İslam və sığorta (Üçüncü hissə)

/ Bazar ertəsi, 02 Mart 2020 11:34
İslam və sığorta (Üçüncü hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/2978-i-slam-vae-s-zhhorta-birindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/2979-i-slam-vae-s-zhhorta-i-kindzi-hissae)

Sığortanın əleyhinə səslənən iddialar

1-ci iddia. Sığortada qeyri-müəyyənliyin olması (qarar)

Bəzi alimlər sığortanı ona görə caiz görürlər ki, sığorta müqaviləsi bağlandığı zaman nəzərdə tutulan risqin (qəza, fəlakət və s.) həyata keçib keçməyəcəyi, həyata keçdiyi təqdirdə (zərərin miqyası əvvəlcədən bilinmədiyi üçün) nə qədər təzminat ödəniləcəyi məlum deyil və bu da özü-özlüyündə qeyri-müəyyənlik daşıyır.

Qarar - əqdin haqsız qazanca yol açacaq dərəcədə qeyri-müəyyənlik daşıması deməkdir. Hüquqi əməliyyatlarda və xüsusilə də hər iki tərəfi vəzifələrlə mükəlləf edən razılaşmalarda, əqdin mövzusu məlum və müəyyən olmalıdır. Quran və sünnədə, razılaşmalarda açıqlıq, dürüstlük və etibar prinsiplərinin vacibliyi dəfələrlə vurğulanmışdır.

Alış-verişlərdə qararı (qeyri-müəyyənliyi) qadağan edən hədislərdən (Buxari, Buyu, 75; Muslim, Buyu, 4) yola çıxan İslam hüquqçuları əqdlərdə kifayət qədər mübhəmlik və risk daşıyan, tərəflər arasında anlaşılmazlığa yol açan qararın qadağan olduğu mövzusunda fikir birliyinə gəlmişlər. Ancaq hansı dərəcədə qararın, nə cür əqdlərdə təsirli olduğu məsələsində ixtilaf etmişlər. Ümumi olaraq qararı önəm və dərəcələrinə görə əqdi qüvvədən salan, əqdi zəiflədən və qaçılmaz qarar şəklində üç tipə ayıra bilərik. Qaçılmaz qararın əqdə heç bir təsiri yoxdur. Bunun müqabilində, kifayət qədər mübhəmlik və risq daşıyan, ana bətnindəki körpə, qaçmış heyvanın satışı kimi əqdlər batildir. Qeyri-müəyyənlik və risq əgər əqdin mövzusunun vəsfi, miqdarı və vədəsi kimi ikinci dərəcəli xüsuslarda olub, daha sonra ortadan qaldırıla biləcək ölçüdədirsə, bu cür qarar əqdi zəifldir. Bu qeyri-müəyyənliklər ortadan qalxanda bu əqd səhih bir əqdə çevrilir.

Digər tərəfdən qarar şəxsən özü haram olduğu üçün deyil, mübahisə yaratdığına və insanların bir-birlərini aldadaraq haqsız qazanc əldə etməsinə imkan verdiyi üçün haram qılınmışdır. Sığorta məsələsinə bu kontekstdn yanaşdıqda, görürük ki, əslində sığortada mübahisəyə yol aça biləcək qeyri-müəyyənlik və məchulluq yoxdur. Çünki sığorta təfərrüatlı bir şəkildə hüquqla tənzimlənərək, çox dəqiq hesablamalarla işləməkdədir.

Sığortada ehtimal ünsürü yalnız sığortaçı üçün mövcuddur. Sığortaçı qəza baş verdikdə sığortalıya təzminat ödəyir, baş vermədikdə isə heç bir şey ödəmir. Bundan başqa, qeyd olunan ehtimal ancaq sığorta müqavilələri ayrı-ayrılıqda tək-tək ələ alındıqda mövcud olur. Sığortaçının bağladığı müqavilələrin hamısı birlikdə ələ alındıqda sığorta sistemi üçün əqdə mane olan bir qeyri-müəyyənliyin olmadığını görərik. Çünki bu sistem sığortaçı üçün də ehtimal ünsürünü ortadan qaldıran statistik bir prinsiplə işləyir.

Hz Ömər, İbn Məsud, İbn Abbas, İbn Ömər kimi böyük səhabələrin və hənəfilərin qəbul etdikləri "muvalat" əqdi sığortada mövcud olan qeyri-müəyyənliyin əqdin səhihliyinə mane olmadığını göstərməkdədir.

Bir növ yardımlaşma razılaşması olan muvalat əqdi miras qoymağa heç bir qohumu və yaxını olmayan bir nəfərin kənar bir şəxslə bağladığı razılaşmaya deyilir. Bu razılaşmaya əsasən, həmin kənar şəxs ehtiyac yarandıqda onun diyət borcunu ödəyir, bunun əvəzində isə ona varis təyin olunur. Bu əqdlə qohumu olmayan bir şəxs müsəlman cəmiyyətdə özünə yardımçı və arxa qazanmış olur. Belə bir muvalat əqdi bağlamış şəxs ölüb gedəndə heç bir varisi yoxdursa, miras həmin kənar adama çatır.

Diqqət etsək görərik ki, sığortada qeyri-müəyyənlik təktərəfli olduğu halda, muvalat əqdində ikitərəfli qeyri-müəyyənlik vardır. Belə ki, əqdin qurulması əsnasında kimsəsiz olan şəxsin qəza nəticəsində ölüb ölməyəcəyi bilinmədiyi kimi, nə qədər miras qoyacağı və başqa varis qoyub qoymayacağı da məlum deyil.

Digər tərəfdən, sığorta sistemi müasir dünyada ümumi iqtisadi həyatın digər sistemləri ilə müqayisədə ən böyük və ən etibarlı bir mexanizmlə işləyərək, hüquq tərəfindən tənzimlənir. Bundan sonra mübahisəyə yol açacaq hansısa qeyri-müəyyənlikdən danışmaq doğru deyil.

2-ci iddia. Sığortanın qumara yaxın olması

Sığortanı tənqid edən günümüz alimlərindən bəziləri belə bir müqavilə bağlanarkən sığorta olunan risqin baş verib-verməyəcəyi qeyri-müəyyən olduğu üçün, qumar anlamı daşıdığını irəli sürürlər.

Qumar, ortaya pul qoyaraq oynanılan bəxt oyunudur. Mahiyyət etibarilə, sığortanın qumara bənzədilməsi doğru deyil. Çünki sığorta razılaşmaları qumar və mərc kimi bəxtə bağlı razılaşma deyil. Qumar və mərcdə tərəflər şərtləşdikləri pulu itirmək ehtimalını əvvəlcədən qəbul edib, bir ehtiyacı təmin etmək yox, oyun vasitəsi ilə zəhmət çəkmədən varlanmaq məqsədi güdürlər. Sığorta razılaşmalarında isə sığorta etdirən şəxsin təsadüf nəticəsində varlanmasından söhbət getmir. Çünki sığorta şirkəti risq baş verdikdə öz üzərinə götürdüyü məbləği ödəyir. Bu zaman sadəcə sığortalının üzləşdiyi zərərin nəticələri ortadan qaldırılır və bu, sığortalının varlanmasına xidmət etmir. Qumarda heç bir formada yardımlaşma xüsusiyyəti və niyyəti yoxdur. Əksinə, qarşı tərəfi məğlub etmə və pulunu əlindən alma niyyəti vardır. Bu da dayanışma deyil, kin və nifrət doğurur. Sığorta sözləşmələrində isə sığortalanan risqin ortaya çıxması, qumar və mərcdə olduğu kimi tərəflərin arzuladığı hal deyil. Bundan başqa qumar və mərcdə itkinin qarşısının alına bilməsi ehtimalı olduğu halda, sığorta sözləşmələrində risqin qarşısının alınması mümkün deyil.

Qumarda tərəflərdən birinin o birindən aldığı məbləğin heç bir sərhəddi yoxdur. Qumarda insan bütün maddi və əxlaqi dəyərlərini itirə bilər. Sığortada isə müəyyən bir itki (risq) qarşılığında onun dəyəri ölçüsündə təzminat almaqdan söhbət gedir.

Ən əsası isə, qumarın haram olmasının birinci səbəbi, daha əvvəl də qeyd olunduğu kimi, əxlaqi və ictimaidir. Bu anlamda, ən böyük ictimai və əxlaqi dərdlərdən biri olan qumar ilə, fəaliyyət sahəsində insanın malına və canına zərər vurən qəzaların, fəlakətlərin zərərini və acısını azaltmaq üçün bir növ yardımlaşma olan sığorta sistemini bir-biri ilə müqayisə etmək düzgün deyil.

3-ci iddia. Sığortanın obyektinin mücərrəd olması

Sığorta sözləşməsində sığortalının ödədiyi sığorta haqqının qarşılığında təhlükəsizlik hissi kimi mücərrəd, subyektiv bir şeyin satıldığını bildirərək sığortanın caiz olmadığını da irəli sürənlər vardır. Bundan əlavə, o da iddia olunur ki, təhlükəsizlik, əmin-amanlıq hissi vermək xeyir bir əməl olduğu üçün bunun qarşılığında pul almaq düzgün deyil.

Əslində sığortada söhbət sığortalının ödədiyi sığorta haqqı ilə əldə etdiyi təminatdan gedir. Bu təminat isə risq baş verməmişdən əvvəl müqavilə bağlanaraq əldə edilir. Çünki sığortalıya təhlükəsizlik hissi verən bu təminat sayəsində, risqin baş verib verməməsinin onun üçün demək olar ki, heç bir fərqi qalmır. Belə ki, risq baş vermədikdə, mallarının, haqlarının və mənfəətlərinin zərər görməsindən söhbət getmir. Risq baş verdikdə isə alacağı təzminat sayəsində zərərini ortadan qaldıra bilir.

Təhlükəsizlik və əmin-amanlıq hissi verməyin bir xeyir əməl olduğunu söyləyərək satışının caiz olmadığını iddia etmək də tamamilə əsassızdır. Çünki, alimlərin böyük əksəriyyəti Quran tədrisi, imamlıq, müəzzinlik kimi sırf ibadət və xeyir əməllərdə belə qarşılıq (haqq) almağın caiz olduğunu qəbul edirlər.

4-cü iddia. Sığortada haqsız təzminatın olması

Sığorta mövzusunu araşdıran bəzi alimlər sığortada haqsız təzminatın mövcud olduğunu söyləyirlər. Onlara görə, sığortaçı bir əqdlə sığortalının zərərini ödəməyi öhdəsinə götürməklə, əslində mükəlləf olmadığı bir borcu öz üzərinə götürmüş olur. Məsələn, əmanət əqdində əmanət alanın səhvi olmadan əmanət qoyulan mal tələf olduqda, əqddə şərt qoyulmuş olsa belə, təzminat ödəmək lazım deyil.

Bu iddia da tamamilə əsassızdır və sığortada haqsız təzminatın olduğunu iddia etmək absurddur. Çünki sığortaçı ödəmələri bilərək, hesablayaraq və istəyərək etməkdədir. Qaldı ki, buna oxşar ödəmələr zəmanət, müvalat kimi caiz olan əqdlərdə də vardır. Hənəfi, Maliki və Hənbəli məzhəbinə görə məchul bir borca zamin durmaq caizdir və lazım gələndə zamin duran bu borcu ödəməlidir. Məsələn, daha əvvəldə də misal çəkdiyimiz kimi, bir nəfər o birinə "Bu yolla get, çünki təhlükəsiz yoldur, əgər başına bir iş gəlsə xərcini mən ödəyəcəyəm" desə və o da həmin yolla gedərkən soyulsa, təminatı verən şəxs zərərin bədəlini ödəməlidir.

İslam dinində qəbul edilən əqilə sistemi də, sığortanın haqsız təzminat olduğu iddiası ilə rədd edilməsinin düzgün olmadığını göstərir. Qəza ilə bir insanın ölümünə səbəb olan insanın ödəməli olduğu təzminat öz əqiləsi, yəni kişi tərəfindən qohumları və ya mənsubu olduğu hansısa bir qrup tərəfindən ödənilir. Əqilə sisteminin caiz olduğu məsələsində səhih hədislər vardır.

Malikilərin qəbul etdiyi borclu edən vəd də sığortaçının risqi öz öhdəsinə götürməsinin İslama zidd olmadığını göstərir. Belə ki, bu prinsipə əsasən, bir şəxs o birinə - əslində məcbur olmadığı halda - borc verəcəyini, yaxud da bir zərəri qarşılayacağını vəd etsə, bu vəd ilə borlu vəziyyətinə düşmüş olur. Məsələn, bir nəfər öz dostuna mehr məbləğini borc verəcəyini söyləsə, həmin şəxs də buna arxayın olaraq evlənsə, həmin söz o şəxsi borclu etmiş olar. İbn Rüşd bunu bu şəkildə izah etmişdir ki, bu, satışa bağlı olan bir vəddir. Vəd bir səbəbə bağlandığı zaman, səbəb gerçəkləşdikdə yerinə yetirilməlidir. Bu aspektdən yanaşsaq, sığorta əqdi sığortaçının, borclu edən vəd yoluyla baş verməsi ehtimal olunan bir zərəri, başqasının yerinə öz üzərinə götürməsi deməkdir.

5-ci iddia. Sığortada faiz ünsürünün olması

Sığortanın caiz olmadığını irəli sürən alimlərin bir çoxu sığortanın faiz ünsürü daşıdığını irəli sürürlər. Belə ki, sığorta olunan şəxs zərərlə qarşılaşdıqda ona ödənən təzminat onun aylıq olaraq ödədiyi sığorta haqqından artıq olur. Yox əgər, belə bir zərər baş verməsə və ya təzminat, ödənilən sığorta haqqından az olsa, o zaman da sığortaçının haqsız qazanc əldə etdiyi iddia olunur.

Halbuki, faizi digər əməliyyatlardan ayıran ən önəmli xüsusiyyət, mala əlavə olunan hissənin (faizin) ifadə olaraq əqddə şərt qoyulmuş olmasıdır. Məsələn, borcu qaytaran zaman bir hədiyyə verildikdə, bu artıqlıq şərt qoyulmadığı üçün faiz sayılmır.

Ümumiyyətlə, sığortada mütləq mənada faizin tərifində olan "şərt qoyulmuş qarşılıqsız artıq hissə" mövcud deyildir. Sığorta, sığorta haqqının qarşılığında təzminatın satışı deyil, əksinə təhlükəsizlik və təminat vermə qarşılığında sığorta haqqı almaqdır.

Sığortaçı sığorta haqqı aldığı halda heç bir qəza, fəlakət baş vermədikdə, bu pulun qarşılıqsız alındığı iddia etmək düzgün olmazdı. Çünki sığortaçının sığorta razılaşmasından doğan borcu sadəcə zərər dəydikdə təzminat ödəmək deyil. O, bununla bərabər, sığorta müddəti daxilində hər an baş verə biləcək zərər risqini də öz üzərində daşıyır. Beləliklə, sığortaçının zərər risqini öz üzərində daşımağının qarşılığını, sığortalının sığorta haqqı təşkil edir.

Digər tərəfdən sığorta sistemi sığortalının faiz hesabına daha çox qazanması məqsədini güdmür, əksinə zərərin ortadan qaldırılması prinsipi ilə işləyir. Qəza sığortalarında sığorta şirkəti sığortalının həqiqətən düçar olduğu zərəri, təhlükənin ortaya çıxması ilə sığorta etdirdiyi malda meydana gələn kəsiri aradan qaldırır. Bu səbəbdən sığorta şirkətinin ödədiyi təzminat miqdarı sığortalının məruz qaldığı zərərin dəyərini və sığorta sözləşməsində qeyd olunan sığorta məbləğini heç bir şəkildə aşmır. Beləliklə, sığortalının səbəbsiz yerə mal qazanmasına imkan verilmir.

6-cı iddia. Qəza-qədərə meydan oxuma

Sığorta əqdində, xüsusilə həyat sığortasında Allahın qüdrətinə meydan oxuma mənasının mövcud olduğunu irəli sürənlər də vardır. Halbuki, sığorta, sığortalanan zərərin baş verməyəcəyinə zəmanət vermir. Sadəcə, baş verəcəyi təqdirdə ortaya çıxacaq zərərləri aradan qaldırmaq və ya yüngülləşdirmək mənası güdür. Sığorta, bir insanın təkbaşına daşıya bilməyəcəyi bir zərəri digər sığortalıların iştirakıyla sığorta şirkətinin öz üzərinə götürməsi deməkdir.

NƏTİCƏ

Yekun olaraq qeyd edək ki, İslamın irəli sürdüyü təməl prinsiplərə zidd bir xüsus təşkil etməyən və əqdin din tərəfindən tələb olunan bütün ünsür və şərtlərini daşıyan hər bir əqd səhihdir. Bu etibarla, Hz Peyğəmbərin və müctəhid imamların dövründə məlum olmayan, son dövrlərdə ortaya çıxan sığorta da, həmin ünsür və şərtləri daşıdığı halda caizdir.

Yuxarıda sığortanın caiz olmadığını irəli sürən alimlərin iddiaları bir-bir nəzərdən keçirildi və bu iddiaların sığortanın caiz olmadığını isbat edə biləcək gücdə olmadığı ortaya çıxdı.

Digər tərəfdən ticari sığortaların hədəfinin yalnız qazanc olduğunu iddia edərək onları rədd etmək də doğru deyil. Belə bir iddia ilə ticari sığortaların caiz olmadığını söyləyən fiqh alimlərinin demək olar ki hamısı, sosial sığortaları və qarşılıqlı sığortaları caiz görərək onların hədəflərinin yardımlaşma olduğunu bildirirlər. Halbuki mahiyyət etibarilə sosial sığorta qurumları ilə özəl sığortalar arasında, hökm dəyişikliyinə səbəb ola biləcək böyük bir fərq yoxdur. Sosial sığortalarla özəl sığortalar arasında əsas fərq bundan ibarətdir ki, sosial sığortalar qanunla qurulmuş qurumlar tərəfindən edilir, məcburidir, onlar tərəfindən sığortalanmaq istəyən şəxslər müəyyən bir statusda olmadırlar, ödənəcək sığorta haqqı və bu sığorta ilə əldə ediləcək mənfəət hər sığortalının şəxsi vəziyyətinə görə tənzimlənir və sosial sığortaların irəli sürdüyü risqlər daha çox sosial sinifləri təhdid edir.

Sığorta, ortaya çıxan zərərin təkcə risqə məruz qalanın üzərinə düşməsinin əvəzinə, sığortalıların ödədikləri sığorta haqqlarından formalaşan təzminat yolu ilə bütün sığortalılar arasında bölüşdürülməsi və beləcə fəlakət və qəzaların zərərinin yüngülləşdirilməsi məqsədini güdən, qarşılıqlı razılaşma və yardımlaşmaya əsaslanan bir sistemdir. İslamın sosial və iqitisadi həyata dair bütün nizamlamalarının hədəfi, mütləq mənada qarşılıqlı yardımlaşma və zəmanət prinsipinə əsaslanan bir cəmiyyət meydana gətirməkdədir. Buna görə, sığorta İslam dinindəki bu uca hədəfə zidd deyil.

Başda ticarət olmaqla bir çox münasibətlərin qloballaşdığı müasir dünyamızda ticari sığortanın olmaması özü özlüyündə bir risq təşkil edir və müsəlmanların iqtisadi cəhətdən məğlubiyyəti ilə nəticələnir. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, sosial sığortalar, qarşılıqlı sığortalar və ticari sığortalar caizdir. Yalnız sübyekti din tərəfindən qadağan edilmiş olan sığortalar caiz sayılmaya bilər.

Please publish modules in offcanvas position.