Ruzi (İkinci hissə)

/ Cümə, 28 Fevral 2020 11:34
Ruzi (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/2934-ruzi-birindzi-hissae)

Əslində Allah-Təala insanların çoxuna özünə lazım olandan artıq ağıl, bacarıq və sərvət vermişdir. Bunun mənası Allahın Özünün digər bəndələrinə bu kimi şəxslərin vasitəsi ilə ruzi verməsidir. Allah bütün imkanları yaradıb və göstərişləri həyata keçirəcək ağıl da verib. Bundan əlavə insana ixtiyar və azadlıq da bəxş edib ki, bu işi könül xoşluğu ilə görsünlər. Çünki əgər hər hansı bir iş ixtiyar və azadlıqla edilməsə, onun dəyəri olmaz. Maraqlıdır ki, Allahın yaratdığı varlıqlar içərisində təkcə insan və cinlərdir ki, Onun əmrlərindən çıxırlar. Çünki Allah-taala onları ixtiyar sahibi etmiş, onlara belə bir sınaqdan keçmək imkanı vermişdir. Digər bütün varlıqlarda isə belə bir imkan yoxdur və onlar Allahın əmr etdiyini və xilqətlərində qoyduğunu müticəsinə yerinə yetirirlər. Bu səbəbdən də müxtəlif məsələlərdə tarazlıq digər bütün varlıqlardan çox insanlar arasında pozulur. Bunun səbəbi də qeyd etdiimiz kimi Allahın insanı ixtiyar sahibi etməsidir.

İstedadların fərqliliyinin kökü başqa bir cəhətdən yenə insanların ilahi qanunlara riayət etməmələri və onları Allahın nəzərdə tutduğu kimi sərf etməmələri ilə bağlıdır. Biz bəzən ilk baxışda hansısa bir uşağın məsələn şikəst və ya əqli cəhətdən zəif olduğu üçün kasıb halda yaşamasını görüb təəssüflənir və Allahın ədalətinə irad tuturuq ki, nə üçün onu belə yaratmışdır. Amma məsələyə bir az dərindən yanaşanda və diqqətlə araşdırma aparanda görürük ki, həmin uşağın bu vəziyyətə düşməsinin səbəbkarı onun valideynləridir. Uşaq ana bətnində olarkən valideynlərdən hansısa nəsə yeyib, yaxud elə bir iş görüb ki, onun bu cür olması ilə nəticələnib. Yəni hadisələrə bir az dərindən yanaşanda çox vaxt əsl günahkarı çox asanlıqla tapmaq mümkün olur. Odur ki, qiyamətdə Allahın məhkəməsi bizim dünyada öyrəşdiyimiz məhkəmələrdən fərqli olacaqdır. Məsələn, bir də görəcəksən ki, kiminsə oğurluğuna görə Allah-Təala onun ondan üç nəsil əvvəl yaşamış babasını mühakimə edəcək. Səbəb? Sən demə bunların dörd nəsil əvvəlki babasının çoxlu sərvəti var imiş və bu üçüncü baba əyyaşlıq edərək həmin sərvəti dağıdıb, nəticədə sonrakı nəsillərə bir şey çatmayıb və onlar yoxsulluq içində yaşayıblar və bu nəslin 150 il sonrakı nümayəndəsinin oğurluq etməsinə bu yoxsulluq səbəb olub.

Bu səbəbdən də İslamda insanların hər bir əmələ görə məsuliyyət daşıması çox vurğulanır. Yəni elə olmalıdır ki, bizim hansısa əməlimiz hətta bizdən neçə-neçə sonrakı nəslimizdə hansısa günahın baş verməsi ilə nəticələnməsin.

Qeyd edilməsi lazım olan digər bir məsələ budur ki, insanların arasında istedad fərqi olsa da bu fərq hər şeyin birinə verilməsi və birinin hər şeydən məhrum edilməsi qismindən deyil. Belə ki, bütün fiziki və ruhi istedadlar elə bölünüb ki, hər bir kəsdə digərinin məhrum olduğu şey var. Sadəcə insanlar adətən əlində olmayanı arzulayır, başqasının malik olduğunu daha mühüm hesab edirlər. Bədəni sağlam olan pulu çox olana həsəd aparır, pulu çox olan sağlama. Əslində isə hərədə bir istedad və nemət vardir. Birinin riyaziyyatda istedadı güclüdür, digərinin ədəbiyyatda. Birinin əkinçiliyə həvəsi var, birinin idmana, digərinin ticarətə və s. Əgər insanlar özlərində olan istedadları tanıyıb, onları üzə çıxarsalar, dünyanın təsviri gördüyümüzdən daha fərqli olar. Hələ nəzərə alsaq ki, bir çox hallarda mövcud istedadların üzə çıxmasına mane olan şey cəmiyyətlərdə mövcud olan bir sıra ədalətsizliklər və süni amillərdir, mövcud ruzi fərqlərinə görə Allahı deyil, həmin əngəlləri yaradanları qınayarıq.

Allahın insanların ruzisi arasında fərq qoymasının digər bir səbəbi odur ki, ruzinin bol olması bəzi insanların fəsad törətmələrınə səbəb olur. Allah-Təala buyurur:

"Əgər Allah ruzini genişləndirsə, yer üzündə fəsad törədərlər" (Şura, 27).

Digər bir ayədə buyurur:

"İnsan özünü ehtiyacsiz görən kimi azğınlaşır!" (Ələq, 6-7).

Doğrudan da dünyaya nəzər salanda bu mübarək kəlamı təsdiqləməkdən başqa çarəmiz qalmır. Əlbəttə bunun mənası insanın təlaşdan əl götürüb fəsada düçar olmamaq üçün evdə oturması deyil. Məqsəd bu deyil ki, əgər kasıbsansa, evdə otur və daha çalışma, çünki Allah belə istəyib. Əksinə, bəzən kasıblığın səbəbi Allahın istəyindən yox, insanın öz tənbəlliyi ucbatından olur. Amma əgər insan əlindən gələn qədər çalışır, amma nəticə əldə edə bilmirsə, deməli burada nəsə bir hikmət var. Odur ki, çalışmaqla yanaşı həm də Allahın təqdiri və hikməti ilə hesablaşmaq lazımdır.

İnsanın əlində olan sərvətə görə məğrurlaşması təkcə yaşadığımız dövrə aid deyil. Buna tarixdən də çoxsayli nümunələr tapmaq mümkündür. Çox maraqlı məsələlərdən biri də budur ki, tarix boyu Allahın peyğəmbərlərinə qarşı çıxanlar cəmiyyətin imkanlı təbəqəsi olmuşdur.

"Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!" - dedilər" (Səba, 34).

Hər halda Allah-Təala bizə Quranda məğrurlaşmış şəxslərdən nümunələr də göstərmişdir. Buyurur:

"(Qarun) dedi: "Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar" (Qəsəs, 78).

Allah-Təala digər bir ayədə var-dövlətin məğrurlaşdırdığı dəstələrin belə deməsini nəql edir:

"Bizim malımız, övladımız çoxdur, bizə əzab verilməyəcəkdir" (Səba, 35).

Allah-Təala Peyğəmbərə (s) onlara belə deməsinin əmr edir:

"Ruzini az-çox edən Allahdır, lakin insanların çoxu bunu bilmir" (Səba, 36).

Bəli, mal insanın bu qədər məğrurlaşmasına səbəb olur. Təbii ki, bu hamı barəsində deyil, əksəriyyət barəsində, xüsusilə Allaha imanı zəif və təqvası az olanlar barəsində özünü daha çox büruzə verir.

Allahın əta etdiyi nemet müqabilində nankorluq və üsyankarlığın nəticəsi isə bəladır:

"Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı" (Nəhl, 112).

Odur ki, bir çox hallarda insanların ruziləri arasındakı fərq Allahın bəndələrə olan rəhm və mərhəmətindən doğur. Hər halda nəzərə alsaq ki, Allahın peyğəmbərləri arasında bir-iki nəfərdən başqa heç kəs var-dövlət sahibi olmayıb, bu məsələnin hansı hikmətə əsaslandığını dərk edərik.

(ardı var)

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); lass="scrollup">