Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin (Üçüncü hissə)

/ Çərşənbə, 18 Mart 2020 13:46
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin (Üçüncü hissə)

(Əvvəli  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3303-zhedzae-saemaya-bakh-n-vae-musaelman-izlaerini-mushahidae-edin-birindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3304-zhedzae-saemaya-bakh-n-vae-musaelman-izlaerini-mushahidae-edin-ikindzi-hissae)

Betelgeyze – Orion bürcünün alfa ulduzudur. Ulduzun adı ərəbcə “yəd əl-covza” ya “beyt əl-covza”, yəni “əkizlərin əli ya evi” ifadəsindən götürülüb. Orion bürcünün ikinci parlaq ulduzu Rigeldir. Bəlkə də çoxları bilmir ki, bu söz ərəb dilindəki “ricl”dən qaynaqlanır və mənası “ayaq” deməkdir. Orion bürcündə ovçunun ayaq hissəsində yerləşdiyi üçün ulduz bu adı daşıyır. Onun parlaqlığı Günəşdən 130 min dəfə artıqdır. Yer kürəsinə o biri ulduzlardan daha yaxın yerləşdiyi üçün Rigel adi gözlə də aydın görünür.

Maraqlı bürclərdən biri də cənub yarımkürəsinin səmasına aid olan Durna bürcüdür. Bu bürcün alfa (ən parlaq) ulduzu Alnair adlanır ki, bu da ərəb dilində “əl-nəyyir” (nurlu, işıqlı) sözündən qaynaqlanır.

Dovşan bürcünün alfa ulduzu Arnebdir. Ərəb dilində dovşana “ərnəb” deyirlər. Həmin bürcdəki ulduzlardan biri də Nihal adlanır. Ərəb dilində bu sözün mənası “su içib doymuş dəvə” deməkdir. Məsələ bundadır ki, qədim ərəblər Dovşan bürcünü həm də dəvə karvanı şəklində təsəvvür edirdilər.

Eridan bürcünün alfa ulduzu Axernar da öz adını ərəb dilindən götürüb. Bu sözün kökü ərəbcə “axər ən-nəhr” (dənizin sonu) ifadəsinə əsaslanır. Qədim xalqlar Eridan bürcünü çaya bənzədirdilər.

Qartal bürcünün betta ulduzu Alşain, qamma ulduzu isə Tarazed adlanır. Göründüyü kimi, bunlar “şahin” və “tərəzi” sözlərindən götürülüb. Həmin ulduzlar səmada yay-payız üçbucağının iti bucağında yerləşən parlaq Altair ulduzunun ətrafında yerləşir.

Əqrəb bürcü də bu mənada diqqətəlayiqdir. Bürcün betta ulduzu astronomik ədəbiyyatda elə Akrab adlanır. Ulduzların əmələ gətirdiyi xəyali əqrəb təsvirinin quyruq hissəsinin ucundakı ulduzun adı Şauladır, bu isə ərəbcə “şavla”, yəni “əqrəbin iynəsi, neştəri” sözündən götürülüb. Əqrəb bürcünə aid olan daha bir neçə ulduzun da adı ərəb mənşəlidir: Alniyat (“əl-niyat” - arteriya), Dşubbah (“cəbhə” - alın) və s. Qeyd edək ki, Şir bürcündəki Algieba ulduzunun adı da ərəbcə alın (cəbhə) sözündən kök alır. Eləcə də, Şir bürcünə aid olan Denebola (dənəbül-əsəd, yəni aslanın quyruğu), Duhr (zahr – arxa, kürək), Rasalas (rəsül-əsəd, yəni aslanın başı), Aldhafera (əl-zəfirə, yəni hörük və ya aslanın yalı) ulduzlarının adı ərəbcədəndir.

Bəzi bürclərin əsas ulduzlarının latınca adı onların ərəb dilindən alınmasından xəbər verir və bürcün adını özündə ehtiva edir. Məsələn: Algorab (qarğa), Fum al-samakah (balığın ağzı), Alrami (oxatan), Hamal (qoyun), Elmuthalleth (üçbucaq), Unuk al-hai (ilanın boynu), Ankaa (feniks) və s.

Səmada bir çox daha başqa ulduzlar da var ki, onların adının ərəb mənşəli olması elə ilk oxunuşdan aydın olur. Məsələn: Qarğa bürcündəki Minkar (dimdik), Herkules bürcündəki Raas (baş), Peqas bürcündəki Homam (göyərçin), Markab (minik), Orion bürcündəki Thabit (sabit - ulduz), Əkizlər bürcündəki Vasat (orta), Kassiopeya bürcündəki Kaf (kəff - ovuc), Buğa bürcündəki Ain (göz), Böyük Köpək bürcündəki Zaurak (qayıq), Kentavr bürcündəki Toliman (erkək dəvəquşu).

Sonda ərəb mənşəli daha bir neçə ulduz adının siyahısını ümumi şəkildə təqdim edirik:

Alferas (at), Arrakis (rəqs edən), Alrişa (ip, kəndir), Alnitak (kəmər), Mintaka (kəmər), Alnasl (ox ucluğu), Alfavaris (süvarilər), Aladfar (caynaqlar), Zavijava (hürən itin məkanı), Albaldah (şəhər), Al-Kalb arrai (çobanın iti), Alxena (damğa), Algiyedi (oğlaq), Altarf (göz), Sadatoni (said əs-sani, yəni ikinci qol), Dabih (qurban), Enif (burun), Alrai (çoban), Furud (tək, tənha), Alkab (topuq), Kaus (qövs), Meissa (parlaq), Rukbah (diz), Sadalmelik (yəni padşahın xoşbəxtlik ulduzu), Sadalsuusd (xoşbəxtlərin ən xoşbəxti), Şedar (sinə, döş), Alşam (ox), Alşaratan (iki işarə), Sulafat (tısbağa), Tania (ikinci), Talita (üçüncü), Zuban al-Akrab (əqrəbin qısqacları) və s.

Please publish modules in offcanvas position.