Bir hədis barədə araşdırma (İkinci hissə)

/ Bazar ertəsi, 16 Mart 2020 13:01
Bir hədis barədə araşdırma (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3229-bir-haedis-baraedae-arashd-rma-birindzi-hissae)

Yaxud Əbu Süfyan cihad zamanı hansı işlə məşğul olurmuş?

Nəhayət, Əbu Süfyan Həzrət Mühəmməd Peyğəmbərdən (s) xahiş edir ki, onun sərkərdə kimi cihadlarda iştirak etməsinə icazə versin. Həqiqətən, Əbu Süfyan həm Peyğəmbərin sağlığında, həm də sonrakı xəlifələrin zamanında bəzi hərbi yürüşlərə qatılmışdı.

Əbu Süfyan Taif savaşında bir gözünü itirdi. Ömərin zamanında müsəlmanlarla bizanslılar arasında baş vermiş Yərmuk savaşında da Əbu Süfyanın o biri gözü çıxdı. Bəzi müəlliflər bunu onun üçün üstünlük sayaraq, Əbu Süfyanı canından keçən Islam fədaisi obrazında təsvir edirlər. Lakin aşağıdakı rəvayət onun bu savaşlara hansı məqsədlə qatıldığını və döyüş şiddətləndiyi zaman nə ilə məşğul olduğunu aşkar nümayiş etdirir. Mötəbər rical mənbələrindən olan “əl-Istiab fi təmyizil-əshab” kitabında Ibn Zübeyrə istinadən yazılıb: “Hər dəfə rumlular üstünlük qazananda Əbu Süfan onları həvəsləndirib deyirdi: “Əhsən, Bəni-Əsfər!” (bu ifadə rumlulara, yəni bizanslılara işarədir). Müsəlmanlar üstünlüyü ələ keçirəndə isə belə deyirdi: “Bəni-Əsfər Rumun hökmdarlarıdır. Onlardan bir iz-soraq qalmayıb”. Allah qələbəni müsəlman¬lara qismət edəndən sonra Ibn Zübeyr bu hadisəni atasına danışdı. Zübeyr dedi: “Allah onu öldürsün! Hələ də münafiqlikdən əl çəkmir! Məgər biz onun üçün Bəni-Əsfərdən daha yaxşı deyilikmi?” (İbn əl-Birr. Əl-İstiab fi təmyizil-əshab, cild 11, səh. 300). Həmin döyüşdə Əbu Süfyanın ikiüzlü hərəkəti əhli-sünnənin digər mötəbər rical kitablarında da qeydə alınıb (İbn Həcər. Əl-İsabə (cild 3, səh. 238), İbn əl-Əsir. Üsüdül-ğabə (cild 5, səh. 216) və s).

Əbu Süfyanın zahirən iman gətrdikdən sonra da öz küfründə qaldığını sübut edən çoxlu dəlillər var. Bu rəvayətlərdən məlum olur ki, o, Islam pərdəsi altında nifaq yaradır, müsəlmanları daxildən zəiflətməyə çalışırmış. Peyğəmbərin vəfatından sonra Əbu Bəkr üçün müsəlmanlardan beyət alındığı zaman Əbu Süfyan Həzrət Əlinin (ə) yanına gəlmiş və hakimiyyəti ələ keçirmək üçün ona öz hərbi köməyini təklif etmişdi. Uzaqgörən İmam isə Əbu Süfyanı qovub uzaqlaşdırmışdı (Hafiz İbn əl-Birr. Əl-İstiab, cild 8, səh. 300). Daha sonralar, Əməvilər soyundan olan Osman ibn Affan hakimiyyətə keçdikdə Əbu Süfyan onun yanına gələrək, Əməvilərin hakimiyyətdən sui-istifadə etmələri üçün imkan yaranması münasibəti ilə sevincini bildirmiş, belə demişdi: “...Xilafəti top kimi əlində fırlat, hökumətinin dayağı isə Bəni-Üməyyə olsun. Həqiqətən, bu, mülkdür (hakimiyyətdir). Bilmirəm ki, cənnət nədir, cəhənnəm nədir?” Osman onun sözlərindən qəzəblənərək üstünə qışqırmış və öz yanından qovmuşdu (yux. mənbə, səh. 301; Məsudi. Mürucüz-zəhəb, cild 2, səh. 343).

Nəticə olaraq bunu deyə bilərik ki, göründüyü kimi, Əbu Süfyanın fəzilətinə sübut kimi gətirilən yuxarıdakı hədisin heç bir əsası yoxdur.

Please publish modules in offcanvas position.