Ailələrimiz niyə dağılır? (İkinci hissə)

/ Bazar ertəsi, 16 Mart 2020 12:46
Ailələrimiz niyə dağılır? (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3223-ailaelaerimiz-niyae-dazhh-l-r-birindzi-hissae)

5. Boşanmaya gətirib-çıxaran səbəblərdən biri də qızların bəzən valideyn razılığı olmadan ərə getmələridir. Yuxarıda qeyd edildiyi kimi, qızın razılığı olmadan onu ərə vermək olmaz. Amma qız da bu məsələdə tam sərbəst deyil. İslam şəriətinə görə, qızın kəbini yalnız atasının və ya babasının razılığı ilə etibarlı sayıla bilər. Yalnız dul qadın heç kimdən icazə almadan öz taleyini həll etmək səlahiyyətinə malikdir.

Şəriətin bu tədbiri qızları düşünülməmiş addım atmaqdan çəkindirmək üçün ən gözəl yoldur. Həyat təcrübəsi və yaşı az olan, asanlıqla aldana bilən qızlar bəzən onlara eşq elan edən ilk kimsəyə uyaraq, ev-eşiyini atır və həmin adama ərə gedirlər. Halbuki, belə bir addımı atmazdan əvvəl böyük həyat təcrübəsi olan ata-anadan məsləhət almaq çox yerinə düşərdi. Nəticədə, bir çox hallarda qız tezliklə aldandığını başa düşür. Bu zaman başqa bir problem ortaya şıxır. Qız bu addımı özbaşına atdığı üçün ata-anasının yanına qayıtmağa qorxur. Ona görə də, ya bu xoşagəlməz evliliyi davam etdirməyə məcbur olur, ya da boşanaraq acı məhrumiyyətlər içində tək qalır. Amma bu bədbəxtliyin qarşısını vaxtında almaq olardı. Ailə qurarkən yaxşı düşünsəydi, həm şəriətin, həm milli adət-ənənənin, həm də məntiqin buyurduğu kimi valideyn xeyir-duasını alsaydı, bu cür acı nəticə ilə üzləşmə ehtimalı da az ola bilərdi.

6. Tərəflərin bir-birinə tay (küfüvv) olmaması. Boşanmaya gətirib-çıxaran ən mühüm səbəblərdən biri də evlənən tərəflərin bir-birinə tay olmaması, əksinə, bir-birindən kəskin fərqlənməsidir. Şəriətdə “küfüvv” deyilərkən, bir neçə cəhət birlikdə nəzərdə tutulur. Oğlanla qızın sosial təbəqə, yaş, savad, dünyagörüşü, əqidə baxımından bir-biri ilə uyğunluq təşkil etməsi çox mühüm şərtdir. Doğrudur, bəzi hallarda bu kimi fərqliliklərin maneə olmadığını da görürük. Lakin bu hallar azlıq təşkil edir. Əksər hallarda məhz uyğunsuzluq böyük bir uçuruma çevrilərək, tərəfləri bir-birindən ayırır. Xüsusilə, ailə quran şəxslərin çox fərqli sosial təbəqələrə mənsub olması gələcəkdə maddi zəmində narazılıqlar yaranmasına gətirib-çıxarır.

Ailə qurmazdan qabaq dini cəhətdən uyğunluğa xüsusi diqqət yetirmək tövsiyə edilir. Dini əqidə elə bir məsələdir ki, ondan vaz keçmək çox vaxt mümkünsüz olur. İnsanlar öz aralarında yaranmış maddi, siyasi, mədəni fərqliliklərə və mübahisələrə dözürlər, lakin dini məsələlərdə dözümlülük göstərməyə çətinlik çəkirlər. Çünki dini dəyərlər vazkeçilməz, güzəşt olunmaz mahiyyət daşıyır. Ailə quran tərəflər dini zəmində öz düşüncə və tələblərini qarşı tərəfə dəqiq şəkildə çatdırmalıdırlar. Bəzən qadının hicaba riayət etməməsi, namaz və oruc ibadətlərini yerinə yetirməkdən imtina etməsi (bu, əksinə, yəni kişi tərəfdən də ola bilər) ciddi narazılığa səbəb olur. Məzhəb fərqliliyi də bəzən arada mühüm maneə yaradır. Xüsusilə, əgər tərəflərdən biri radikal düşüncəli dini təriqətlərdən birinə mənsubdursa, onun qarşı tərəflə və onun qohumları ilə münasibətləri xeyli gərgin olur. Buna görə də evlənən tərəflər bu kimi problemləri qabaqcadan nəzərə almalı və uyğun tədbir görməlidirlər.

7. Boşanmaya gətirib çıxaran səbəblərdən biri də maddi sıxıntıdır. Oğlanın (kişinin) daimi işinin olmaması, maddi gəlirin azlığı ailədaxili söz-söhbətlərə rəvac verir. Xüsusilə, bazar iqtisadiyyatının hökm sürdüyü son zamanlarda bu məsələ daha ciddi aktuallıq qazanıb. Doğrudur, dinimiz ailə qurarkən maddi amili əsas saymağı düzgün hesab etmir. Qurani-kərimdə buyurulur: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər” (Nur, 32). İmam Rza (ə) kasıblığına görə oğlana qız verməyən atalara nəsihət verirdi: “Dinini və xasiyyətini bəyəndiyin adama qızını ver. Onun kasıblığı sənə mane olmasın. Çünki Allah buyurub: “Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər” (Nisa, 130).

Lakin bu tövsiyələr maddi problemi ümumilikdə nəzərə almamağa əsas vermir. Çünki təcrübə bir çox hallarda maddi sıxıntının boşanmaya ciddi səbəb olduğunu göstərir. Buna görə də qız və onun valideynləri evliliyə razı olmazdan əvvəl oğlanın iş yeri, maddi qazancı ilə maraqlansalar və bunu düzgün dəyərləndirsələr, daha yaxşı olar. Əlbəttə, burada da orta yolu tutmaq məsləhətdir. Oğlana həddən artıq yüksək tələblər irəli sürmək nə şəriətə, nə də vicdana uyğundur. Burada da yuxarıdakı maddədə deyildiyi kimi, həmtaylığı qorumaq yerinə düşər.

Bəzən kişinin kifayət qədər qazanmaması qadının işə cəlb edilməsinə səbəb olur ki, bir çox hallarda bu, qadının iqtisadi cəhətdən kişidən asılılığının azalması və ya yox olması ilə nəticələnir. Bəzən qadınlar bu amildən sui-istifadə edirlər. Bu isə kişilərdə narazılıq, qısqanclıq hissləri yaradır. Nəticədə söz-söhbət meydana çıxır və məsələ boşanma ilə sona çatır.

(ardı var)

Please publish modules in offcanvas position.