Mehdi barədə bəzi şübhələrə primitiv cavablar

/ Çərşənbə axşamı, 17 Mart 2020 10:42
Mehdi barədə bəzi şübhələrə primitiv cavablar

Son zamanlar yerli sosial şəbəkələrdə bəzi şəxslər Mehdi inancı ilə bağlı şübhələr yayır, daha doğrusu, bu inancı kökündən rədd etməyə çalışırlar.

İlk öncə onu deyək ki, Mehdi inancı yalnız şiə məzhəbinə deyil, bütünlükdə İslam dininə aid olan bir məsələdir. Hətta təkcə müsəlmanlar deyil, sair dinlərin ardıcılları da dünyanın sonuna yaxın, zülm ərşə dayanacağı zaman bir nəfərin zühur edərək, ilahi ədaləti bərpa edəcəyinə inanırlar. Mehdi inancı fərqli formalarda həm yəhudilik və xristianlıqda, həm də zərdüştilik və manilikdə mövcuddur. Hətta babilik adlı azğın cərəyanın banisi də bir vaxtlar özünü mehdi adlandırmışdı. Tarix mehdilik iddiasında olan və bunu öz siyasi məqsədləri üçün alətə çevirən çox adama şahid olub. Bu, onu göstərir ki, hətta batil və sapıq əqidə sahibləri belə, bir xilaskarın mövcudluğunu qəbul etmiş, özlərində həmin xilaskarı tapmağa çalışmışlar.

Mehdi inancındakı fərqlər Mehdinin şəxsiyyəti problemi ilə bağlıdır. Məsələn, xristianlar Həzrət İsa Məsihin (ə) ikinci gəlişinə, şər təzahürü olan anti-məsihlə mübarizəsinə və qələbəsinə inanırlar. İslamın əhli-sünnə məzhəbi baxımından, Mehdi Həzrət Fatimənin (ə) nəslindən, İmam Həsənin (ə) soyundandır və dünyanın sonuna yaxın doğulacaq, normal ömür yaşayaraq zühur edəcək. Şiələr isə o həzrəti XI imam Həzsən Əsgərinin (ə) oğlu olaraq qəbul edir, qeyb halında diri olduğuna inanırlar.

Mehdi inancına qarşı səlib yürüşü elan edənlərin arqumentləri o qədər əsassız və zəifdir ki, onlara elə öz səviyyələrində cavab verməyi qərara aldıq. Mehdinin gəlişini inkar edənlərin əsas sözü budur: “Mehdi niyə zühur etməlidir ki? Məgər o, Həzrət Mühəmməd Peyğəmbərin (s) bacarmadığı bir işi edəcək? Məgər Mehdi son peyğəmbərdən daha bacarıqlı və daha üstündür?”

Əvvəla, mehdi inancını qəbul edən heç kim onu peyğəmbər hesab etmir. İkincisi, əgər bu məntiqlə düşünsək, peyğəmbərlərin göndərilməsinə də ehtiyac olmaz. Əgər insanları hidayət edən Allahdırsa, niyə onlara peyğəmbərlər göndərib? Peyğəmbərlər Allahın edə bilmədiyi, bacarmadığı nəyi ediblər? Məgər Allah insanlara peyğəmbərlər göndərmədən onları doğru yola çəkə bilməzmi? Əgər peyğəmbərlərin vəzifəsi yalnız vəhyi təbliğ etməkdirsə, Allah hər xalq üçün səmadan bir kitab atıb deyə bilməzdimi ki, özünüz oxuyun? Yaxud hər kəsin şüuruna həmin səmavi kitabın mətnini həkk edə bilməzdimi? Deməli, burada müəyyən şərait və qanunauyğunluq daxilində həyata keçirilən missiyadan söhbət gedir. Allah hər bir hadisəni və prosesi müəyyən qanun-qaydaların, şərtlərin, hazırlıq və nəticələrin vasitəsilə həyata keçirir. Həzrət Mehdinin (ə) də öz şəraiti, öz missiyası və öz metodları olacaq.

İnkarçıların irəli sürdüyü ikinci irad budur ki, Mehdinin (ə) qeybdə olmasının ümmətə nə faydası var ki? İmam qeybdədirsə, gözlərdən gizlidirsə, ümmət ondan necə bəhrələnə bilər? Bu iddianın da cavabını çox sadə şəkildə vermək olar. Əgər söhbət məsum şəxsin bütün problemləri aradan qaldırmasından gedirsə, 13 məsum tam aşkar şəkildə fəaliyyət göstərdikləri halda məgər zülmün və şərin kökünü bütövlükdə kəsə bildilərmi? Əgər şərait uyğun deyilsə, maneələr həddən artıq çoxdursa, tam müsbət nəticəni gözləmək olarmı? Yox, əgər söhbət ümmətlə məsumun rabitəsinin məhdudluğundan gedirsə, bu halda da qəbul etməliyik ki, qalan 13 məsumun ümmətlə əlaqəsi heç də maneəsiz olmamışdır. Onların əksəriyyəti ciddi nəzarət altında, hətta həbsdə yaşamışlar. İmamlar kənar məntəqələrdə yaşayan tərəfdarları ilə bir qayda olaraq öz nümayəndələri və naibləri vasitəsi ilə əlaqə saxlayırdılar. Qeybət dövründə də İmam Mehdinin (ə) naibləri müctəhidlərdir. Bunun sübutu isə o həzrətin özünün: “Qarşınıza çıxan hadisələr zamanı hədislərimizi söyləyən rəvayətçilərə müraciət edin”, - kəlamıdır. Bu mübarək kəlamda Quran ayələri və məsumların hədisləri əsasında hökm verən müctəhidlər nəzərdə tutulur.

Sonda qeyd edirik ki, mehdəviyyət mövzusunda çaşqınlığa düşmüş şəxslər daha başqa iddialar da irəli sürürlər ki, onların da əsası zəif, rəddi asandır.

Please publish modules in offcanvas position.