Bu dördləri yadda saxlayın

/ Çərşənbə axşamı, 10 Mart 2020 12:10
Bu dördləri yadda saxlayın

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.

Soruşdular: “Ölülərlə ünsiyyət qurmaq nə deməkdir?” Cavab verdi: “Yəni cah-cəlalı xoşlayan sərvətli adamlarla durub-oturmaq” (Vəsailüş-şiə, XIV, 143).

“Dörd şey var ki, bunlardan biri hansı evə yol tapsa, o evin bərəkətini aparar, evi viran qoyar: xəyanət, oğurluq, şərab və zina” (Şeyx Səduq. Əmali, səh. 398, məclis 62, hədis 12).

“Dörd şey dörd şeydən ötrü yaradılıb: Sərvət yığıb-saxlamaqdan ötrü yox, başqalarına infaq etməkdən (paylamaqdan) ötrü; elm başqaları ilə mücadilə etmək üçün yox, əməl etməkdən ötrü; bəndə özünə qürrələnib lovğalanmaqdan ötrü yox, ibadətdən ötrü; dünya, onu abad etməkdən ötrü yox, ondan ibrət almaqdan ötrü yaradılıb” (İsna əşəriyyə, səh. 159).

Həzrət Əli ibn Əbu Talibdən (ə) elm haqqında soruşdular. Cavab verdi:

“Elm dörd kəlmədən ibarətdir: Allaha nə qədər ehtiyacın varsa, o qədər ibadət et. Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et. Ömrün nə qədərdirsə, dünyadan ötrü o qədər çalış. Axirət aləmində nə qədər qalacaqsansa, axirətdən ötrü də o qədər çalış” (Tənbihül-xəvatir, II, 37).

İmam Cəfər Sadiq (ə) buyurub:

“Allah Adəmi yaratdıqdan sonra ona vəhy etdi: “Ey Adəm! Mən bütün yaxşılıqları dörd sözdə cəmləyib sənə öyrətdim. Bunların biri mənə, biri sənə, biri səninlə mənim münasibətimə, axırıncısı da səninlə öz həmcinslərinin münasibətinə aiddir. Mənə aid olan tövsiyəm budur ki, yalnız mənə ibadət edib, mənə şərik qoşmayasan. Sənə aid olan tövsiyə budur ki, etdiyin hər əmələ görə sənə əvəz verəcəyəm. Səninlə mənim aramızdakı münasibətə aid olan tövsiyə budur ki, əgər dua edib məndən nəsə istəsən, dilədiyini sənə verərəm. Səninlə sair insanların münasibətinə aid olan tövsiyə isə budur ki, özün üçün istədiyini başqaları üçün də istə” (Şeyx Səduq. Əl-Məvaiz, səh. 100).

“Dörd adamın duası müstəcab olmaz:

Evində oturub, “İlahi, mənə ruzi yetir” deyən adamın. Allah ona buyurar ki, məgər sənə ruzi axtarışında olmağı əmr etmədimmi?

Öz həyat yoldaşına qarğış edən kişinin. Allah ona buyurar ki, məgər talaq imkanını sənə vermədimmi?

Mal-dövlətini səhlənkarlıq üzündən itirən və Allahdan ruzi istəyən adamın. Allah buyurar ki, məgər sənə dolanışıqda orta yolu izləməyi və malını qorumağı tapşırmadımmı?

Başqasına şahidsiz borc verən adamın. Allah ona buyurar ki, məgər borc verəndə şahid tutmağı tapşırmadımmı?” (Üsuli-Kafi, VI, 135-137).

İmam Musa Kazim (ə) buyurub:

“Bəşər elminin dörd şeydən ibarət olduğunu gördüm. Birincisi, rəbbini tanı. İkincisi, rəbbinin sənə etdiklərini öyrənib-bil (yəni sənə verilmiş nemətləri tanı, onların qədrini bil və şükrünü et). Üçüncüsü, rəbbinin səndən nə istədiyini bil. Dördüncüsü, səni dindən çıxaran əməlləri öyrənib-bil (yəni hansı əməllərin günah olduğunu öyrən və onlardan uzaq ol)” (Əl-Kafi, I, 50).

“İnsanlar dörd qismə bölünüblər: öz nəfsinə tabe olan və fəlakətə doğru gedən cahil; özünü təqvalı kimi göstərən, amma nə qədər çox ibadət edərsə, bir o qədər çox təkəbbür edən abid; arxasınca gedilməsini və tərif olunmasını istəyən alim; haqq yolu izləyən, haqqı dirçəltmək istəyən, amma ya buna gücü çatmayan, ya da zülm altında olan arif. Bu sonuncu öz zəmanəsinin adamları üçün ən gözəl nümunədir, ağılda onların hamısından üstündür” (Şeyx Səduq, Əl-Xisal, səh. 262).

Please publish modules in offcanvas position.