Niyyətlərinizə qarşı məsuliyyətli olun

/ Bazar ertəsi, 13 Yanvar 2014 00:49
Niyyətlərinizə qarşı məsuliyyətli olun
İslamda niyyət - əməl müvazinəti böyük maraq doğuran məsələlərdən biridir. Məşhur hədisə görə, əməllər niyyətlərə bağlıdır. Yəni hər əməlin dəyəri ilk öncə onun niyyəti ilə ölçülür. Bunun mənalarından biri budur ki, Allah yanında əməllərin dəyəri hər şeydən əvvəl onların səmimiyyət dərəcəsinə bağlıdır. İnsan hətta çox savab vəd edilən bir əməli riya məqsədi ilə, özünü başqalarına göstərmək, hörmət-izzət qazanmaq, ayrı bir məqsədə yetmək üçün yerinə yetirsə, buna görə heç bir savab əldə etməz. Riya insanın imanı, ruhu və qəlbi üçün çox qorxulu mərəzdir. “Əməllər niyyətlərə bağlıdır” hədisinə bəzən başqa bir izah da verirlər. Bu izaha görə, Allah insana əməlinə deyil, niyyətinə uyğun olaraq əvəz verir. Bu, əsasən savab əməllərin niyyətinə şamil edilir. Yəni insan hər hansı savab iş görməyə niyyət etsə, amma buna imkanı çatmasa, həmin işi görmüş qədər savab qazanar. Məsələn, çətinliyi olan bir adamla rastlaşanda problemi həll etməyə gücü çatmasa da, səmimi qəlbdən “kaş əlimdə imkan olaydı, buna yardım göstərəydim” deyə düşünsə, Allah onun əməl dəftərinə sanki yardım göstəribmiş kimi savab yazar. Allahın öz bəndələrinə mərhəməti bu qədər çoxdur. Bu fikri davam etdirərək deyirlər ki, əksinə, bir adam günah niyyəti etsə, amma onu həyata keçirməsə, ona günah yazılmaz. Doğrudur, Allah o qədər mərhəmətlidir ki, insan hətta günah etsə belə, əməlləri yazan mələklər həmin günahı onun əməl dəftərinə dərhal yazmırlar, bəlkə tövbə edər deyə, bir müddət gözləyirlər. Əgər səhvini düzəltməsə, tövbə etməsə, incitdiyi adamdan halallıq almasa, bu halda günah qeyd edilər. Şübhəsizdir ki, günah sadəcə niyyət halında qalıb əməl müstəvisinə keçməyincə adam ilahi qəzəbə düçar olmaz. Amma hədisin birinci izahına arxalansaq, günah niyyət də günah əməlin müqəddiməsi olaraq cəzaya layiq olmalıdır. Bəzən günah fikirlərin cəzasız qaldığına inanmaq insanlarda məsuliyyətsizlik hissi yaradır. Bəziləri haram arzulara, pis fikirlərə görə günah qazanmadıqlarına arxayın olub bunu davam etdirir və haram xəyalların girdabına daha artıq qərq olurlar. Hədis və rəvayətlərdən bu aydın olur ki, məsələ onların zənn etdikləri kimi o qədər də asan və yüngül deyil. Haram düşüncələr, günah niyyətlər də Allah tərəfindən cavabsız qoyulmur. Bunlar da günah sayılır. Amma Allah onları əməl dəftərinə yazdırmadan bağışlayır. Doğudur, günah niyyətə görə insana cəza düşmür, amma bu niyyətlər, arzu-xəyallar insan ruhuna öz təsirini mütləq qoyur. Əməl dəftərinə heç nə yazılmasa da, qəlb kitabında mütləq iz qalır. Müqəddəslərimiz həmişə müsəlmanları boş xəyallardan, mənasız fantaziyalardan uzaq durmağa çağırıblar. Bunlar əbəs vaxt və enerji itkisinə səbəb olmaqla yanaşı, həm də qəlbin nurunu azaldır. İmam Əli ibn Əbu Talib (ə) buyururdu ki, kim günahlar barədə çox fikirləşsə, axırda günahlar onu özünə sarı çəkər. Həqiqətən, günah barədə çox düşünmək adamın günaha olan həvəsini bir az da artırır və o, daha artıq ehtirasla günahı arzulayır. Çox zaman da axırda iradəsi tükənir, qəlbindəki iman və təqva təslim olur, nəfs öz istəyinə yetişir. Üstəlik, haram düşüncələr, günah fikirlər adamda həyasızlıq yaradır. Həyasını itirən şəxs nə başqa adamlardan, nə də Allahdan utanmır. Haram fikirlər bir murdarlıq kimi qəlbə daxil olur, qəlbin bütün gizli guşələrini gəzib-dolaşır və təmas etdiyi hər yeri murdarlığa qərq edir. Haram fikirlər özü ilə şeytanı gəzdirir. Kim qəlbini təmiz saxlamaq istəyirsə, günahın niyyətini belə, qəlbə yaxın buraxmamalıdır. Təsəvvür edin, bir sözgəzdirən, aravuran, iftiraçı adamı evinizə buraxsanız, hansı hadisələr baş verə bilər? O, öz vəsvəsələri ilə bütün ailə üzvlərinin qəlbinə şübhə toxumu səpəcək, hamını bir-birindən bədgüman edəcək, öz zəhərli sözləri ilə hamını zəhərləyəcək. Günah niyyətlər də belədir; aram və möhkəm qəlbə daxil oldumu, onu sarsıtmağa, zəiflətməyə başlayır. Təsəvvür edin ki, gözəl bir bağın ortasında tonqal qalayıblar. Doğrudur, tonqalın alovu ətrafı yandırmır, ağacları külə döndərmir. Amma onun tüstüsü və pis qoxusu hər yeri bürüyür, bütün bağdakıları narahat edir, meyvələrə hopur, onların qoxusunu və dadını dəyişdirir, hətta ağacların məhsuldarlığına da ziyan vurur. Bu tonqalın bağa vurduğu ziyan ani deyil, uzun müddətlidir. Əgər tonqalı tez söndürməsələr, yaraşıqlı bağ-bağça axırda mütləq xarabalığa çevriləcək.

Please publish modules in offcanvas position.