Ricət – İlahi ədalətin kiçik təntənəsi

/ Çərşənbə axşamı, 10 Mart 2020 12:01
Ricət – İlahi ədalətin kiçik təntənəsi

Ərəb dilindən “ricət” sözünün tərcüməsi “qayıdış” deməkdir. Əsasən, cəfəri məzhəbinə aid kitablarda bu mövzu daha geniş işıqlandırılır. Bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıdacaqlar.

Müqəddəslər vaxtilə öz düşmənlərindən çəkdikləri zülm və əziyyətlərin intiqamını onlardan alacaqlar. Məsələn, İmam Hüseynlə (ə) Yezid və onun əlaltıları ricət hadisəsinin əsas fiqurlarından sayılır. Həzrət Hüseyn (ə) öz qatillərini məhv edəcək. Buna görə də ricət – qiyamətdən əvvəl ilahi ədalətin kiçik miqyasda təntənəsi kimi qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar.

Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir. Məsələn, belə ayələrin birində buyurulur: “O gün hər ümmətdən ayələrimizi danan bir dəstəni toplayarıq” (Nəml, 83). Ayədəki “bir dəstə” sözü bunu göstərir ki, burada qiyamətdən yox, başqa bir toplanışdan söhbət gedir. Çünki qiyamət haqqındakı ayədə buyurulur: “Onları bir araya toplayarıq, onlardan bircə nəfəri də kənarda qoymarıq” (Kəhf, 47). Ricətin doğruluğuna sübut kimi gətirilən başqa ayələrdə bir qayda olaraq, onların simvolik izahı (təvil) əsas götürülür.

Dolayı yolla ricətin mümkünlüyünü təsdiq edən sübutlardan biri də budur ki, Qurani-kərimdə keçmiş ümmətlərin tarixindən danışılarkən, bəzi hallarda məhdud bir dəstənin öləndən sonra yenidən dirildiyinə işarə edilib. Məsələn, Hezqil Peyğəmbərin (ə) zamanında bütöv bir şəhərin həlak olub yenidən dirilməsi (Bəqərə, 243), Üzeyir Peyğəmbərin (ə) 100 il ölü halda qaldıqdan sonra cana gəlməsi (Bəqərə, 259), Musa Peyğəmbərin (ə) ümmətindən bir dəstənin Allahı gözlə görmək tələbindən sonra öldürülüb, yenidən həyata qayıtması (Bəqərə, 55-56) və s. Bu kimi hallar keçmişdə baş veribsə, gələcəkdə də buna oxşar hadisələrin olması mümkündür.

Ricət barədə hədislər cəfəri məzhəbində o qədər çoxdur ki, hətta bəzi alimlər bu məsələdə bütün şiə üləmasının icma etdiyini əldə əsas tutaraq, ricəti şiə məzhəbinin əqidə əsaslarından biri kimi təqdim etmişlər.

Please publish modules in offcanvas position.