Pravoslavlıqda və İslamda oruc

/ Cümə, 28 Fevral 2020 10:56
Pravoslavlıqda və İslamda oruc

Xristianlığın ilk dövrlərində oruc tutmaq kədərli, üzücü bir hal kimi deyil, mənəvi sevinc və rahatlıq kimi qəbul edilirdi. "Matfey İncili"ndə Həzrət İsa Peyğəmbərin (ə) belə buyurduğu rəvayət olunur: "Və oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğrusunu sizə deyirəm: Onlar mükafatlarını aldılar. Fəqət sən oruc tutduğun zaman, başına ətirli yağ sürt və üzünü yu. Ta ki, insanlara yox, gizli olan Atana (Allaha) oruclu görünəsən; gizlində görən Atan (Allah) sənə açıq-aşkar əvəz verəcəkdir" ("Matfey İncili", 6: 16-18).

İsa (ə) sevinclə yerinə yetirilən bu ibadəti orucluq zamanı qara geyimə bürünən və oruc tutduqlarını gözə soxmaq məqsədilə camaat arasında əzgin sifətlə gəzən farisyelərin (yəhudi ruhanilərinin) tutduqları oruca qarşı qoyur.

Pravoslav məzhəbində ilin günlərinin təqribən yarısını oruc günləri təşkil edir. Orucların bəzisi bir gün, bəzisi isə bir neçə gün tutulur. Bir neçə gün tutulan orucların sayı 4-dür:

Böyük oruc - Pasxadan 48 gün qabaq tutulur.

Milad orucu - Məsihin doğumundan 40 gün qabaq tutulur.

Pyotr orucu - apostollar Pyotr və Pavelin xatirəsi anılan 12 iyuldan 2-5 həftə qabaq tutulur.

Uspeniye orucu - bakirə Məryəmin vəfatına həsr olunur və Uspeniyedən 14 gün əvvəl tutulur.

Göstərilən bir neçə günlük oruclardan əlavə, demək olar ki, ilin bütün çərşənbə və cümə günləri, habelə, "Əhdi-cədid"də ("İncil") anılan bir neçə əlamətdar gün də oruc günlərindən sayılır.

Böyük oruc və Uspeniye orucu daha ciddi hesab edilir. Belə ki, bu orucun bütün günlərində (oruc müddətinə təsadüf edən böyük bayramlar istisna edilməklə) hətta Günəş batdıqdan sonra belə, canlı heyvan mənşəli qidaları, o cümlədən, süd məhsullarını qəbul etmək olmaz. Yalnız bitki mənşəli yeməklə qidalanmaq olar. O biri oruclarda, bir qayda olaraq, balıq yeməyə icazə verilir. Xəstələrin süd məhsulları yeməsinə də icazə vardır.

İlk zamanlarda xristian orucu yəhudi orucunu xatırladırdı. Bu, sutkanın işıqlı hissəsində yemək-içməkdən tam uzaqlaşmaq demək idi. Bu zaman səhrada 40 gün oruc tutmuş Musa Peyğəmbərin (ə) hərəkəti əsas götürülürdü. "Matfey İncili"ndə xəbər verilir ki, Həzrət İsa (ə) da səhrada 40 gün oruc tutubmuş.

Lakin getdikcə ilk xristian icmalarına qnostiklər (zərdüştiliyin son mərhələsi olan dualizm tərəfdarları) soxulmağa başladılar. Onlar hər bir maddiyyatı şərin daşıyıcısı sayır və ondan xilas olmağı təbliğ edirdilər. Beləcə, təqvimdə oruc gunlərinin sayı getdikcə artdı, ruhanilərin ailə həyatı sürmələrinə qadağan qoyuldu, rahiblik (kişilərin və qadınların ayrı-ayrılıqda, subaylıq andı içərək monastırda yaşamaları) ortaya çıxdı.

Xalq arasında ciddi oruc tutmaqla və ya daha hər hansı "zahidlik hünəri" ilə (məsələn, özünü dirəyə bağlayaraq bir il, hətta bir neçə il bu vəziyyətdə qalmaqla) öz nəfsini öldürən və cisminə əziyyət verən zahidlər ehtiram sahibi olmağa başladılar. Müqəddəsliyin bu cür nümunələrini isanlar ailəli şəxslərə də şamil edirdilər. Onların gözündə evlilik həyatı - imanın qəbul edilə bilən zəifliyi sayılırdı; bununla müqayisədə rahiblik - imanın yüksək nümunəsi idi. Məsələn, orta əsrlər Rusiyasında qanuni ər-arvadın gecə yatağa girməzdən əvvəl ikonaların üzünə pərdə çəkmələri (insanların "iman zəifliyi"ni görməsinlər deyə) dini adətə çevrilmişdi…

…Orucluğun mənasının dərk olunmasında da müsəlmanlıqda rast gəlinməyən yeni çalar - mitstika, əsrarəngizlik üzə çıxmağa başladı. Bu zaman insan mistik formada İsa Məsihlə (ə) "kilsənin daxilində qovuşmaq" üçün özünü ona bənzədirdi. Buna görə də insanların özünü məhdudlaşdırma səyləri qeyri-məhdud şəkil alırdı. Öz sağlamlığına birbaşa ziyan vurmaq cəhdlərinə "səma sakinlərinə" və keçmiş müqəddəslərə bənzəmək bəhanəsi ilə haqq qazandırılırdı. Orucluq məsələsində pravoslavlıqla İslam arasındakı əsas fərq də elə bundan ibarətdir.

Kilsənin qədim qanunlarına görə, Böyük oruc aşağıdakı qaydada tutulmalı idi (bu qaydalar formal olaraq kilsə tərəfindən hələ də ləğv edilməmişdir): günün işıqlı hissəsində heç nə yemək və içmək olmaz, Günəş batdıqdan sonra səhərə qədər keçən vaxt ərzində iki dəfə - axşam ibadətindən sonra və sübh ibadətindən əvvəl bişirilməyən (çiy və ya qurudulmuş) meyvə-tərəvəz (bitki mənşəli yağlardan istifadə etməmək şərtilə) yeməyə və çiy (qaynanmamış) su içməyə icazə verilir. Bundan əlavə, bir fincan təbii qırmızı şərab içməyə də icazə vardır. Şənbə və bazar günlərində isə bircə dəfə bişmiş, isti, bitki mənşəli yemək qəbul etmək olar (lakin yenə də bitki mənşəli yağlardan istifadə etməmək şərtilə).

Böyük orucluğun 48 günü ərzində yalnız bu günlərə təsadüf edən 3 bayramda bitki mənşəli yağda bişirilmiş balıq məhsulları yeməyə və gündə iki fincan şərab içməyə icazə verilir.

Əlbəttə, belə orucu yalnız monastırda - insanın işləmək, ailə saxlamaq, Vətənə xidmət etmək vəzifələrindən azad olduğu şəraitdə tutmaq mümkündür. Buna görə də adi həyatda tədricən orucluq qaydalarına yumşaqlıq gətirən düzəlişlər tətbiq edilməyə başlandı. Bununla da nümayiş etdirilən həyat tərzi ilə əslində yaşanan həyat tərzi arasında fərqlər meydana çıxdı.

Bu gün Böyük orucluq günlərində pravoslav kilsələrinin qapısından asılan ibadət ayinlərinin cədvəlinə nəzər salsaq, belə bir mənzərənin şahidi olarıq: "sübh ibadəti" adlanan ibadət axşam vaxtı - saat 17-18 arasında, "axşam ibadəti" adlanan ibadət isə səhər vaxtı - saat 7-8 arasında həyata keçirilir. Niyə?

Mənim təhsil aldığım Moskva Ruhani Seminariyasında müəllimlər bunun səbəbini bizə belə izah edirdilər: orucluq qaydalarında yeməyin vaxtı günün hissələrinə əsasən təsbit olunmayıb; yazılıb ki, axşam ibadətindən sonra yeməyə icazə verilir. Axşam ibadəti adətən, saat 17 radələrində başlayıb, təqribən saat 20-də (səmada ilk ulduz görünəndə) qurtarır.

Lakin işləyən adamın bütün gün ərzində ac qalması çox çətin oduğu üçün, axşam ibadəti saat 17-də deyil, səhər saat 8-də keçirilir və bundan sonra dindarlara yemək-içmək icazəsi verilir. Sübh ibadəti də öz növbəsində iki-üç saat davam etdiyinə və iki ibadət üst-üstə 5-6 saat vaxt çəkdiyinə görə, sübh ibadətini öz vaxtından əvvəl axşam keçirirlər.

Orucluğun forması da dəyişmişdir. İndi həm ruhanilər, həm də rahiblərin əksəriyyəti orucluq zamanı bitki mənşəli yağda bişirilmiş tərəvəz yeyirlər. Seminariyalarda təhsil alan gələcək ruhanilərə Böyük orucluq günlərinin ikinci yarısnda balıq da verilir. Həqiqətən, ağ göbələk şorbası, bundan sonra ağ balıq, üstündən də çərəz kimi meyvə yeyəndə oruc tutmaq bir o qədər də çətin olmur.

Pravoslavlıqda və İslamda orucQədim xristianlıqda olduğu kimi, günün işıqlı hissəsində yemək və içməyin qadağan olunduğu oruc - hal-hazırda pravoslav dünyasında yalnız ikicə gün vacib sayılır: Milad və Pasxa bayramlarından əvvəlki günlər. Miladdan əvvəlki günü "Milad axşamı" adlandırırlar.

Televiziya ekranlarında bir vaxtlar tez-tez göstərilən bir reklam yəqin ki, yadınızdadır. Rusiya imperatriçəsi İkinci Yekaterinanın bütün qonaqları süfrə arxasına toplaşıb yeməyə hazırlaşırlar, yalnız məşhur sərkərdə Suvorov yeməkdən imtina edir və səbəbini söyləyir: "Birinci ulduz görünməyincə yemək olmaz!". Buna cavab olaraq imperatriçə əmr verir: "Aleksandr Vasilyeviç Suvorovun ulduzunu gətirin!". Qiymətli daş-qaşla bəzənmiş ulduzu sərkərdənin yaxasına taxdıqdan sonra hamı iştaha ilə yeməyə başlayır…

…Beləliklə, deyilənlərdən aydın olur ki, orucluğun əsil və qədim siması İslam dinində qorunub-saxlanmışdır. Oruc - günün işıqlı hissəsində bütövlükdə yemək və içməkdən çəkinməkdir. Elə bu ciddilik imanın sadə bir prinsipinini qorunmasına şərait yaradır: filan əməl qadağandır, vəssalam! Əgər bu prinsipə yumşaqlıq və güzəşt gətirsək, belə çıxar ki, əgər öz nəfsinə hakim ola bilmirsənsə qadağanı poza bilərsən.

Bununla belə, pravoslavlıqda da həqiqi möminlər və əməlisaleh insanlar orucluğun sirrlərini dərk edə və mənəvi təkamül yolunda yüksələ bilərlər.

Please publish modules in offcanvas position.