İmam Rzanın (ə) hədislərindən nümunələr

/ Cümə, 05 Sentyabr 2014 12:40
İmam Rzanın (ə) hədislərindən nümunələr

(Mövlud günü münasibəti ilə)

Zilqədə ayının 11-də (bu il sentyabrın 7-də) imam Rzanın (ə) mövlud günüdür. Bu münasibətlə imamın bəzi hədislərini oxucuların diqqətinə çatdırırıq.

“Çalışın ki, vaxtınızı dörd hissəyə böləsiniz. Vaxtın bir hissəsini Allahla minacat (ibadət və dua) üçün ayırın. Bir hissəsini dolanışığa (işləyib pul qazanmağa) həsr edin. Vaxtın bir hissəsində eyiblərinizi sizə deyən və ürəkdən sizinlə səmimi olan dostlarla ünsiyyət qurun. Qalan bir hissəni isə (halal) ləzzətlərə həsr edin. Həmin bu vaxtda qalan üç vaxtın işlərini görmək üçün qüvvə toplayın”.

“Dinindən ötrü dünyasını və dünyasından ötrü dinini tərk edən adam bizdən deyil”.

“Kim möminin qəlbini kədərdən təmizləsə, Allah da qiyamət günündə onun qəlbini kədərdən təmizləyər”.

“Kim Allahdan yardım istəsə, amma özü məqsədi uğrunda çalışmasa, öz-özünü məsxərəyə qoymuş kimidir”.

“Kim bir fəqir müsəlmanla görüşəndə varlı ilə görüşdüyündən fərqli şəkildə salam versə, Allah qiyamət günündə onu qəzəbli halda qarşılayar”.

“Kim mədəsinin ağrımasını istəmirsə, yemək yeyərkən su içməsin”.

“Allah faydası və məsləhəti olmayan heç bir yeməyi və içkini halal etməyib. Zərər, ölüm və fəsada səbəb olmayan heç bir yeməyi və içkini də haram qılmayıb. Xeyirli olan və bədəni qüvvətləndirən hər şey halaldır”.

“Acıyanda ye, susuyanda iç, sidik əziyyət verəndə rahatlan, ehtiyac duyanda cinsi əlaqədə ol, yuxun gələndə yat. Bunlar bədəni sağlam saxlayan amillərdir”.

“Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin Allahın ismi-əzəminə yaxınlığı gözün qarasının  (bəbəyinin) ağına yaxınlığından daha çoxdur”.

“Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Rəsulu! Mənə elə bir xasiyyət öyrət ki, onunla dünya və axirətin xeyri cəmlənmiş olsun”. Peyğəmbər cavab verdi: “Yalan danışma”.

“Təəccüb edirəm o adama ki, öz malı ilə qul alıb azad edir, amma gözəl əxlaqla azad insanları almır (yəni öz əxlaqı ilə insanların könlnü ələ almır)”.

“Təvəkkülün hüdudu odur ki, Allahdan savayı heç nədən qorxmayasan”.

“Təvazönün hüdudu budur ki, insanların səninlə nə cür rəftar etmələrini istəyirsənsə, sən də onlarla o cür rəftar edəsən”.

“Kim öz ailəsini başqasına möhtac etməmək üçün ruzi yolunda çalışsa, Allah yolunda cihad edən adamdan da çox savab qazanar”.

“Paxıl adamın rahatlığı, həsud adamın ləzzəti, hökmdarın vəfası, yalançının mürüvvəti (insafı) olmaz”.

Please publish modules in offcanvas position.