İntizarın fəlsəfəsi

/ Cümə axşamı, 12 İyun 2014 11:23
İntizarın fəlsəfəsi

(İmam Mehdinin mövlud günü münasibəti ilə)

Mehdi (ə) inancını düzgün anlamayan, ya da şübhə altına almağa çalışan qüvvələrin irəli sürdüyü bir iddia var: Guya şiələrin zühur intizarı əslində fəaliyyətsizliyə, passivliyə çağıran bir məsələdir. Yəni əgər dünya zühur ərəfəsində zülmlə dolacaqsa, deməli, ədalət tamamilə məhv olacaq. Buna görə də ədalət uğrunda mübarizə aparmaq mənasızdır. Axı, bu, əzəli qanundur, Allahın hökmüdür, bu hökmə qarşı çıxmaq isə küfrə bərabərdir. Həmin adamların fikrincə, məzlum əlini əlinin üstünə qoyub zalımların özbaşınalığını sakitcə seyr etməli və yalnız İmamı gözləməlidir.

Bu fikir həm şiə əqidəsini düzgün tanımamaqdan, həm də qərəzli düşmənçilikdən qaynaqlanır. Üstəlik, bəzi şiələrin davranışı da bu fikrin yaranmasına səbəb olmuşdur. Əslində isə bu düşüncə zühur fəlsəfəsinə, Əhli-beyt məktəbinə tamamilə ziddir. Adəmdən-xatəmə bütün peyğəmbərlər, övliyalar Mehdinin zühur edəcəyindən xəbərdar olmuş, bunu öz kəlamlarında xəbər vermişlər. Onlar ömürlərini mənasız intizarla keçirməmiş, haqqın dirçəlişi və batilin məhvi uğrunda savaşmışlar, bizə də bunu tövsiyə etmişlər.

“Mənasız intizar” ifadəsini əbəs yerə işlətmədik. Hədislərdə dönə-dönə vurğulanır: “İbadətlərin ən üstünü fərəci (Mehdinin zühurunu) gözləməkdir”. Fərəc intizarı isə iki cürdür. Birinci intizar dağıdıcı və fəsadyayıcı xüsusiyyətə sahibdir. Bu cür intizar çəkən şəxs ətrafda nələr baş verdiyinə tam laqeyddir, sakitliklə gözləyir ki, İmam hər şeyi onun əvəzinə həll edəcək. Amma anlamır ki, özündə yüksək insani keyfiyyətlər tərbiyə etmədiyi, Əhli-beytin əsil ardıcılı olmadığı, Mehdiyə layiqli əsgər olmağa hazırlaşmadığı təqdirdə heç zaman o həzrəti tanımayacaq, əksinə, bəlkə də zühur zamanı Onun qatı düşməninə çevriləcək. Hədislərdə deyilir ki, İmam Mehdi (ə) zühur edəndə məzlumların haqqını zor gücünə də olsa zalımlardan alacaq. Hətta bir kəsin malı başqasının dişi altında qalsa belə, İmam o dişi qoparıb, altından qəsb edilmiş malı çıxaracaq və sahibinə qaytaracaq. O zaman çoxları bu ədalətə dözməyəcək, “imami-zaman aşiqi” olduğunu iddia edən çox adamlar bununla razılaşmayıb ağız büzəcək. Hətta bəziləri Mehdinin (ə) hökumətinə “zalım” damğası vuracaqlar. Deməli, Mehdini (ə) tanımaq və sidq ürəklə qəbul etmək üçün zühura hazırlaşmaq lazımdır. İnsan öz əxlaqını islah etməli, haramdan çəkinməli, nəfsinə yox deməyi bacarmalı, bu yolda hər cür fədakarlığa hazır olmalıdır. Özü bir kəsə zülm etmədiyi kimi, başqasının da zülm etməsinə razı olmamalı, istər açıq, istərsə gizli şəkildə ədalət uğrunda mücadilə aparmalıdır.

Fərəc intizarının bəyənilən və doğru forması qurucu, islahedici intizardır. Böyük alim Əllamə Müzəffər “İmamiyyə əqidəsi” kitabında bu barədə yazırdı: “İslahedici və nicatverici Mehdinin (ə) intizarı o demək deyil ki, müsəlmanlar dini məsələlərdə və haqıın dirçəldilməsində o həzrətə yardım etməkdən əllərini üzsünlər, din yolunda, dini hökmlərə əməl etmək uğrunda səyləri tərk etsinlər, əlini əlinin üzərinə qoyub, əmr be-məruf və nəhy əz-münkəri o həzrətin öhdəsinə buraxsınlar. Əksinə, bilməliyik ki, şəriət hökmlərinə əməl etmək vəzifəsi heç vaxt müsəlmanların öhdəsindən götürülməyib... Heç bir müsəlmana icazə verilmir ki, İmam Mehdinin (ə) islahedici, yolgöstərən və müjdəverən olduğunu bəhanə gətirərək, özünə vacib olan işlərdən əl götürsün. Çünki bu əmr (yəni zühurun intizarını çəkmək) heç bir təklifi (vəzifəni) ləğv etmir, heç bir vəzifəni təxirə salmır, insanı otyeyən heyvanlar kimi məsuliyyətsiz və hər şeyə dözən etmir”.

Müsəlmanlar İmamın qeyb dövründə də böyük imtahan qarşısındadırlar. Onlar bir tərəfdən öz imanlarını qorumalı, digər tərəfdən də İmamın zühuru üçün şərait hazırlamalıdırlar. Bu, qonaq gözləyən adamın vəziyyətinə bənzəyir. O, həm öz şəxsi işlərini görür, həm də evdə səliqə-səhman yaradır ki, qonaq gələndə inciməsin. İmamın zühuru üçün şərait yaratmaq o həzrətin məhəbbətini ürəklərdə yaşatmaqdan, ədaləti dirçəltməkdən və zülmün qarşısında maneələr qurmaqdan ibarətdir. Bu, passiv intizarın əksidir. Bu, qurucu, islahedici intizardır.

Zühur vaxtının gizli qalması da böyük fəlsəfəyə malikdir. Bu, müsəlmanı ətalətdə qalmağa qoymur. İnsan həmişə fərəc gününün intizarı ilə yaşayır. Həmin hadisənin bu gün ya da sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir. İmam Mühəmməd Baqir (ə) “Fərəc günü (yəni Mehdinin zühuru) nə zamandır?” sualının cavabında məhz bunu nəzərdə tutaraq buyurmuşdu: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. Bax, o zaman Mehdi zühur edəcək”.

Please publish modules in offcanvas position.