Bəhlul Danəndə tarixi şəxsiyyətdir?

/ Çərşənbə axşamı, 10 Mart 2020 11:59
Bəhlul Danəndə tarixi şəxsiyyətdir?

Müsəlman Şərq xalqlarının şifahi ədəbiyyatında Molla Nəsrəddinlə yanaşı çox məşhur obrazlardan biri də Bəhlul sayılır. Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu “danəndə” (bilici) və “divanə” (ağlını itirmiş) ləqəbi ilə tanıyırlar. Amma bəlkə də çoxları bilmir ki, Bəhlul həm də konkret tarixi şəxsiyyətdir.

Bəhlulun adını mənbələrdə adətən Bühlul şəklində qeyd etmişlər. Bu adın mənası ərəb dilindən tərcümədə “çox gülən adam” və ya “müsbət xüsusiyyətlərin sahibi olan başçı” mənalarını verir. Bəhlulun künyəsi Əbu Vüheyb, atasının adı Əmr (və ya Ömər) imiş. Hicri II əsrdə (miladi VIII əsr) İraqda yaşamış, Abbasi xəlifəsi Harun ər-Rəşidlə müasir olmuşdur. Bəzi kitablarda onu Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edirlər ki, bu məlumatın doğruluğu şübhə altındadır. Çünki bu halda Bəhlulu Haşimi və ya Abbasi nəsəbi ilə xatırlayardılar; halbuki onun nəsəbi Seyrəfi və ya Sufi imiş. Üstəlik, Harunun qardaşları və ya əmiləri arasında Əmr (və ya Ömər) adlı birisinə rast gəlmirik.

Bəhlulun təvəllüd tarixi məlum deyil. Kufədə doğulub boya-başa çatdığı, sonra Bağdada köçüb burada yaşadığı və hicri 190-cı (miladi 806-cı) ildə dünyasını dəyişdiyi yazılıb. İmam Cəfər Sadiqdən (ə) və İmam Musa Kazimdən (ə) dərs almış, onların tərəfdarlarından olmuşdur. Müxtəlif mənbələrdə Bəhlulun xeyli hikmətli kəlamları, şeirləri, alimlərlə elmi mübahisələri qeyd edilib. Amma onu tarixdə məşhur edən məzəli və ibrətamiz lətifələrdir.

Bəhlul öz zəmanəsinin ən böyük alimlərindən idi, xalq arasında hörməti vardı. Abbasi xəlifəsi Harun ər-Rəşid onu Bağdad şəhərinin baş qazisi təyin etmək istəyirdi. Amma Bəhlul zalım xəlifənin əyanları cərgəsinə qoşulmağı qəbul etmək fikrində deyildi. O, anlayırdı ki, əgər qazilik təklifini qəbul etsə, hökumətin diqtəsi ilə hərəkət etməli, ədaləti pozmalı, hökm verərkən saraydan gələn sifarişləri nəzərə almalı olacaq. Ona görə də Bəhlul qazilik təklifini rədd etdi. Harun ər-Rəşid bununla razılaşmayanda Bəhlul söylədi: “Mən özümü bu vəzifəyə layiq görmürəm. Burada iki ehtimal mümkündür. Ya mən həqiqətən doğru deyirəm və bu halda doğrudan da qaziliyi qəbul etməməliyəm. Ya da da mən yalan danışıram və bu halda yalançı olduğum üçün qaziliyə ləyaqətim yoxdur”.

Harun Bəhlulun sözləri ilə razılaşmadı, hətta onu ölümlə təhdid edib, əmrinə tabe olmasını istədi. Onda Bəhlul fikirləşmək üçün xəlifədən bir gün möhlət aldı. Həmin gün İmam Musa Kazimə (ə) xəbər göndərib, Ondan məsləhət umdu. İmam Bəhlula məsləhət gördü ki, sənin özünü dəliliyə vurmaqdan başqa çarən yoxdur.

Ertəsi gün xəlifəyə xəbər gətirirlər ki, Bəhlul Bağdad bazarında qarğı at minib sürür, dəlilərə xas olan sözlər danışır. Harun ər-Rəşid Bəhlulun bu hərəkətinin səbəbini anlasa da, heç nə edə bilmir və ondan əlini üzməli olur.

Beləliklə, Bəhlul həm xəlifənin təklifindən canını qurtarır, həm də öz haqq sözlərini qorxusuz söyləmək imkanı qazanır. Artıq hamı onu dəli kimi qəbul edirdi. Islam şəriətinə görə isə, ağlını itirmiş adam hətta günah etsə belə, ona cəza verilməz.

Bəzi kitablarda yazılıb ki, Harun zindanda olan İmam Musa Kazimi (ə) şəhadətə çatdırmaq üçün böyük fəqihlərdən fətva tələb edir. Bəhlul isə bu fətvaya imza atmamaq üçün özünü dəliliyə vurmaqdın başqa çıxış yolu görmür. Qeyd edək ki, Əhli-beyt tərəfdarlarının xilas olmaq naminə özlərini ağılsız kimi göstərmələri halları bundan əvvəl də mövcud olmuşdur. Vaxtilə İmam Mühəmməd Baqirin (ə) səhabəsi Cabir ibn Yezid Cüfi Əməvilərin əleyhinə Kufədə təbliğat aparır, Əhli-beytin fəzilətlərini xalq arasında yayırdı. Bu üzdən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlik Cabiri öldürmək qərarına gəlir. Amma İmam Baqir (ə) Cabirə vaxtında xəbər yollayıb tapşırır ki, özünü ağlı çaşmış kimi göstərsin. Bu yolla Cabir xəlifənin cəzasından nicat tapır. Bir müddətdən sonra təhlükə ötüşür və Cabir yenə özünü əvvəlki kimi aparmaqda davam edir. Bəhlul isə daha ciddi nəzarət altında olduğu üçün ömrünün sonuna kimi özünü məcnun (ağlını itirmiş) kimi göstərməyə məcbur olur.

Qeyd etdiyimiz kimi mənbələrdə Bəhlulun əks mövqedə duran alimlərlə bir neçə elmi mübahisəsi təsvir edilib ki, bu mübahisələrin hamısı Bəhlulun parlaq qələbəsi ilə başa çatıb. Bunlardan birini diqqətinizə təqdim edirik.

Bir gün Bəhlul eşidir ki, bir nəfər özünü alim sayan şəxs İmam Cəfər Sadiqin (ə) təbliğ etdiyi və əqidə əsaslarına aid olan üç fikri düzgün saymır və bunları qəbul etmədiyini söyləyir: “Birincisi, Cəfər Sadiq deyir ki, İblis cin tayfasından imiş, cinlər isə alovdan yaranıblar. Elə isə qiyamətdə Allah onu cəhənnəm alovu ilə necə yandıracaq? Axı, alov alovu yandırmaz. İkincisi, Cəfər Sadiq deyir ki, Allah gözlə görünməz. Gözlə görünməyən bir şeyin varlığına necə inanaq? Üçüncüsü, Cəfər Sadiq deyir ki, hər kəs öz əməlinə cavabdehdir. Əgər dünyada hər şeyin xaliqi Allahdırsa, deməli, hər bir günahın və savabın da səbəbkarı Allahdır. Elə isə cənnət və cəhənnəm nə üçündür?”

Bəhlul bir ağac budağı götürüb həmin alimlə görüşməyə gedir. Üz-üzə gələndə budağı alimin başına vurur. Qəzəblənmiş alim Bəhlulu məhkəməyə verəcəyi ilə hədələyir. Bəhlul Danəndə isə heç nə olmamış kimi söyləyir: “Mən sənə neyləmişəm ki? Əvvəla, mən sənin başına budaqla vursam belə, sənə ziyan dəyə bilməz. Çünki sən də torpaqdan yaradılmısan, ağac da. Necə ola bilər ki, torpaqdan yaranan bir şey torpaqdan yaranan başqa bir şeyi incitsin? İkincisi, mənə başındakı ağrını göstər ki, sözünə inanım. Axı, gözlə görünməyən bir şeyə inanmazlar. Nəhayət, üçüncüsü, mən səni vursam belə, özümü təqsirkar saymıram. Çünki yaxşını da, pisi də edən Allahdır. Elə isə mənim nə günahım var?” Əks tərəf Bəhlulun sözləri qarşısında cavab verməyib susur.

Please publish modules in offcanvas position.