Dünyanın hər 5 sakinindən biri müsəlmandır

/ Bazar ertəsi, 02 Mart 2020 11:23
Dünyanın hər 5 sakinindən biri müsəlmandır

2007-ci ilin ortalarında dünya əhalisinin ümumi sayı təqribən 6 milyard 625 milyon nəfər olmuşdur. Xatırladırıq ki, 1950-ci ildə insanların sayı bundan 2,5 dəfə az idi. Bəşəriyyətin illik artımı 1,2 % təşkil edir. Bu o deməkdir ki, Yer kürəsində hər iki saniyədə orta hesabla 5 körpə doğulur. Hər həftə ərzində 1 miylon 500 min nəfərdən artıq qadın ana olur. Demoqrafik proqnozlara əsasən, Yer kürəsində 2025-ci ildə 7 milyard 965 milyon, 2050-ci ildə isə 9 milyard 294 milyon nəfər insan yaşayacaq.

Dünya əhalisinin böyük əksəriyyəti 3 dinin ardıcıllarından ibarətdir. Bu dinlər - xristianlıq, islam və hinduizmdir.

Dünya dinləri arasında, ardıcıllarının sayına görə birinci yeri xristianlıq tutur. Dünya əhalisinin 33 faizini xristianlar təşkil edir, yəni hər üç insandan biri xristiandır. Son məlumatlara görə, hazırda xristianların sayı 2,1 milyard nəfəri ötüb.

Xristianların yarısından çoxu katoliklərdən ibarətdir. Onlar əsasən, Almaniyanı çıxmaq şərti ilə Mərkəzi və Qərbi Avropada, eləcə də, Mərkəzi və Cənubi Amerika ölkələrində üstünluk təşkil edirlər. Katolik kilsəsinin ali rəhbəri Roma papası, dini paytaxtı isə Vatikandır.

Xristianların təqribən 10 faizi ortodoksal pravoslav kilsəsinin ardıcılı sayılır. Onlar Balkan yarımadasında və qismən də Şərqi Avropa ölkələrində daha genşi təmsil olunurlar. Pravoslav dünyası 15 regional kilsəyə bölünür ki, bunların 14-ü bütün pravoslavlar tərəfindən qanuni sayılır. Ən böyük pravoslav kilsələrinə Konstantinopol, Yerusəlim, İsgəndəriyyə, Antioxiya, Rus, Yunan və Polşa kilsələri aiddir. Pravoslavlıqda katolik dünyasındakı kimi vahid rəhbərliyə mütləq tabeçilik təbliğ olunmasa da, Konstantinopol patriarxlığı daha fəal liderlik mövqeyinə malikdir.

Xristianlığın daha bir qolu olan protestantlıq XVI-XVII əsrlərdə Avropada Roma papasının özbaşınalığına qarşı etiraz dalğası kimi yaranmışdır. Qısa müddət ərzində sürətlə inkişaf edən protestantlığın daxilində durmadan yeni cərəyanlar yaranır. Hal-hazırda bu təriqətin adventizm, baptizm, əllincilər kimi tarixən daha cavan qolları yükçək fəallıq nümayiş etdirirlər. Protestant missionerlər dünyanın əksər ölkələrində geniş təbliğat şəbəkəsi qurmuşlar. Dünyada protestantların sayı təqribən 800 milyon nəfərə yaxındır. Onların yayılma arealı əsasən Şimali Avropa, Avstraliya və qismən Şimali Amerikadır.

Protestantlığın ən iri qollarından olan anqlikan kilsəsi təqribən 80 milyon nəfəri əhatə edir, regional xarakter daşıyır, əsasən Böyük Britaniya ərazisində yayılmışdır. Bu kilsənin dini rəhbəri Kenterberi arxiyepiskopudur.

Hesabatlara görə, hər il təqribən 19 milyon nəfər insan xristianlığı qəbul edir, 16,5 milyon nəfər isə bu dini tərk edib başqa dinlərə keçir.

Dünya dinləri arasında ikinci yer İslama məxsusdur. Bəşəriyyətin təqribən 20 faizi, yəni hər 5 insandan biri müsəlmandır. İslam dini son 100 il ərzində görünməmiş sürətlə inkişaf edərək, ardıcıllarının sayını artırmaqdadır. Əgər 1900-cü ildə dünyada cəmi 200 milyon nəfər müsəlman yaşayırdısa, 1980-ci ildə onların sayı artıq 723 milyonu ötmüşdü. Hal-hazırda isə müsəlmanların sayı 1 milyard 300 min nəfərdən çoxdur. Onların əksər hissəsi Asiya qitəsində və Afrikanın şimalında məskunlaşmışlar. Belə ki, dünya müsəlmanlarının 70 faizi Asiyada, 26,7 faizi Afrikada yaşayır. Qərbi Avropa dölətlərində yaşayan əhalinin təqribən 4,3 faizi, Şərqi Avropa əhalisinin isə 10,6 faizi müsəlmandır. Bu o deməkdir ki, ümumilikdə Avropa ölkələrində 50 milyon nəfərdən artıq müsəlman yaşayır. Fransada əhalinin 9,72 faizi, Rusiyada 14,75 faizi, Almaniyada 4 faizi, Yunanıstanda 6,9 faizi, Belçika və Hollandiyada 6 faizdən çoxu, Böyük Britaniyada 3 faizə qədəri müsəlmanlardan ibarətdir. Müsəlmanların əksəriyyətini sünnilər təşkil edir, qalan 10 faiz əsasən, İran, İraq, Azərbaycan, Livan və Bəhreyndə məskunlaşmış şiələrdən ibarətdir.

Sahəsinə görə ən böyük müsəlman ölkəsi Sudandır. Bundan sonra Əlcəzair və Səudiyyə Ərəbistanı gəlir. Hindistan və Qazaxıstan kimi iri ölkələrdə xeyli müsəlman yaşasa da, onlar ölkə əhalisinin yarısından da azını təşkil edirlər.

Əhalisinin sayına görə birinci yerdə duran müsəlman ölkəsi isə İndoneziya sayılır. Burada 200 milyon nəfərdən artıq müsəlman yaşayır. İkinci yerdə duran Pakistanda müsəlmanların sayı 160 milyona yaxındır. Banqladeş isə 135 milyon müsəlmanın vətənidir.

Dünya əhalisinin 14 faizə qədərini hinduistlər təşkil edirlər. Bu din Hindistan və ona yaxın ərazilərdə daha geniş yayılıb.

Əsasən Çin, Monqolustan və Cənub-Şərqi Asiya dövlətlərində məskunlaşmış buddistlərin say çəkisi təqribən 6 faiz təşkil edir.

Dünya əhalisinin 0,2 faizə qədəri yəhudi dininin ardıcıllarından ibarətdir.

Çin və Afrika ərazisində yayılmış xırda lokal dinlərə xeyli insan inanır.

Nəhayət, insanların təqribən 15 faizi özünü heç bir dini təlimin ardıcılı hesab etmir. Əlbəttə, bu insanların hamısını ateist adlandırmaq olmaz. Onların çoxu özünəməxsus inanc sahibidir. Yalnız dünya əhalisinin 2,5 faizi - yəni təqribən 165 milyon insan qatı ateist əqidəsindədir.

Sonda bunu qeyd edək ki, dünya dinləri arasında ən intensiv artım məhz İslamda müşahidə edilir. Belə ki, hər il dünyanın müsəlman əhalisi təqribən 25 milyon nəfər artır. Müqayisə üçün deyək ki, bu rəqəm xristian dünyasında 20,7 milyona, hinduizmdə 13,8 milyona bərabərdir.

Please publish modules in offcanvas position.