Filippin müsəlmanları

/ Çərşənbə, 04 Mart 2020 10:32
Filippin müsəlmanları

Adətən müsəlman dünyası deyiləndə göz önünə Yaxın Şərq, ərəb ölkələri, qismən də Orta Şərqin müsəlman dövlətləri gəlir. Amma İslam dünyasının əsl sərhədləri daha geniş məkanı əhatə edir. Bu coğrafiyaya Mərkəzi Afrikadan Sakit okean adalarına qədər böyük məkan daxildir. Filippinlər, Tailand və daha bir neçə ölkələr var ki, orada müsəlmanların mövcudluğu haqda əksər müsəlmanlar son illərdə, daha çox daxili münaqişələrlə bağlı xəbər bloklarından eşidib. Belə ölkələrdən biri də Filipindir. Adalardan ibarət olan Filippində müsəlmanlar ikinci böyük dini icmanı (ölkə əhalisinin böyük əksəriyyətini katolik xristianlar təşkil edir, 80 faizdən çox) təşkil edirlər. Ancaq adada dəqiq statistika yoxdur. 80 milyon əhalisi olan Filippində müsəlmanların dəqiq sayı bilinmir.

Filippin Respublikası Sakit okeanda, Çin dənizinin şərqində böyüklü-kiçikli 7 mindən çox adadan ibarətdir. Adalar Luzon, Visaya və Mindanao adlanan 3 qrupa ayrılır. Yerli sakinlərin Asiyanın cənub şərqindən və İndoneziya adalarından köçüb gəldiyi ehtimal olunur, Malay irqinə mənsub Ayta və ya baluqa xalqı adlandırılırlar. Eyni zamanda Filippində çinlilər, ispanlar və hind əsilli xalqlar yaşayırlar. Filippində 8 dil qrupuna aid 75-ə yaxın dil və ya ləhcə mövcuddur.

Islamın Filippinə gəlişi

Digər Cənub-Şərqi Asiya ölkələri kimi, Filippinə də İslam dinini tacirlər və könüllü mübəlliğlər gətirib. Təxminən 9-10 cu əsrlərdə müsəlman tacirlər Çinə ticarət yolunda Filippin adalarında dayanırdılar. Tərsilə və ya silsilə adlandırılan şəcərə sənədlərində qeyd olunur ki, Tuan (Malayca ustad) Məsaika adlı ərəb taciri Jolo adasına gələrək burada yerli nüfuzlu ailələrdən birinin qızı ilə ailə qurur. Və bundan sonra ərazidə bir çox tayfalar İslam dini ilə tanış olub və müsəlmanlığı qəbul ediblər. Ancaq bu hadisənin nə zaman baş verdiyi şəcərə sənədində qeyd olunmur.

Filippində müsəlmanlığın tarixini bildirən ən qədim mənbə Jola adasında eyni adlı şəhərin yaxınlığında olan də Tuan (ustad) Makbalu adında əcnəbi müsəlmana aid olduğu güman olunan qəbir daşıdır. Qəbir daşının üzərindəki yazıda onun Hicri 710-cu ilə (miladi 1310-11-ci illər) adi olduğu qeyd olunur. Daha bir şəcərə sənədində Tuan Şərif Övliya deyilən Kərim əl-Mahdum adlı ərəb sufinin 1380-ci ildə Jolo adasına gəldiyi və burada yerli hakimlərin icazəsi ilə (bu onu göstərir ki, həmin vaxt ada hakimləri İslamla tanış idilər) Sulu adalarında İslamı təbliğ edib və Simunal adasında yerləşən Tubiq-İndiqan şəhərində bir məscid tikdirib.

Mənbələr 15-ci əsrdə İndoneziyanın Sumatra adasından gələn Raca Baquinda Əli adlı şahzadə Joloya gələrək yerli şahzadə ilə evlənərək burada qalıb və ətraf adalarda İslamı təbliğ edib. Ərazinin hakimi olan Raci Əlidən sonra onun varisi Şərif Əbu Bəkir əl-Haşim 145-ci ildə Filippində ən uzunömürlü hökumətlərdən olan Sulu sultanlığını qurur.

Hazırda əsasən müsəlmanlardan ibarət olan Mindanao adasına İslamın gəlişi təxminən eyni dönəmə təsadüf edir. 1515-ci ildə Mindanao adasında daha bir müsəlman dövləti Maquindanaonu yaradırlar. Sonrakı 2 əsrdə İslam adalarda təsir dairəsini daha da genişləndirir. Ancaq müstəmləkə işğalları dönəmində adaya gələn İspanlar burada İslamiyyətə və bütövlükdə yerli xalqa ağır zərbə vururlar.

Ispanların Filippin adalarına ilk gəlişi məşhur dəniz səyyahı Fernando Magellanın dünya səyahəti zamanı olur. Tarixi mənbələrdə qeyd olunur ki, 1521-ci ildə Magellanın xəstə dənizçilərinin bir qismi və özü yerli sakinləlrə qarşıdurmada öldürülür. Ancaq bu, ispanların və ümumilikdə müstəmləkəçiliyin Filippinə gəlişinə mane olmadı. 1542-ci ildə ispan dəniz səyyahı Ruy Lopez de Villalobos adalara gəlir və adanı o zaman İspan taxt-tacının vəliəhdi (gələcək kral) 2-ci Filipin şərəfinə Filippin adlandırır. Bu, həm də adaların işğalının başlanğıcı idi. Az vaxt ərzində ispan müstəmləkəçiləri ölkəni işğal edirlər və yerli əhali arasında zorla katolikləşdirilməsi başlanır. Sürəkli missioner təbliğatə və sərt inkivizisiya adalarda müsəlmanların azalmasına səbəb oldu. Müsəlman mövcudluğu, çoxlu sayda məscdilər dağıdıldı. Təxminən o zamanlarda adalardakı müsəlman əhali ispanların təbirincə Moro adlandırılmağa başladı. Qeyd edək ki, ispanca müsəlman anlamına gələn Moro ifadəsi Fəs və Əndəlüs müsəlmanlarına verilib. Moro, yəni müsəlman xalq hazırda Filippinin cənubunda 5 əsas (ümumilikdə hazırda Filippin Respublikasının 13 vilayətində müsəlman çoxluğu yaşayır) vilayətdə - Mindanao, Sulu, Palavan adalarından ibarət Tavi-Tavi, Sulu, Basilan, Maquindanao və Lanao del Sur - əhalinin əksəriyyəti müsəlmanlardan ibarətdir.

Müsəlmanların müstəmləkəçilər əleyhinə ilk etirazları ispan işğalı dövrünə təsadüf edir. Missioner fəaliyyətləri və müsəlman əhaliyə divan tutulması az keçmədən yerli müsəlmanların müstəmləkəçilərə (əvvəlcə ispanlar, daha sonra amerikanlara) qarşı 3 əsrlik "Moro müharibələri"nə səbəb oldu. Müharibə hələ də davam edir...

Ispaniya 1898-ci ilə baş verən Amerika-İspaniya müharibəsində uduzduqdan sonra Filippinlər Amerikanın müstəmləkəsinə çevrildi. Lakin bu, adada müsəlmanlara qarşı basqıları azaltmadı, əksinə ABŞ ordusunun "asayişi bərpa etmək, qaçaqmalçılıq, dəniz quldurluğu, qul ticarətinə qarşı mübarizə" adı altında həyata keçirilən əməliyyatlarda minlərlə müsəlman öldürüldü. 1906-cı ildə baş verən etiraz hərəkatı minlərlə müsəlmanın öldürülmsəilə yatırıldı. 1915-ci ildə Sulu adasının hakimi 2-ci Camal əl-Kiram hakimiyyəti altında olan əraziləri amerika müstəmləkəçilərinə təhvil verdi.

1946-cı il iyulun 4-də ABŞ Filippinə müstəqillik verdi. Müstəqil Filippin dövləti müsəlman xalqın həyatında ciddi dəyişikliyə səbəb olmadı. Əvvəlki illərdə olduğu kimi, zorla xristianlaşdırma, təhsil, yardım, işsizlik, təhlükəsizliklə bağlı müsəlmanlara ayrı-seçkiliklər davam edirdi. Tədricən müsəlmanların müqavimət təşkilatları meydana gəlməyə başladı. Ancaq baş qaldıran etiraz hərəkətləri amansızlıqla yatırılırdı. 1968-ci ildə Koregidor əyalətində müsəlman əsilli 30-a yaxın əsgər zabitlərə tabe olmamaları bəhanəsilə xristian zabitlər tərəfindən güllələndi. 3 il sonra, 1971-ci ildə bir məscidin içərisində olan 70 müsəlmanla birilikdə yandırılması müsəlman bölgələrində vəziyyəti gərginləşdirdi. Hökumət fövqəladə vəziyyət elan etdi. Qeyd edək ki, bu dövr Filippində Fernando Markesin çoxillik diktatura hakimiyyəti dönəminə təsadüf edirdi.

Filippində Islamçı müqavimət

1969-cu ildə Filippin müsəlman fəalları Moro Milli Azadlıq Cəbhəsini yaratdılar. Filippin Universitetinin müəllimi Nur Misauri təşkilatının sədri seçildi. MMAC rəhbərliyi altında müsəlmanlarla hökumət qüvvələri arasında çoxsaylı qarşıdurmalar yaşandı. Qeyd edək ki, İslam Konfransı Təşkilatı beynəlxalq səviyyədə Filippin müsəlmanlarını dəstəkləyirdi. Daxildə mübarizə və effektli beynəlxalq dəstək 1976-cı ildə Filippin hökuməti ilə Moro Cəbhəsi arasında ölkənin müsəlmanların sıx yaşadığı 13 vilayətini əhatə edən müsəlman muxtariyyatının yaradılması haqqında Tripoli razılaşmasının imzalanması ilə nəticələndi. Ancaq razılaşma reallaşmadı və iki il sonra hökumət muxtariyyata daxil olan vilayətlərin sayını 10-a endirməsi gərginliyi yenidən artırdı.

Ancaq 80-ci illərin əvvəllərində Filippində ciddi siyasi hadisələr baş verdi. 1983-cü ildə - ölkədə prezident seçkiləri ərəfəsində ölkə müxalifətinin lideri B.Akino Manila aeroportunda öldürüldü. Bu, F.Markosun uzun çoxillik hakimiyyətinin sonu oldu. Keçirilən növbədənkənar seçkilərdə öldürülmüş müxalifət liderinin arvadı Korosan Akino prezident seçildi. Yeni prezident bir sıra sahələrdə, o cümlədən müsəlmanlarla bağlı dövlətin siyasətində dəyişikliklər etdi. K.Akino İslam dini bayramlarınının rəsmi iş günü olmaması, dini təhsilə şərait yaradıldı, faizsiz İslam bankının qurulmasına icazə verildi. Eyni zamanda müsəlmanlar dövlət vəzifələrinə təyin olunmağa başladılar. 1981-ci ildə yaradılmış Müsəlman İşləri Nazirliyi daha da təkmilləşmiş formada fəaliyyətini davam etdirdi. Ancaq eyni zamanda hökumət Moro İslam Azadlıq Cəbhəsi ilə danışıqları bərpa etdi. Ancaq bir sıra anlaşılmazlıq səbəbindən 1986-cı ildə başladılmış və 1989, 1992-ci illrdə bərpa edilmiş danışıqlar yekun nəticəyə gəlməyə kömək etmədi.

Ölkədə 3 böyük islamçı partiya - İslahatlar Partiyası, Birləşmiş Müsəlmanlar Partiyası və Filippin İslam Partiyası - mövcuddur.

Ancaq Filippin məhkəməsi müsəlmanlara muxtariyyat verən razılaşmanı ləğv etməsindən sonra 2008-ci ilin avqustunda hökumət qoşunları ilə islamçılar arasında toqquşmalar yenidən alovnamışdı. Baş verən qarşıdurmalarda 600-dən artıq insan öldürüldü, 300 min insan isə qaçqın düşdü. O cümlədən 500-dən bir qədər çox Filipin əsgərinin öldürüldüyü bildirilir. Ötən həftə isə Filippin hökuməti birtərəfli qaydada atəşi dayandırdığını elan edib. Qeyd edək ki, təxminən 40 ildir davam edən mübarizədə 120 min insanın öldürüldüyü bildirilir. Atəşkəsə baxmayaraq, "Əbu Səyyaf" radikal qruplaşmasının əsgərləri ilə hökumət qoşunları arasında qarşıdurmalar davam edir. Digər müsəlman torpaqları kimi Filippində də yerli müsəlman xalqın mübarizəsi hələ uzun illər davam edəcək.

Please publish modules in offcanvas position.