Müəllimini mat qoyan şagird

/ Çərşənbə axşamı, 17 Mart 2020 11:08
Müəllimini mat qoyan şagird

Aşağıda təqdim edilən münazirə (elmi mübahisə) hicri IV (miladi X) əsrdə yaşamış məşhur mötəzili alimi Əbu Əli Cübbai ilə şagirdi Əbül-Həsən Əşəri arasında baş vermişdir.

Mötəzililik miladi VIII əsrdə yaranmış kəlam cərəyanlarından biri idi. Bu cərəyanın meydana çıxması Həsən Bəsrinin tələbəsi Vasil ibn Ətanın (vəf. m. 748-ci il) adı ilə bağlıdır. Vasil öz müəllimindən ayrılaraq yeni dərs məclisi təşkil etdiyi üçün Həsən Bəsri onu və ardıcıllarını “mötəzililər” (ayrılıb gedənlər) adlandırmışdı.

Təqribən iki əsrlik çiçəklənmə mərhələsindən sonra mötəzilə süqut etməyə başladı. Əvvəlcə mötəzili olub, sonra buna qarşı çıxan Əbül-Həsən Əşəri adlı alim mötəzilə əleyhinə bütöv bir əqidə platforması hazırladı ki, buna əşərilik deyilir.

Mötəzililərlə əşərilərin fikir ayrılığının mövzularından biri də günah barəsində idi. Mötəzililərin əqidəsincə, böyük günah edən şəxs nə mömin, nə də kafirdir. O, cənnətə düşməyəcək, cəhənnəmdə də yanmayacaq; bunların arasındakı bir məqamda yerləşdiriləcək. Əşərilər isə belə insanın imandan çıxmadığına, amma fasiq (günahkar) olduğuna inanırdılar. Onlar deyirdilər ki, böyük günah sahibini Allah-təala ya özü bağışlayacaq, ya da şəfaətçilərin xahişi ilə əfv edəcək. Ən pis halda, bu adam müvəqqəti olaraq cəhənnəmdə öz günahlarını yuduqdan sonra cənnətə aparılacaq.

Əbül-Həsən Əşəri vaxtilə məşhur mötəzili alimi Əbu Əli Cübbainin tələbəsi olmuşdu. Bir gün onların arasında belə bir mübahisə düşür:

Əbül-Həsən Cübbaidən soruşur: “Tutaq ki, üç qardaşın biri mömin, digəri kafir halda, üçüncüsü isə həddi-büluğa çatmadan ölüb. Onların axirətdəki yeri barədə fikrin nədir?” Cübbai cavab verir: “Mömin qardaş behiştə, kafir qardaş cəhənnəmə düşəcək, yetkinlik yaşına çatmamış qardaş da əzabdan nicat tapacaq, amma behiştə düşməyəcək”. Əbül-Həsən yenə soruşur: “Kiçik qardaş da mömin qardaş kimi behiştə getmək istəsə, Allah ona icazə verəcəkmi?”

Müəllim cavab verir: “Yox, ona deyəcəklər ki, mömin qardaş etdiyi ibadətlərə görə behiştə düşüb; sən bu savabları qazanmadığın üçün, behiştə gedə bilməzsən”. Əbül-Həsən etiraz edir: “Onda o, Allaha şikayət edib deyər: Günahım nədir ki, məni ibadət yaşına çatmadan öldürmüsən, indi behiştə daxil ola bilmirəm?!” Cübbai: “Allah da ona belə cavab verər ki, sənin tez ölməyin ilahi məsləhət üzündən idi. Əgər çox yaşasaydın, kafir olub, cəhənnəmə düşəcəkdin”.

Əbül-Həsən dərhal deyir: “Bəs, cəhənnəmə düşən qardaş deməzmi ki, ey Allah, sən mənim kiçik qardaşımın taleyini əvvəlcədən bildiyin kimi, mənim də taleyimi əvvəlcədən bilirdin. Elə isə niyə onu böyüyüb küfrə bulaşmazdan qabaq öldürdün və cəhənnəmdən xilas etdin, amma məni kafir kimi yaşatdın?!”

Cübbai şagirdin sualına cavab tapmadığı üçün: “Sənin başına hava gəlib”, - deyərək onu qovur.

Please publish modules in offcanvas position.