Mədrəsələr yalnız “mollaxana”dırlarmı?

/ Çərşənbə axşamı, 10 Mart 2020 11:30
Mədrəsələr yalnız “mollaxana”dırlarmı?

Mədrəsə sözünün ərəb dilindən tərcüməsi «dərs oxunan yer» deməkdir. Müsəlman dünyasında təhsil ocaqlarına verilən ümumi addır.

Bu gün, təəssüf ki, yalnız “mollaxana” kimi anlaşılan mədrəsələr, vaxtilə bütün dünya üçün elmi mərkəzlər rolunu oynayıblar.

İslam dininin elm və biliyə verdiyi müstəsna qiymət sayəsində ilk dövrlərdən etibarən müsəlman torpaqlarında təhsil müəssisələri fəaliyyət göstərmişdir. Hələ Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında Mədinədəki Peyğəmbər Məscidi dini biliklərin öyrədilmə mərkəzi kimi fəaliyyət göstərirdi. Burada savadlı səhabələr Qurani-kərim və şəriət hökmləri barədə Peyğəmbərdən əxz etdikləri biliyi başqalarına öyrədirdilər. Xüsusilə, Mədinə məscidindəki «süffə» adlı məkan yüzlərlə şəxsin əxlaq, mənəviyyat və mərifət məktəbi idi.

Sonrakı dövrlərdə xilafətin hər bölgəsində irili-xırdalı mədrəsələr açılmağa başladı. Bu mədrəsələrdə bir qayda olaraq, dini elmlər daha geniş tədris edilirdi. Mədrəsələrin çoxu müstəqil şəkildə deyil, kitabxanaların, tərcümə mərkəzlərinin, məscidlərin nəzdində fəaliyyət göstərirdi. IX əsrin əvvəllərində Abbasi xəlifəsi Məmunun əmri ilə Bağdadda təşkil edilmiş «Beytül-hikmə» mərkəzində (buranı sözün həqiqi mənasında akademiya adlandırmaq olardı) ayrı-ayrı alimlər dərs keçirdilər. IX əsrdə Xorasan və Orta Asiya ərazisində onlarla mədrəsə mövcud idi. Buxara, Nişabur, Qəznə və başqa şəhərlərdə 30-dan artıq iri mədrəsə fəaliyyət göstərirdi. Əksər mədrəsələrin fəaliyyəti vəqf sistemi üzərində qurulmuşdu.

1998-ci ildə çap olunmuş «Ginnesin reskordlar kitabı»nda yazılanlara əsasən, dünyada davamlı fəaliyyət göstərən ilk ali təhsil ocağı 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis edilmiş Qərəviyyin mədrəsəsi sayılır. Burada ilahiyyat elmləri ilə yanaşı, ərəb dili qrammatikası, məntiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və musiqi də tədris edilirdi. Müqayisə üçün deyək ki, avropalılar müsəlmanlardan 240 il sonra – 1088-ci ildə özlərinin ilk dünyəvi təhsil ocağını – Bolonya Universitetini təsis etdilər. Qərb dünyasının fəxr etdiyi Oksford, Kembric və Sarbonna universitetlərinin yaranma tarixi isə bundan da sonralara – XII-XIII əsrlərə gedib-çıxır.

Orta əsrlərdə müsəlman Şərqinin ən mütəşəkkil və universal təhsil ocağı 1064-1066-cı illərdə Səlcuq sultanlarının vəziri, böyük alim Xacə Nizamül-mülkün təşəbbüsü ilə Bağdadda təşkil edilmiş Nizamiyyə mədrəsəsi sayılır. O dövrün imkanları baxımından ən yüksək səviyyəli təhsil şəraiti, ən savadlı müəllim kadrları və ən mütərəqqi təhsil proqramı ilə təchiz edilmiş Nizamiyyə mədrəsəsinə müxtəlif zamanlarda İmam Qəzzali, Əbu İshaq Şirazi kimi ünlü alimlər rəhbərlik etmişlər. Nizamiyyə mədrəsələrində tək müsəlmanlar deyil, Avropadan gəlmiş onlarla tələbə də təhsil alırdı. Həmin dövrdə, hətta qədim Yunan və Roma fəlsəfəsi də ərəb dilinə tərcümə olunaraq burada tədris olunurdu. Halbuki Avropanın özündə bunları tədris edəcək nə elmi müəssisə, nə də müəllim tapmaq, demək olar, mümkün deyildi. Sonradan Avropalılar həmin qədim Ellin fəlsəfəsini məhz İslam mədrəsələrindəki kitablardan yenidən əxz etdilər. Nizamiyyə mədrəsəsinin Bəlx, Nişabur, Herat, İsfahan, Bəsrə, Mərv, Mosul kimi iri şəhərlərdə filialları fəaliyyət göstərirdi.

Sonrakı dövrlərdə Bağdadda xəlifə Müstənsirin təşkil etdiyi Müstənsiriyyə mədrəsəsi, Qahirədə Sultan Səlahəddinin vəziri tərəfindən himayə edilən Faziliyyə mədrəsəsi, Nəcəf şəhərində fəaliyyət göstərən və şiə dünyasında ən yüksək nüfuza malik olan dini elmlər mərkəzi, eləcə də, Qahirədəki möhtəşəm əl-Əzhər universiteti Şərqin klassik təhsil ənənələrini uğurla davam etdirirdi.

XVI-XVII əsrlərdə İstanbul, İsfahan və Nəcəf şəhərlərində klassik dini təhsil istiqamətində fəaliyyət göstərən yüzlərlə mədrəsə mövcud idi. Bu mədrəsələrdə səviyyədən asılı olaraq ibtidai dini təhsillə yanaşı, ən yüksək dərəcəli dərslər də tədris edilirdi. Mədrəsələrin bir çoxu dövlət tərəfindən himayə olunurdu, bir hissəsi də vəqf və dini vergilər (xüms və zəkat) hesabına öz fəaliyyətini davam etdirirdi.

XVIII əsrdən etibarən ümumdünya siyasət səhnəsində İslam öz üstün mövqeyini itirməyə başladı. Bu, mədrəsələrin fəaliyyətinə də öz mənfi təsirini göstərdi. Şərqdə elmi araşdırmaların zəifləməsi, Qərbin inkişaf etmiş texnologiyaları qarşısında məğlubiyyət təhsil sistemində durğunluq yaratdı. Xüsusilə, XIX əsrdə bir çox müsəlman dövlətlərində Qərb təhsil sisteminə keçidlə əlaqədar mədrəsələr əvvəlki əhəmiyyəti əldən verməyə başladı. Artıq mədrəsələr azyaşlı uşaqlara Quran oxumağı öyrətməklə öz vəzifələrini bitmiş hesab edirdi.

Hal-hazırda müsəlman ölkələrində çoxlu mədrəsə fəaliyyət göstərməkdədir. Dövlət nəzarəti altında işləyən bu mədrəsələrin əksəriyyətində tələbələrə ibtidai dini savad verilir. Buranı bitirənlər gələcəkdə daha yüksək səviyyəli dini tədris ocaqlarında öz təhsillərini davam etdirirlər.

Please publish modules in offcanvas position.