Vasvasılığın dərmanı

/ Bazar ertəsi, 16 Mart 2020 12:38
Vasvasılığın dərmanı

Möminə ziyan yetirən mənəvi nöqsanlardan biri də vasvasılıqdır. Vəsvəsə adətən iki mənada başa düşülür.

Birincisi, şeytanın insanı düz yoldan döndərmək, daha doğrusu, düz yolda olmasına şübhə yaratmaq üçün təlqin etdiyi fikirlərdir. İmanı, elmi və iradəsi zəif olan kəslər asanlıqla şeytanın toruna düşür, haqdan uzaqlaşıb batilə tərəf gedirlər. İkinci mənada vəsvəsə isə, adətən xalq dilində “vasvasılıq” kimi ifadə olunur. Bu, hər hansı ibadət və ya qeyri-ibadət əməlini layiqincə yerinə yetirib-yetirmədiyi barədə narahatlıq, ibadətinin pozulub-pozulmadığı barədə nigaranlıq şəklində təzahür edir. Yəni birinci növ vəsvəsə insanın özünü layiq olduğu məqamdan yüksək tutması ilə, ikinci növ vəsvəsə isə bu məqamdan aşağı bilməsi ilə müşayiət olunur.

İbadət və onunla bağlı olan məsələlərdə vasvasılıq insana daha böyük psixoloji ziyan yetirir. Bəzi insanlar xüsusilə paklıq məsələlərində çox vəsvəsə edirlər. “Görəsən, dəstəmazdə qollarımı tam yudum? Qüsl alanda sağ tərəfimdə yuyulmamış yer qalmadı ki? Dəstəmazım pozulmadı ki? Filankəslə əl verib görüşəndə murdar olmadım? Qonşunun evində ayaqyalın gəzdim, görəsən döşəməsi murdar deyildi?” Bu cür suallar vasvası adamın beynini yorur, qəlbini incidir. Belə insan ibadətdən zövq ala bilmir, çünki həmişə qəlbi narahat, diqqəti dağınıqdır. Daim özünü günahkar və nöqsanlı bilir. Ona elə gəlir ki, Allahın buyurduqlarında əskikliyə yol verib.

Vasvasılıq həm də artıq vaxt itkisidir. Eyni əməli dəfələrlə təkrar etmək, hər dəfə səhv oldu deyə yeniləmək yorğunluq yaradır. Burada həm bioloji, həm də psixoloji yorğunluqdan söhbət gedir.

Ən çox narahatlığa səbəb olan vəsvəsələrdən biri də yağışdan sonra küçədə asfaltın üzərində yığılan sularla bağlıdır. Çox zaman sürətlə şütüyən avtobomillərin təkərləri su çuxuruna düşür və yaxında olan piyadanın üst-başına həmin su sıçrayır. Vasvası adamlar bundan hədsiz narahat olurlar. “Bəlkə həmin çuxurdakı suyu it ya pişik murdarlayıb? Bəlkə kanalizasiya suyu ona qarışıb?” Amma məsələnin şəriət baxımından həllinə müraciət etsək, narahatlığa əsas yoxdur. İslam şəriətinə görə, murdar olmasını yəqin bildiyimiz yerlərdən və əşyalardan başqa qalan hər yer və hər əşya pak hökmündədir. Yəni nəyin murdar olduğuna yüz faiz əmin deyiliksə, onu pak saymalıyıq. Küçədəki yağış suyu da belədir. Nə qədər ki, onun murdarlandığını gözümüzlə görməmişik və ya şahidlərin dilindən eşitməmişik, narahat olmağa dəyməz.

Vasvasılığı aradan qaldırmağın ən gözəl üsulu bunlara əhəmiyyət verməməkdir. Təsadüfi deyil ki, bir çox şəriət hökmlərimizdə şəkk diqqətə layiq sayılmayıb. İkinci üsul Allahın adını çox zikr etmək, məşhur zikrləri çox təkrar etməkdir. Xüsusilə “La ilahə illəllah” zikrini söyləmək məsumlarımız tərəfindən vəsvəsəyə qarşı ən yaxşı üsullardan sayılıb.

Vəsvəsəni aradan qaldırmağın yolları ilə bağlı maraqlı bir hadisəni sizə təqdim edirik.

Keçmiş mərceyi-təqlidlərdən mərhum Ayətullahül-üzma Seyid Mühəmməd Rza Gülpayganinin sağlığında bir vasvası adam ondan soruşur ki, küçədəki çuxurdan üstümə su sıçrasa, bulaşan yeri pak eləməliyəmmi? Ayətullah Gülpaygani bu suyu murdar saymağa əsas olmadığını söyləyir. Amma cavab o adamı qane etmir, yenə vəsvəsəli şübhələrini davam etdirir. Onda alim belə deyir: “Bir anlıq təsəvvür et ki, şəriətimiz səndən mütləq pak yox, mütləq murdar paltarda namaz qılmağı tələb edir. Bu halda sən həmin çuxur suyuna bulaşmış paltarda namaz qılsan, özünü dini vəzifənə əməl etmiş sayacaqsan? Yəni tam əmin olacaqsan ki, səndən tələb edildiyi kimi, murdar paltarda namaz qılırsan?” Vasvası adam azacıq düşünüb cavab verir: “Xeyr, buna əminliyim olmayacaq”. Ayətullah deyir: “Elə isə, deməli paltarının murdar olmağına yəqinliyin yoxdur. Bu sadəcə bir şübhədir, vəsvəsədir. Vəsvəsəyə isə əhəmiyyət verilməz”. Həmin adam cavaba qane olur və bir daha bu məsələdə vasvasılıq etmir.

Please publish modules in offcanvas position.