İmam Zeynül-abidinin (ə) hədislərindən nümunələr

/ Çərşənbə axşamı, 03 İyun 2014 11:19
İmam Zeynül-abidinin (ə) hədislərindən nümunələr

(Mövlud günü münasibəti ilə)

“Möminin öz mömin qardaşının üzünə məhəbbət və dostluq hissi ilə baxması ibadətdir”.

“Şübhəsiz, ən üstün cihad – mədənin və övrət yerinin iffətini qorumaqdır” (yəni haram yeməkdən və haram əlaqələrdən çəkinməkdir).

“Hər kim Allahın razılığı naminə evlənsə və qohumlarla mehriban əlaqə saxlasa, qiyamət günündə Allah onu mülk tacı ilə başıuca edər”.

“Ey Adəm oğlu! Nə qədər ki, sənin öz içindən nəsihətçin (yəni vicdanın) var, əməllərinə görə özünə hesab verməyi mühüm sayırsan və (Allahın əzabından) qorxmağı özünə peşə etmisən, daim xeyir içində olacaqsan”.

“Bu dünyada insanların ağası – səxavət sahibləridir. Axirətdə isə insanların ağası təqvalılar olacaq”.

“Fani aləm (yəni dünya) üçün çalışan, amma baqi aləmi (yəni axirəti) tərk edən adamın halına çox təəccüb edirəm”.

“Allahın Rəsulu evdəki vaxtını üç hissəyə bölərdi. Bir hissəni Allaha (yəni ibadətə), bir hissəni ailəyə, bir hissəni də özünə həsr edərdi”.

“Bütün işlərin ən yaxşı başlanğısı – doğruculluq, ən yaxşı sonluğu isə vəfakarlıqdır”.

“İzzətli və cəlallı Allahın yanında Allah yolunda tökülən qan damcısından və zülmət gecədə axıdılan göz yaşı qətrəsindən daha üstün damcı yoxdur”.

“Allahdan, sənin üzərində malik olduğu qüdrətə görə qorx, sənə yaxınlığına görə Ondan həya et”.

“İlahi, düşmənləri sevindirəcək əməllərdən, özüm kimilərə (yəni insanlara) möhtac olmaqdan, sıxıntılı dolanışıqdan və azuqəsiz (savabsız) ölümdən Sənə sığınıram”.

“Allahdan əzab nazil olmasına gətirib-çıxaran günahlar bunlardır: qəsdən zülm törətmək, camaatın haqqını yemək, insanları ələ salıb məsxərəyə qoymaq”.

“Üç xüsusiyyət möminə nicat verər: camaatın pisliyinə danışıb qeybətini etməkdən dilini qorumaq, dünya və axirətdə faydası olan işlərlə məşğul olmaq və səhvlərindən (günahlarından) ötrü çox ağlamaq”.

“Diqqət edib gördüm ki, bütün yaxşılıq insanların əlində olandan gözünü çəkməkdə toplanıb”.

“İnsanın dili bütün bədən üzvlərinin üzərində üstünlüyə malikdir. O, hər səhər qalan bədən üzvlərindən soruşur: “Bu günün başlanğıcında necəsiniz?” Qalan üzvlər cavab verərlər: “Sən bizi rahat buraxsan, yaxşı olarıq. Çünki biz sənin ucbatından savab və cəza qazanırıq”.

“Fasiq (günahkar) adamla yoldaşlıq etmə. O, səni bir loxmaya, hətta ondan da ucuz qiymətə satar. Qohumlarla rabitəni kəsən adamla da yoldaşlıq etmə. Çünki Allahın Kitabında (Quranda) belə adamın lənətləndiyini görmüşəm”.

Please publish modules in offcanvas position.