Bu qəzavətin sahibi Molla Nəsrəddin yox, İmam Əlidir (ə)

/ Çərşənbə axşamı, 17 Mart 2020 10:59
Bu qəzavətin sahibi Molla Nəsrəddin yox, İmam Əlidir (ə)

Tarixdən yaxşı məlumdur ki, bəzi böyük şəxsiyyətlərin ibrətli kəlamları, davranışları zaman keçdikcə xalq içində zərbi-məsələ dönür. Onların buyurduğu hikmətlər atalar sözü kimi dillərdə gəzib-dolaşır, onların başına gələn hadisələr lətifəyə çevrilir.

Yüziliiklər keçdikdən sonra bu söz və davranışların əsil sahibini öyrənmək ciddi çətinlik yaradır. Çünki bunlar xalqın, ümmətin, bəşəriyyətin ümumi malına dönür.

Belə şəxsiyyətlərdən biri də möminlərin əmiri Həzrət Əlidir (ə). O həzrətin bir çox hikmətli kəlamı sərhəd tanımadan yayılmış və əsil müəllifi unudularaq zərbi-məsələ çevrilmişdir. Bu cür halların əksəriyyəti xalqın sevgisi üzündən baş veriyi halda, İmama qarşı bəzi qərəzli mənimsəmələrin də şahidi oluruq.

Həzrət Əlinin (ə) qəzavətləri, yəni çətin məsələlərin həlli zamanı verdiyi hökmlər dillər əzbəridir. İslam Peyğəmbərinin buyurduğu kimi, Əli (ə) bu ümmətin ən yaxşı qəzavət edəni olmuşdur. O, həm Peyğəmbərin sağlığında, həm ilk üç xəlifənin dövründə, həm də öz xilafət müddətində yüzlərlə irili-xırdalı müşkülü həll etmiş, insanları əsassız ittihamlardan, hətta ölümdən xilas etmişdi. Əli (ə) ədalətli hökm verməkdə o qədər məşhur idi ki, Ömər ibn Xəttab hər bir çətinlik zamanı ona müraciət edir, “Əli olmasaydı, Ömər həlak olardı”, “İlahi, mənə elə bir gün qismət etmə ki, qarşıma çətin məsələ çıxanda Əli yanımda olmasın” - deyə, o həzrətin elmi qarşısında öz heyrətini gizlətmirdi.

Həzrət Əlinin (ə) məşhur qəzavətlərindən birini də... Molla Nəsrəddinə aid ediblər. Məlum olduğu kimi, Molla Nəsrəddin, hələ də kimliyi dəqiq bilinməyən bir obrazdır. Türk xalqlarının müştərək folklor fiqurlarından olan Molla Nəsrəddinin təqribən XIII əsrdə yaşadığı ehtimal edilir.

Molla Nəsrəddin lətifələrini oxuyan hər kəs yəqin ki, 17 uzunqulağı lazım olan nisbətdə bölə bilməyən 3 nəfər haqqında əhvalatı oxuyublar. Uşaq vaxtı bu lətifəni oxuyub, məsələni asanlıqla öz yoluna qoyan Molla Nəsrəddinin zəkasına heyran qalırdım. İllər keçəndən sonra, dini mətnlərlə tanışlıq əldə edəndə bildim ki, bu, Həzrət Əlinin (ə) qəzavəti əsasında qurulmuş bir lətifə imiş.

Mərhum Ayətullah Şeyx Mühəmməd Təqi Şüştəri “Əmirəlmöminin Əlinin (ə) qəzavətləri” kitabında (səh. 158) yazır:

“Üç nəfər 17 dəvəni bölmək üstündə mübahisə edirdi. Onların birincisi dəvələrin yarısına, ikincisi üçdən-birinə, üçüncüsü isə doqquzdan-birinə iddialı idi. Onlar bu nisbətdə dəvələri hər nə qədər kəsirsiz bölmək istəsələr də, alınmırdı. Mübahisəni həll etmək üçün Əmirəlmöminin Əliyə (ə) müraciət etdilər. İmam obnlardan soruşdu: “Etiraz etmirsinizsə, mən öz dəvəmi bunlara qatıb bölgü apararam”. Adamlar razı oldular. İmam öz dəvəsini də bu 17 dəvəyə qatdı, cəmi 18 dəvə oldu. Sonra onların yarısını, yəni 9 dəvəni birinci adama verdi. Üçdən-birini, yəni 6 dəvəni ikinci adama, doqquzdan birini, yəni 2 dəvəni də üçüncü adama verdi. Həzrətin öz dəvəsi yenə kənarda qaldı və həzrət dəvəsini götürüb getdi”.

Please publish modules in offcanvas position.