İmam Musa Kazimin (ə) hədislərindən nümunələr

/ Cümə, 23 May 2014 11:15
İmam Musa Kazimin (ə) hədislərindən nümunələr

(Şəhadətinin ildönümü münasibəti ilə)

“Həqiqətən, Allahın insanlara iki hüccəti (yolgöstərəni) var: bunların biri zahiri, o biri batinidir. Zahiri hüccət – peyğəmbərlərdir. Batini hüccət isə ağıldır”.

“Hər kim öz mömin qardaşını başqa səbəb üzündən yox, yalnız Allaha xatir ziyarət etsə, bu işin savabını Allahdan istəyib, Allahın vəd etdiyi mükafata ümid bəsləsə, evindən çıxdığı vaxtdan qayıdana kimi Allah-təala yetmiş min mələyə tapşırar ki, bu cür car çəksinlər: “Xoş sənin halına! Behişt sənə mübarək olsun ki, orada özünə yer qazandın”.

“Mürüvvəti (mərdliyi) olmayanın dini olmaz. Ağlı olmayanın mürüvvəti də olmaz. İnsanların ən qiymətlisi odur ki, dünyanı özünə daimi məkan saymasın. Bilin ki, sizin bədənlərinizin qiyməti (əvəzi) cənnətdən başqa heç nə ola bilməz. Özünüzü cənnətdən başqa qiymətə satmayın”.

“Hər kim camaatın abır-həyasını aradan aparmaqdan özünü saxlasa, qiyamət günündə Allah onun günahlarından keçər. Hər kim öz qəzəbini camaatdan uzaqlaşdırsa, qiyamət günündə Allah da onu öz əzabəndan uzaq tutar”.

“Bəndəni Allaha yaxınlaşdıran cəhətlər içində Onu tanımaqdan sonra ən üstün cəhətlər – namaz qılmaq, valideynə yaxşılıq etmək, həsəddən, təkəbbürdən və fəxrdən uzaq olmaqdır”.

“Az danışmaq böyük hikmətdir. Susun ki, sükut gözəl xasiyyətdir, yükü (məsuluyyəti) azaldar, günahları yüngülləşdirər”.

“Allah-təala söyüş söyən, həyasız, dediyi və ona deyilən sözdən utanmayan hər kəsə cənnəti haram edib”.

“Kibrdən (kin-küdurətdən) uzaq ol. Şübhəsiz, ürəyində bir zərrə kibr olan adam cənnətə girməz”.

“Çalışın ki, zamanınızı dörsd hissəyə böləsiniz. Bir hissəni Allah-təala ilə minacata, bir hissəni dolanışıq üçün işləməyə, bir hissəni sizə eyiblərinizi söyləyən və sizə ürəkdən sadiq olan etibarlı dostlarla ünsiyyətə ayırın. Bir hissəni də məhrəmanə şəkildə haram olmayan ləzzətlərdən faydalanmağa sərf edin. Bu sonuncunun vasitəsi ilə qalan üç vaxtın vəzifələrini icra edə bilmək üçün qüvvə toplayın”.

“Din əhli ilə (dindar insanlarla) oturub-durmaq dünya və axirətdə adama şərəf gətirər. Ağıllı və xeyirxah adamla məşvərət etmək isə xeyir-bərəkət, inkişaf və Allahdan yardım deməkdir”.

“Əmanətdarlıq və doğruculluq ruzini artırar, xəyanət və yalan isə kasıblığa və nifaqa səbəb olar”.

“Mömin tərəzinin iki gözü kimidir; imanı artanda bəlası da artar”.

“Nafilə (müstəhəb) namaz hər möminin Allaha yaxınlaşma vasitəsidir”.

“Camaat indiyə kimi etmədiyi təzə günahları etməyə başlayanda Allah da onlara indiyə kimi saya almadıqları təzə bəlalar göndərər”.

“Camaat içində hamıdan güclü olmaq istəyən adam gərək Allaha təvəkkül etsin”.

“İki günü bərabər olan adam uduzub. Bu günü dünənindən pis olan adam lənətə layiqdir. Ruhunda yüksəliş duymayan adam ziyana uğrayıb. Ziyana uğrayan adam üçün ölüm həyatdan daha yaxşıdır”.

“Din qardaşının sənin boynunda olan ən böyük haqqı budur ki, dünya və axirətdə ona fayda verəcək heç nəyi ondan gizlətməyəsən”.

Please publish modules in offcanvas position.