Ruzi (Birinci hissə)

/ Cümə, 28 Fevral 2020 11:30
Ruzi (Birinci hissə)

İnsanın ən zəruri təbii ehtiyaclarından biri onun dolanışığının təmin edilməsi vasitəsi olan ruzidir. Insanların demək olar ki, çox az bir hissəsindən başqa hamısı öz qüvvəsinin və ömrünün çoxunu bu istiqamətdə sərf edir və ruzi qazanmağa çalışır. Lakin bu işdə heç də hamı istədiyi nəticəni əldə edə bilmir.

Bu istiqamətdə qazanılan uğurlar və uğursuzluqlar barədə müxtəlif fikirlər mövcuddur. Onları hərə bir cür yozur. Görəsən bu barədə İslamın görüşü nədir? Rizini insan özü səy və təlaşı ilə əldə edir, yoxsa ruzi birmənalı olaraq Allahın yaratdıqlarına bəxşişidir? Bu kimi suallar hamını düşündürən suallardandır.

İslamın ana mənbəyi olan Qurani-Kərimin müxtəlif ayələrində ruzinin mənbəyi və insanın bu işdəki rolu barədə müxtəlif aspektlərdən bəhs olunur. Quranin mübarək ayələrinə əsasən bütün canlıların ruzisi Allahın öhdəsindədir. Allah-Təala buyurur:

"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin" (Hud, 6).

Həmçinin digər bir ayədə buyurur:

"(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir" (Ənkəbut, 60).

Bəli, hamının, ən zəif canlılardan tutmuş ən böyük varlıqlara kimi bütün məxluqatın ruzisini Allah verir. Allahın ruzi verməsinin əlamətləri çoxdur, sadəcə onlara bir az diqqət etmək lazımdır. Uşaq ana bətnində olanda qidalanır. Amma haradan və necə? Görəsən ona bu ruzini kim verir? O, dünyaya gələn kimi ananın süd vəzilərinə süd gəlir və Allah onu ruzi ilə təmin edir. Bu iş heyvanlarda da belədir. Uşağın özünün həmin südü əldə etməsi qeyri-mümkün olduğu üçün ruzinin Yaradan tərəfindən əta olunduğunu daha yaxşı müşahidə etmək mümkündür. Amma o uşaq bir az böyüdükdən sonra bəzi hərəkətlər etmək qüdrətinə malik olduğu üçün elə bilir ki, əldə etdiyi ruzini özü qazanır. Halbuki körpəlikdə olduğu kimi, böyüyəndə də ona ruzini verən Allahdır. Sadəcə vasitələr fərqli olur. Körpə olanda ruzinin çatdırılma vasitəsi ana idi, böyüyəndən sonra hansısa peşə ilə məşğul olmaq.

Əlbəttə Allahın verdiyi ruzini əldə etmək üçün uşaq ananın döşlərini əmməlidir. Yəni, Allahın verdiyi ruziyə çatmaq üçün onun da müəyyən hərəkətləri olmalıdır. Bu məsələ eyni ilə böyük insanlarda da belədir. Allah ruzini müəyyən yerlərdə qoymuşdur. Insan onları əldə etmək üçün hərəkət etməli, səy göstərməlidir. Lakin unutmamalıdır ki, ruzinin əldə edilməsinin yeganə amili onun öz zəhməti və bacarığı deyildir. Çünki həmin zəhməti çoxları çəkir, amma hamı eyni nəticəni əldə edə bilmir. Digər təfərdən ondan daha zirəkləri ola bilər ki, nəinki heç nə əldə edə bilməz, hətta səfalət içində yaşayarlar. Deməli insan bir tərəfdən səy və təlaş göstərməli, digər tərəfdən isə bütün hallarda Allaha güvənməlidir, ruzini Ondan diləməlidir.

Bütün canlıların ruzisi Allahın əlində olduğu üçün Quran da insanlara ruzini Allahdan diləməyi tövsiyə edir:

"Ruzini Allahdan diləyin" (Ənkəbut, 17).

Quranın bu tövsiyəsinə əməl edərək insanlar öz ruzilərini Allahdan diləyirlər. Allah-Təala isə onu Özünün lazım bildiyi miqdarda nazil edir:

"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk" (Hicr, 20-21).

Bəli, göylərin və yerin xəzinələri Allahın ixtiyarında olmasına baxmayaraq Allah onu bütün varlıqlar arasında bərabər olaraq bölməmişdir. İnsanlar arasında ruzi fərqi vardir. Bu ruzi fərqi barədə Allah-Təala belə buyurur:

"Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?" (Nəhl, 71).

Bu, bir çoxlarında ruzi fərqi və Allahın bu işdəki hikməti barədə suallar yaratmışdır. Ruzilər arasındakı fərqin müxtəlif səbəbləri vardır. Bu fərqin əsas səbəblərindən biri insanların onu əldə etmək istedadları arasındakı fərqdir. Belə ki, ruzinin əsas səbəbkarı Allah olsa da, onu əldə etmək istiqamətində hər bir insanın səyi də tələb edilir. Insanlar bu səyi göstərməkdə, həmçinin bu işdəki istedadlarında bir-birindən fərqlidirlər. Əslində insanlar arasında istedad fərqinin olmasının özü ilahi nemetlərdəndir. Çünki əgər insanların hamısı bütün cəhətlərdən bərabər olsaydılar, yaşayış qeyri-mümkün olardı. Bir anlıq təsəvvür edin: hamı eyni bacarığa malikdir, eyni şeyi sevir, eyni şeyi əldə etmək istəyir, eyni cür geyinir, eyni cür həyat tərzi sürür və ... Belə bir cəmiyyətdə yaşamaq mümkün olmazdı. Çünki onda insan həyatının zəruri ehtiyaclarını təmin etmək qeyri-mümkün olardı. Belə ki, hamı, məsələn, həkim olmaq istəyər və bərabər istedada malik olduğu üçün buna nail olardı da. Amma heç kim əkinçiliklə məşğul olmağı sevməz və bu sahədə istedadı olmadığı üçün onu bacarmazdı. Həmçinin hamı, məsələn, şəhərdə yaşamağa üstünlük verər, hamı rahat həyat sürməyə can atardı. Eyni istedada malik olduğu üçün buna nail olub başqa istiqamətdə çalışmazdı. Beləcə, həyatın bir sahəsindən başqa bütün sahələri boş qalardı. Nə əkinçiliklə məşğul olan olardı, nə ticarətlə, nə elmlə və nə də digər işlərlə. Bu cəmiyyətdə nə yeməyə bir şey tapılardı, nə də geyinməyə. Hətta həyatın zəruri tələbləri olan bu cəhətlər hansısa yollarla təmin olsaydı belə, yenə belə bir cəmiyyətdə yaşamaq insan üçün olduqca cansıxıcı, hətta qeyri-mümkün olardı.

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, mövcud fərq özü-özlüyündə olduqca gözəldir. Sadəcə insanlar bu fərqlərdən Allahın buyurduğu qaydada yararlanmadıqda nəticəsi xoşagəlməz sonluqla bitir. Çünki Allahın hikmətlərə əsaslanaraq varlıqlar arasında yaratdığı bu fərq əslində bir-birini tamamlamalıdır. Qarşılıqlı şəkildə haqlara riayət olunmadıqda bu fərqlər gözəllik deyil, çirkinliklərə çevrilir. Əlbəttə bu fərqlərin bir sıra təbii, ictimai, siyasi və irsi kökləri də vardır. Amma hər halda, mövzudan çox uzaqlaşmamaq üçün çox dərinə getməyib məsələyə bu mustəvidən nəzər salanda görürük ki, Allah bu fərqləri doldurmaq uçun bir sıra qanunlar da qoymuş, insanların hamısının bir nəfər kimi digəri qarşısında məsuliyyət daşıdığını bəyan etmişdir. Əgər istedadı çox olan şəxs az istedadlıya kömək etsə, istedadı az olanın heç bir narahatçılığı olmaz. Əgər Allahın var-dövlət əta etdiyi şəxs Allahın muəyyən etdiyi qaydalar cəhrçivəsində yoxsula əl tutaraq yardım etsə, heç bir kasıb narahatçılıq keçirməz. Bu gun dunyada təqribən 850 milyon insan aclıqdan əziyyət çəkir. Əgər insanların hamısı Allahın xüms, zəkat, sədəqə və bu qəbildən olan digər göstərişlərinə əməl etsə, yer uzundə bir nəfər belə ac insan qalmaz. Demək, əslində fərqlərdən yaranan narahatlıqların köku mövcud fərqlər deyil, insanların bir-birini tamamlamasıdır. Qurani-Kərimdə "Allah sənə yaxşılıq etdiyi kimi sən də başqalarına yaxşılıq et" - deyə buyurulur (Qəsəs 77). Həmçinin tövsiyə edilir ki, hər bir insan Allahdan umduğu şeyi başqaları haqqında da həyata keçirməlidir. Bu, İslamda qanun şəklini almış bir qaydadır.

Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Əlinizin altında olanlar sizin qardaşlarınızdır. Geyindiklərinizdən onlara da geyindirin, yediklərinizdən onlara da yedizdirin." Əgər belə olsa, narahatlıq və məhrumiyyət olmaz, hətta imkansız və kasıb insanlar daha çox məmnunluq hiss edərlər.

(ardı var)

Please publish modules in offcanvas position.