Yeni ili qeyd edək ya etməyək?

/ Cümə, 30 Dekabr 2011 10:59
Yeni ili qeyd edək ya etməyək?

Yeni miladi il qapımızı döyür. İllərin qovşağında həmişə meydana çıxan bəzi problemlərlə bir daha qarşılaşırıq. Miladi yeni ilin ərəfəsində iqtisadi, sosial, siyasi sahələrdəki problemlərlə yanaşı, dini sahədə də aktual olan bir problem yenə gündəmdədir: Yeni miladi ilin gəlişini müsəlmanlar qeyd etməlidirlər ya yox? İslamda yeni il bayramını qeyd etməyə icazə verilir ya verilmir?

Əvvəla, belə bir tendensiyanı nəzərdən qaçırmamağı tövsiyə edirik. Yeni ilin gəlişini «atəşə tutan» əsas qüvvələrin mənsubiyyəti demək olar ki, ildən-ilə dəyişmir. Hər il yeni il bayramını «bidət», «küfr», «şirk» adlandıran, İslam düşmənlərinin ənənəsi kimi təqdim edən, sırf xristian bayramı sayan qüvvələr elə eyni canfəşanlıqla Novruz bayramına qarşı əks-kampaniya aparan qüvvələrdir. Həzrət İsa Peyğəmbərin (ə) doğum gününü qeyd etməyə qarşı çıxan bu qüvvələr eyni çalışqanlıqla Həzrət Mühəmməd Peyğəmbərin (s) də mövlud bayramını keçirməyin əleyhinə təbliğat aparırlar. Yeni ilə qarşı barışmaz mesajlarla çıxış edən şəxslərin böyük əksəriyyətinin üzündəki maskanın arxasında məhz yuxarıda işarə etdiyimiz cəbhənin mənsublarının simasını görürük.

İkincisi, bunu vurğulamağı özümüzə borc bilirik ki, heç kim yeni il bayramı keçirmək ənənəsinin Islamda təkidlə tövsiyə edildiyini iddia etmir. Bəli, məlumdur ki, İslamda iki böyük bayram var: Qurban bayramı və Fitr bayramı. Quranda bunlar barədə danışılır, Peyğəmbər sünnəsində bu bayramların fəziləti göstərilir. Buna heç kəsin şübhəsi olmasın. Amma zənnimizcə bu, heç kəsə əsas vermir ki, yeni il bayramını qeyd etməyi bidət, küfr və ya şirk saysın. Doğrudur, yeni il bayramının keçirilmə ənənəsinin tarixi Həzrət İsanın (ə) miladından üç əsr sonradan – 336-cı ildən başlayır. Doğrudur, Həzrət İsanın (ə) nəinki doğum günü, hətta doğum ili belə, dəqiq şəkildə məlum deyil. Üstəlik, islami mənbələrdə bu barədə hər hansı doğru-düzgün məlumat yox dərəcəsindədir. Amma əgər miladi təqvimdən istifadə günümüzün reallığıdırsa, biz və bizim kimi onlarla müsəlman milləti miladi təqvim əsasında yaşayırsa (və ya yaşamağa məcburdursa), bütün ictimai, iqtisadi, elmi və mədəni fəaliyyətimiz (dini ayinlərimizin icrasını çıxmaq şərti ilə) miladi təqvim üzərində qurulmuşsa, onda bu təqvim üzrə yeni ilin gəlişini qeyd etməyin nə günahı ola bilər ki? İnsan bir ili yola salıb o birini qarşılayır, illərin qovşağında arzu-istəklərini, dualarını dilə gətirir, növbəti ildə özünə və əzizlərinə xeyir-bərəkət, xoşbəxtlik arzulayır. Bu günahdırmı? Üstəlik, əgər yeni il bayramı xristianlar tərəfindən Həzrət İsa Məsihin (ə) doğum günü kimi qeyd edilirsə, bir müsəlman da bunu Məryəm oğlu İsanın (ə) dünyaya gəliş bayramı kimi qəbul edirsə, buna nə pis ad verə bilərik? Doğrudur, Həzrət İsanın (ə) doğum gününü qeyd etməyin vacibliyi barədə İslamda hər hansı göstəriş yoxdur. Amma məgər bunun haramlığı barədə hər hansı qadağan varmı?

Burada bir haşiyə çıxaq: Hər bir əməldə olduğu kimi, yeni ili qeyd edərkən də bəzi hallara yol versək, harama düşmüş olarıq. Məsələn, saysız-hesabsız çeşiddə diqqətimizə və pul kisəmizə təqdim edilən fişəngləri topa-topa alıb bir an içərisində havaya püskürtmək, özü də bu zaman dəhşətli partlayış sədası ilə bayram əhval-ruhiyyəsini pozmaq, ətrafdakıların rahatlığına mane olmaq, əsəbləri qıcıqlandırmaq, israf həddinə çatacaq səviyyədə rəngarəng bayram süfrəsi açmaq və bu zaman qonşumuzun ac yatdığının fərqinə varmamaq, yeni ilin gəlişini şampan şərabı süzülmüş qədəhlə qarşılamaq və Allahın haram buyurduğu bir içkini içərək həyasızlıqla «yeni ilimiz mübarək olsun» söyləmək... Haram olan bax bunlardır!

Nəhayət, üçüncüsü, bəlkə yeni ili keçirənləri müşrik, kafir, xristianlara satılmış adlandırmaqdansa, bunun günahını özümüzdə axtaraq? Məgər İslamda təkid edilən Qurban və Fitr bayramlarını lazımi təntənə ilə qeyd edirikmi? Özümüzə sual verək: bu bayramların geniş miqyasda keçirilməsi, ən azından, özümüzün, ailə üzvlərimizin ürəkdən sevinməsi, bayram əhval-ruhiyyəsində olması üçün nə edirik? Yeni il bayramı bir çoxlarının haqlı olaraq düşündüyü kimi, hər şeydən öncə, uşaqların bayramdır. Şaxta baba, Qar qız, al-əlvan bəzənmiş şam ağacı, Şaxta babanın hədiyyələrlə dolu torbası… Bütün bunların böyük adam üçün nə əhəmiyyəti var? Əgər uşaqlarımız onsuz da bağlaya bilmədiyimiz kanallar vasitəsilə yeni il bayramında Şaxta babanın gələcəyi və onlara hədiyyə gətirəcəyi barədə əfsanəni eşidib inanırlarsa, evimizdə qurmasaq belə, küçədə ya qonşuda bəzənmiş şam ağacını görəndə sevinirlərsə, bu sevinci və bu uşaq fantaziyasını onlardan almağa haqqımız varmı? Uşağı bütün bu sevinclərdən məhrum etməyə ixtiyarımız çatırmı? Buna o zaman ixtiyarımız çatar ki, keçirilməsi dində vacib olan bayramlarda Şaxta baba, Qar qız, şam ağacı kimi elementləri əvəz edən və onlar qədər rəngarəng, yaddaqalan, xoşagələn (uşaqlar üçün) başqa elementlər yaradaq. Uşaqların əlindən yeni il bayramını almazdan əvvəl onlara bunun qədər sevilməyə layiq olan başqa bir bayram modeli təqdim edək. O halda yəqin ki, körpələr özləri könüllü surətdə yeni ili gözləməkdən imtina edəcək, evdə şam ağacı qurmağı bizdən israrla tələb etməyəcək, Şaxta babanı görmək həvəsi ilə alışıb-yanmayacaqlar. Ramazan, Fitr, Novruz kimi əzəmətli və halal bayramlarda özümüzü də, ailə üzvlərimizi də elə sevindirməliyik ki, bu sevinc yeni il sevincini hamımıza unutdursun. Əgər məişətimizdən və ən əsası, uşaqlarımızın zehnindən yeni il bayramını silib əvəzində onlara başqa bir variant təqdim etməsək, bu addımın uğurlu olacağını gözləməyimiz yersiz olar.

Please publish modules in offcanvas position.