətinin sayəsində neçə-neçə xeyirli işdən, mənfəətli təklifdən boyun qaçırmalı olmuşdu, çünki çox vaxt falı bəd çıxırdı. Amma bu pis vərdişdən əl çəkə də bilmirdi. Çünki ulduzların təsirinə inamdan tam qurtulmamışdı. Qorxurdu ki, əgər vaxtın yaxşı ya pis olduğunu yoxlamasa, ziyan görər. Əbdülməlik ətrafındakı adamlara qibtə ilə baxırdı. Onlar heç nədən asılı deyildilər, istədikləri vaxt istədikləri işi görürdülər. Əbdülməlik də onalr kimi olmağı arzulayırdı, amma bacarmırdı. Axırda qərara gəldi ki, məsələni İmam Sadiqə (ə) açsın. “Hər necə olsa, O, mənim din rəhbərimdir. Mən Ona tabe olmalıyam. O nə desə edərəm. Həm narahatçılığım aradan qalxar, həm də bilərəm ki, İmamımın məsləhətinə əməl edirəm və düz yoldayam”. Əbdülməlik bu fikirlə İmam Sadiqin (ə) hüzuruna gəldi, öz vəziyyətini Ona danışdı. İmam onu diqqətlə dinlədikdən sonra soruşdu: “Sən həqiqətən bu cür məsələlərə inanırsan və bunlara əməl edirsən?” Əbdülməlik: “Bəli, ey Allah Rəsulunun övladı”. İmam qətiyyətlə buyurdu: “Mən sənə tapşırıram ki, evə gedib həmin kitabların hamısını yandırasan”. Əbdülməlik İmamın tapşırığına əməl etdi, nücuma aid topladığı bütün kitab və cədvəlləri ocağa atıb yandırdı. İndi o, xeyli rahat olmuşdu. İmam Sadiq (ə) onu üzücü vəsvəsələrdən xilas etmiş, qəlbinə arxayınlıq vermişdi. Əbdülməlikin əvvəlki rahat həyatı yerinə qayıtmışdı. Bu mövzuda daha bir maraqlı rəvayət vardır. Keçmiş zamanlarda bir nəfər illər uzunu məşq edib belə bir bacarıq qazanır: Uzaq məsafədən iti iynələri atıb divara yapışdırırdı. Üstəlik, hər atılan iynənin ucu, ondan qabaq atılıb divara batmış iynənin gözündən keçirdi. Adam öz bacarığı ilə fəxr edirdi, hər kəsə bunu nümayiş etdirir, bəzən hətta bu yolla pul da qazanrdı. Ona məsləhət görürlər ki, saraya gedib öz qabiliyyətini padşaha da göstərsin. Adam saraya gəlir, nəhayət, padşahın hüzuruna düşməyə nail olur. Hökmdarın hüzurunda da öz bacarığını təkrar edir. Bir-birinin ardınca atdığı iynələrin biri o birinin gözündən keçir. Adam işini başa vurub hökmdardan mükafat gözləyir. Padşah isə belə bir fərman verir: “Bu adama əvvəlcə yüz dinar pul verin, sonra da yüz şallaq vurun”. Adam heyrətlə soruşur: “Qibleyi-aləm, mükafat hara, cəza hara? Niyə mənə əvvəlcə pul verib sonra cəzalandırırsan?” Hökmdar cavab verir: “Mükafat sənin bacarığına görədir. Həqiqətən, indiyə kimi səndən savayı bunu bacaran adam nə görmüşəm, nə də eşitmişəm. Bu bacarığı qiymətləndirməsəm düzgün olmaz. Amma şallağı ona görə vurdururam ki, vaxtını mənasız bir işi öyrənməyə həsr etmisən. Etdiyin işin nə sənə xeyri var, nə də başqalarına”.

Please publish modules in offcanvas position.