Hər bir möminin bunlara ehtiyacı var

/ Bazar ertəsi, 16 Mart 2020 12:33
Hər bir möminin bunlara ehtiyacı var

(Bir hədisin şərhi)

İmam Mühəmməd Təqi (ə) buyurub: “Möminin bunlara ehtiyacı olar: Allahdan gələn müvəffəqiyyətə (tovfiqə), öz içindən gələn moizəyə və ona nəsihət edənin sözünü qəbul etmək bacarığına”.

1. Allahdan gələn müvəffəqiyyət (tovfiq).

Allahın yardımı bütün əməllərin əsas şərti və başlanğıcıdır. Möminin qəlbinə xeyir əməlin niyyətini salan, onu bu əmələ həvəsləndirən, ona qüvvət və iradə verən Allahdır. Əgər Allahın tovfiqi olmasa, heç bir hadisə baş verməz, heç bir iş həyata keçməz. Qurani-kərimin ayələrindən birində Şüeyb Peyğəmbərin (ə) öz qövmünə belə söylədiyi buyurulur: “...Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!” (Hud, 88).

Həzrət Əli (ə) Allahdan gələn müvəffəqiyyəti nemətlərin başlanğıcı sayaraq buyururdu: “Allah öz bəndəsinin xeyrini istəyəndə, öz ömrünü ən gözəl əməllərə həsr etmək müvəffəqiyyətini ona bağışlayır və ölməzdən qabaq Allahın itaətinə tələsməklə ruziləndirir” (Ğürərül-hikəm, səh 643, hikmət 3587). Göründüyü kimi bu hədisdə gözəl əməllər etmək və Allaha itaətdə öncül olmaq Allahın razılığını qazanmağın ölçüləri kimi göstərilib. Qurani-kərimdə dəfələrlə eyni ayənin içində “namaz qılanlar” və “saleh əməl edənlər” ifadələrinin yanaşı işləndiyinin şahidi oluruq.

Mərhum Əllamə Təbatəbai tovfiqin (Allahdan gələn müvəffəqiyyətin) mənası barədə yazırdı ki, tovfiqin mənası budur: Allah səbəbləri elə nizamlasın ki, bu səbəblər bəndəni saleh əməllərə doğru çəksin. Və əksinə, bəzi günah səbəblərini isə yaratmasın. Çünki bütün hadisələr səbəbdən doğur, heç bir hadisə səbəbsiz baş vermir. Allah daim səbəblər yaratmaqdadır. Allah öz sevimli bəndəsi üçün xeyrə vəsilə olan səbəblər yaratmaqla sanki onun yolunu hamarlayır. Günaha vəsilə olan səbəbləri isə yaratmır ki, bunlar yolun üzərində maneə olmasın. Elə əsil tovfiq (müvəffəqiyyət) də budur.

Əlbəttə, Allahdan müvəfəqiyyət ummaq üçün buna hazır olmaq, öz nəfsini islah etmək də zəruridir. Həmçinin, Allahdan gələn tovfiqi əldən qaçırmaq da mümkündür. Günah əməllər etmək, zülm törətmək, Allaha təvəkküldən əl götürmək insanı ziyana salar. İmam Rzanın (ə) bir hədisində buyurulduğu kimi, “hər kim Allahdan müvəffəqiyyət istəsə, amma bunun üçün cəhd göstərməsə, öz-özünü məsxərəyə qoymuş kimidir”.

2. Daxildən gələn moizə (nəsihət).

Bunu vicdanın səsi də adlandırmaq olar. Dini mənbələrdə yazılıb ki, Allah insanlara iki cür rəhbər göndərib. Hətta bunları “rəsul”, yəni elçi adlandırırlar. Bunlardan biri batində olan, o biri isə xaricdə (kənarda) olan rəsuldur. Batini rəsul – ağıl, zahiri rəsul isə Allahıb göndərdiyi peyğəmbərlərdir. Başqa sözlə desək, insanın fitrətində yerləşdirilmiş allahpərəstlik, ədalət, haqq duyğusu da onu müəyyən mənada hidayət etməyə qadirdir.

Daxildən gələn nəsihətə qulaq asmaq insanın özü qarşısında hesab verməsi ilə nəticələnər. Din aləmində buna “mühasəbətün-nəfs”, yəni nəfsi hesaba çəkmək deyərlər. Məsumlarımızdan nəql olunan bir çox rəvayətlərə görə, bu günü ilə dünəni eyni olan adam ziyandadır. Yəni insan hər gün dünənkinə nisbətən daha yüksək əxlaqi təkamülə nail olmaq üçün çalışmalıdır. Günahlarını azaltmalı, savablarını artırmalıdır. Dünən buraxdığı bir səhvi bu gün təkrar etməməsi, dünən bilmədiyi bir xeyirli məlumatı bu gün öyrənməsi də kifayət edər. Əksinə, əgər Allahın razılığını qazanmaq və saleh əməl etmək baxımından dünənkinə nisbətən daha aşağı pillədə durursa, bu, ziyan və itki deməkdir.

3. Nəsihəti qəbul etmək.

Əsil mömin ona edilən gözəl nəsihətə qulaq asar, bundan nəticə çıxarar. Mömin, ona edilən nəsihətə görə qəzəblənməz, edilən nəsihəti bir hidayət və mərhəmət kimi qəbul edər, buna görə Allaha şükr edər. Nəsihəti eşitməmək ya təkəbbürün, ya da cahilliyin əlamətidir. Təkəbbürlü insan özünü hamıdan yüksək sayar, kiminsə ondan daha üstün olduğunu və ona etiraz  etdiyini əskiklik kimi anlayar. Təkəbbürlü adam üçün ən mühüm olan – öz mənəm-mənəmliyini qorumaqdır. Başqasından irad götürmək onun üçün dözülməzdir. Cahil insan öz nadanlığı üzündən xeyri şərdən ayıra bilməz. Ona yaxşılıq edib yol göstərən adamı düşmən sayar. Elə düşünər ki, ona paxıllıq edir və pisliyini istəyirlər. Bu cür insan haqlı irada və xeyirxah nəsihətə məhəl qoymaz, ən yaxın dostlarına belə, bunun üstündə arxa çevirər. Nəsihəti qəbul etmək və ondan nəticə çıxarmaq zəkanın, ədalətin və sadəliyin nişanəsidir.

İmam Zeynül-abidin (ə) “Hüquq risaləsi”ndə buyurub: “Sənə nəsihət edənin haqqı budur ki, onun qarşısında mülayim olasan, sözlərinə qulaq asasan. Əgər sənə dəyərli sözlər desə, Allaha şükür edəsən; əks təqdirdə onunla mərhəmətlə rəftar edəsən, onu günahlandırmayasan. Əgər səhv etdiyini anlasan, onu danlamayasan. Əgər danlağa layiq olacaq sözlər danışsa, bu halda ona güzəştə getmək olmaz, çünki onun artıq heç bir etibarı qalmır”.

Please publish modules in offcanvas position.