Yemək zamanı bu qaydalara riayət edin

/ Bazar ertəsi, 16 Mart 2020 12:53
Yemək zamanı bu qaydalara riayət edin

Yemək ədəbi haqqında dini mənbələrdə xeyli göstərişlər vardır. Peyğəmbərdən və imamlardan rəvayət edilmiş hədislərdə yeməyin vacib və haram, müstəhəb və məkruh hökmləri açıqlanıb.

Bu məqalədə yeməklə bağlı bəzi tövsiyələri diqqətinizə təqdim edirik.

Yeməkdən əvvəl və sonra əlləri yumaq müstəhəbdir. Hədislərdə buyurulur ki, yeməkdən qabaq və sonra əlləri yumaq kasıblığı aradan qaldırar, ruzini artırar, qəm-qüssəni uzaqlaşdırar, bədənə sağlamlıq gətirər, gözü qüvvətləndirər və ömrü artırar. Yeməkdən əvvəl dəstəmaz almağın da savabı var. Xüsusilə, cənabətli şəxs qüsl almazdan əvvəl yemək istəsə, dəstəmaz və ya təyəmmüm alsın. Çünki cənabətli halda yemək məkruhdur; amma dəstəmaz və ya təyəmmüm məkruhluğu aradan götürər.

Yeməyə bismillahla başlamağın xüsusi savabı vardır. Ümumiyyətlə, hansı iş Allahın adı ilə başlasa, xeyirli və bərəkətli olar. İmam Əlidən (ə) rəvayət edirlər ki, hər kim yeməyə Allahın adı ilə başlasa və Allahın həmdi ilə bitirsə, yediyi nemət barədə sorğu-suala tutulmaz.

Yeməyə duzla başlamaq Peyğəmbər sünnətidir. Duz bütün xörəkləri dada gətirən nemətdir. Hədislərdə yeməyi duzla başlayan adama 72 cür xəstəliyin yaxın düşməyəcəyi bildirilib. Həzrət Əli (ə) buyururdu ki, yeməyi duzla başlayın; əgər insanlar duzda nə qədər fayda olduğunu bilsəydilər, padzəhr (zəhər əleyhinə məlhəm) əvəzinə duzdan istifadə edərdilər. İmam Rza (ə) süfrədə duz olmayanda, bunun əvəzinə çörəyi sirkəyə batırıb yeyərdi. Süfrədə göyərtinin olması da gözəl xüsusiyyətdir. İmam Cəfər Sadiq (ə) buyururdu ki, hər şeyin bəzəyi olduğu kimi, süfrənin də bəzəyi göyərtidir. Bəzi rəvayətlərdən məlum olur ki, məsum imamlarımız göyərti olmayan süfrə arxasında yemək yeməz, xidmətçi göyərti gətirməyəndə mütləq bunu onun yadına salardılar.

Yeməyi sağ əllə yemək tövsiyə edilir. Ümumiyyətlə, dinimizə görə şərəfli və təmiz işlər sağ əllə, çirkin işlər sol əllə görülər.

Yemək yeyərkən bəzi ədəb qaydalarını gözləmək zəruridir. Məsələn, süfrə arxasında başqalarının üzünə baxmamaq (çünki bu, onlarda narahatlıq yaradar və iştaha ilə yemələrinə mane olar), süfrədə öz qabağında və özünə yaxın olan yeməklərə əl uzatmaq, xörəyi yaxşı çeynəmək, amma bu zaman ağzı marçıldatmamaq lazımdır. Elə bəlkə də yeməyi yaxşı çeynəməyə şərait yaratmaq üçün bəzi hədislərdə süfrə arxasında çox oturmaq və yeməyə çox vaxt ayırmaq tövsiyə edilir. Hətta hədisdə buyurulur ki, süfrə arxasında keçirdiyiniz vaxt ömrünüzdən sayılmır.

Peyğəmbərimiz xörəyi qaynar halda yeməzdi. Ona isti xörək gətirəndə buyurmuşdu ki, xörəyi soyutsunlar, sonra təqdim etsinlər. Amma diqqət etmək lazımdır ki, xörəyi üfürməklə soyutmaq məsləhət görülmür.

Çörəyə xüsusi ehtiram göztərmək lazımdır. Əgər süfrədə duz-çörək varsa, yaxşı olar ki, adam başqa xörəyin gətirilməsini gözləmədən duz-çörəkdən yeməyə başlasın. Çörəyi tapdalamaq, ona hörmətsizlik etmək, hətta çörəyi boşqabın altına qoymaq məsləhət deyil. Bir nəfər rəvayət edir ki, İmam Rza (ə) onun yanında sübh yeməyi yeyən zaman süfrəyə xörək gətirirlər. İmam görür ki, çörəyi xörək kasasının altına qoyublar. O həzrət xidmətçiyə tapşırır ki, çörəyə ehtiramsızlıq etməsin və onu xörək kasasının altından götürsün. Çörəyi əl ilə doğramaq, kiçik loğmalar halında yemək bəyənilir.

Yeməyə yüngül qidalarla başlamaq məsləhətdir. Mədəyə ağırlıq verməyən xörəkləri birinci yemək lazımdır. Bu, sağlamlıq üçün zəruri şərtdir. Müasir tibb elmi də bunu təsdiq edir. Elə buna görə, yemək süfrələrində əvvəlcə sulu xörək yeyirlər.

İmam Həsən (ə) buyururdu ki, yeməyin 12 hökmü var. Bunun dördü fərz (vacib), dördü sünnətdir, dördü isə ədəbdəndir. Vacib olan göstərişlər bunlardır: mərifət (yəni sənə ruzi verənin Allah olduğunu bilmək), razılıq, Allahın adı ilə başlamaq və şükr etmək. Sünnətə və ədəbə aid olan bəzi xüsusiyyətləri də qeyd edirik: yeməkdən əvvəl dəstəmaz almaq, süfrədə öz qabağından yemək götürmək, loğmaları kiçik etmək, qidanı yaxşı çeynəmək, süfrə arxasında insanların üzünə baxmamaq və s.

Please publish modules in offcanvas position.