Bibiheybət ziyarətgahı (İkinci hissə)

/ Şənbə, 29 Avqust 2015 12:53
Bibiheybət ziyarətgahı (İkinci hissə)

İmamət nurunun Bakıdakı zərrəsi

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3299-imam-rzan-n-ae-badz-s-haekimae-khatun-birindzi-hissae)

XIII əsrdə ziyarətgah barədə xəbər Şirvanşahlara çatır. Şirvanşah II Fərruxzad ibn Əxsitan 1281-82-ci illərdə məzarın üzərində məscid tikdirir (memarı Mahmud ibn Səid). Səfəvilər dövründə Bibiheybət inkişaf edir, iri ərazilər vəqf olaraq ziyarətgaha verilir. Məscidin ətrafında ziyarətgah kompleksini idarə edən şəxslərin (şeyxlərin) və inzibati işçilərin yaşadıqları məhəllə və dəfn olunduqları qəbristanlıq yaranır. (Mərhum akademik Ziya Bünyadovun ulu əcdadı Şeyx Bünyad da Səfəvilər zamanında ziyarətgahın işlərinə rəhbərlik edirdi).

Bibiheybət əsrlər boyunca dövlət başçılarının və ziyalıların diqqət mərkəzi, ziyarətgah məkanı olmuşdur. Quba xanı Fətəli xan tez-tez buranı ziyarət edirdi; öz vəsiyyətinə əsasən, onu burada dəfn etmişdilər. (Fətəli xanın məzarının başdaşısı Azərbaycan Tarixi Muzeyindədir). Görkəmli şairə Xurşidbanu Natəvan övladının doğulması üçün Bibiheybət ziyarətgahına nəzir demiş, oğlu dünyaya gəldikdən sonra Bakıdan Bibiheybətə yol çəkdirmişdi, özü də uşağını qucağını alaraq həmin yolla piyada ziyarətə gəlmişdi. 1840-cı ildə Bakıya səfəri zamanı Bibiheybəti ziyarət etmiş məşhur fransız yazıçısı Aleksandr Düma (ata) buranın möcüzəvi xüsusiyyətləri barədə yazırdı: “Məscid sonsuz qadınların ziyarət yeridir. Onlar bura piyada gəlir, burada namaz qılır və bir il ərzində övlad sahibi olurlar”.

Bibiheybət ziyarətgahı barədə “Bihar əl-ənvar” kitabında da məlumat verilib. İmam Musa Kazimin (ə) övladlarından bəhs edən fəslə Əllamə Seyid Cəfər Ali-Bəhrül-ülum Təbatəbainin yazdığı əlavədə oxuyuruq: “Fatimeyi-suğranın qəbri Badikubə şəhərinin cənubunda, bir fərsəx məsafədə, qədim binaya malik məscidin ortasında yerləşir. “Mirat əl-buldan” kitabının müəllifi belə yazıb” (Bihar əl-ənvar, XLVIII, 317; “Mirat əl-buldan” kitabının müəllifi Mühəmmədhəsən xan Etimadüs-səltənədir).

1911-ci ildə xeyriyyəçi Ələsgər ağa Dadaşovun vəsaiti hesabına memar Hacı Nəcəf ziyarətgahın bir minarəli, kub şəkilli binasını təmir edir və kompleksi yeni tikililərlə təkmilləşdirir. Tikinti-təmir işlərindən sonra artıq məscidin 3 günbəzi vardı.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir çox dini abidələr kimi Bibiheybət məscidi də “köhnəliyin qalığı” elan edildi və 1936-cı ildə dinamitlə partladıldı. Ziyarətgahın yerləşdiyi ərazidən magistral yol salındı.

Ümummilli Lider Heydər Əliyev 1994-cü illdə Bibiheybət ziyarətgahının bərpası barədə fərman imzaladı. Qədim sənədlər və fotoşəkillər əsasında məscidin keçmiş memarlıq quruluşu bərpa edildi. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev şəxsən yeni tikilən Bibiheybət məscidinin özülünü qoydu. 10 il davam edən tikinti işlərindən sonra üç günbəzli, qoşa minarəli möhtəşəm ziyarətgah kompleksi dindarların ixtiyarına verildi. Məscid binasında Azərbaycan klassik memarlıq ənənələri ilə yeni sənət tapıntılarının üzvi sintezi əldə edilmişdir. Məscidin daxili salonunun hündürlüyü 5 metrdir və burada 3000 nəfər adam eyni vaxtda namaz qıla bilər.

Please publish modules in offcanvas position.