İmam Rzanın (ə) hədislərindən nümunələr

/ Çərşənbə, 18 Sentyabr 2013 10:56
İmam Rzanın (ə) hədislərindən nümunələr

Dünən, 11 zilqədə - 18 sentyabr səkkizinci İmam Əli Rzanın (ə) mübarək mövlud günü idi. Bu münasibətlə İmamın hədislərindən bəzi nümunələri diqqətinizə təqdim edirik.

“Bəndədən (qiyamət günündə) soruşulacaq ilk məsələ namaz olacaq. Hər kimin namazı qəbul edilsə, başqa ibadətləri də qəbul ediləcək. Hər kimin namazı rədd edilsə, başqa ibadətləri də rədd ediləcək”.

“Hər kimdə öz günahlarının əvəzini verməyə qüdrət yoxdursa (yəni günahların kəffarəsini verə bilmirsə), Mühəmmədə və nəslinə çoxlu salavat göndərsin. Bununla günahlar (əgər haqqün-nas deyilsə) məhv olar”.

“Səxavətli adam (dəvət edildikdə) başqasının süfrəsindən yeyər ki, başqası da onun süfrəsindən yesin. Amma simic adam özü başqasının süfrəsindən yeməz; çünki başqasının da onun süfrəsindən yeməsini istəməz”.

“Mömində üç xasiyyət olmayınca imanın həqiqətinə çatmaz. Bu xasiyyətlərin biri onda Allahdan, biri peyğəmbərdən, biri də imamdandır. Allaha aid olan cəhət sirləri gizlətməkdir. Peyğəmbərdən olan xasiyyət insanlarla xoş davranmaqdır. İmama aid olan sifət isə çətinliklərə səbr etməkdir”.

“İbadət orucun və namazın çoxluğu ilə ölçülməz. Əsil ibadət Allahın işləri (yaratdıqları) barədə çox düşünməkdir”.

“Əmin adam sənə xəyanət etməz. Günahkar sənsən ki, xainə əmanət tapşırmısan” (Yəni bir adamdan xəyanət görəndə öncə özünü qına. Əgər o adam sən düşündüyün kimi əmin olsaydı, xəyanət etməzdi. Deməli, sən səhv edib, xaini əmin bilmisən).

“Çox danışmaq, malı zay etmək və başqasından bir şey istəmək (yəni özgəyə möhtac olmaq) Allahın qəzəbinə səbəb olar”.

O həzrətdən soruşdular ki, insanların ən yaxşıları kimlərdir? Cavab verdi: “O kəslər ki, yaxşı iş görəndə sevinər, pis iş (günah) edəndə Allahdan bağışlanmaq diləyərlər. Onlara əta olunduqda şükr edərlər, başlarına bəla gələndə səbrlə davranarlar, qəzəblənəndə günahkarı əfv edərlər”.

“İmanın dörd dayağı var: Allaha təvəkkül etmək, Allahın qəzasına razı olmaq, Allahın əmrinə təslim olmaq və bütün işləri Allahın öhdəsinə buraxmaq”.

“Bir qurtum su ilə olsa belə, sileyi-rəhim et (qohumlarla əlaqə saxla). Bunun ən yaxşı üsulu odur ki, qohumlara əziyyət verməyəsən”.

“Zəifə yardım etməyin sənin üçün sədəqə verməkdən daha üstündür”.

“Ailəsini saxlamaq üçün ruzi dalınca gedən adamın savabı Allah yolunda cihad edən adamın savabından daha çoxdur”.

Please publish modules in offcanvas position.