Mənəvi zindanlardan azad olmağın yolları

/ Çərşənbə, 18 Mart 2020 13:48
Mənəvi zindanlardan azad olmağın yolları

(Əli Şəriətinin “Həcc” kitabından bir parça)

...İbrahimin tanrısı və insanın yaradıcısı xəbər verib: “Həqiqətən, yer üzünün varisi (sahibi) saleh bəndələrimdir” (Ənbiya, 105). O, müjdə verib: “İstəyirdik ki, yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək” (Qəsəs, 5).

Zəif düşüb əzilmək. İnsanı başqa cildə salan, sındıran, bütün bəşəri imkanları, insana məxsus bütün maddi və mənəvi qüdrətləri məhv edən, oğurlayan əzilmək! Bütün qeyri-humanist sistemləri və bəşəriyyəti iflic edən bütün amilləri öz içində daşıyan kəlmə! Despotizm, müstəmləkəçilik, quldarlıq, istismar, başqasını iş heyvanına çevirmək və insanlıq düşmənlərinin bundan sonra da ixtira edəcəkləri hər şey!

Qoy ixtira etsinlər. Allah nəinki yalnız məhkum insanların nicatı və nifrinə düçar olmuş yer sakinlərinin azadlığı barədə öz iradəsini elan edir. Hətta arxayınlıqla bildirir ki, tarixin ilahi önyazısını, insan cəmiyyətinin rəhbərlik və başçılıq ıxtiyarını bu təbəqəyə həvalə edir, yer üzünün hər nöqtəsində və zamanın hər bir anında məhrum qalanları bütün qüdrət qəsrlərinin, sərvət xəzinələrinin, mədəni və ruhani kapitalların varisi edir...

Tarixin determinizmi Allahın dəyişməz sünnəsidir: “Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən” (Əhzab, 62). Allah fenomenlərə həm vücud (varlıq), həm də cəhət (istiqamət) verir. “Yaratmaq da, əmr etmək də ona məxsusdur” (Əraf, 54).

Sən bir ayətsən. Sənin taleyin buna bağlıdır ki, sünnənin məcburiliyini kəşf edəsən, seçəsən. Təbiətin öz məcburi hərəkəti var, tarixin öz məcburi hərəkəti var. İnsan da öz məcburi yolunu izləyir.

Bəs sən? Dörd məcburiyyətin, dörd böyük zindanın məhbususan! Təbiət, tarix, cəmiyyət və özün! Təbiətin məcburiyyətini kəşf etməlisən (elmlə), agahlıqla onun yolunun üstündə durmalısan. Təbiətin məcburiyyət zindanından təbiətin məcburiyyətinə uyğunlaşaraq xilas olarsan. Tarixi də kəşf etməlisən (tarix elminin fəlsəfəsi ilə). Agahlıqla onun yolunun üstündə durub tarixin məcburiyyətinə uyğunlaşmaqla öz tarixi məcburiyyət trayektoriyanı dəyişdirə bilərsən. İctimai mühitin məcburiyyətini kəşf edər (sosiologiya vasitəsilə), sosial qanunları tanıyar, onlara xidmət edər, cəmiyyətdə hökm sürən sistemin zindanından agah bir inqilab vasitəsilə azad olarsan. Hər üç zindandan xilas olmağın yolu elmlədir.

Bəs dördüncü zindandan? Öz zindanından, daxili istəklərin zindanından, öz içində gəzdirdiyin zindandan?!

Bu dördüncü zindanın qapılarını açmağa elm acizdir. Qalan üç zindan səndən kənarda idi, dördüncü zindan isə sənin içindədir, sənin varlıq aləmindədir. Elə bir elm lazımdır ki, səni sənin özünə tanıtdırsın, səni kəşf etsin. Elə bir qüdrət lazımdır ki, sənə qalib gəlsin, səni özünə qarşı üsyana qaldırsın. Elə bir güclü əl lazımdır ki, səni öz içindən çəkib çıxarsın, səni dəyişdirsin.

Burada elm işə yaramaz. Görürük ki, elmin özü elmli insanın zindan rəisidir.

Hikmət gərəkdir, fıtri elm, özünüdərk, qaranlıq yer hücrəsində peyğəmbərlərin yandırdıqları nur, din, öz iç zindanını sənə yenidən tanıtdıracaq, vücudunun dərinliklərində gizlənmiş zindan rəislərini sənin üçün kəşf edəcək bilik, səni öz zindanından çıxara biləcək qüdrət! Elm sənəti yox, eşq incəsənəti! Əgər öz canın sənin zindanına çevrilsə belə, onu şəhadət vasitəsilə sındırar. Əgər öz İsmailin sənin ayaqlarına buxov olsa, onu şəhadətdən daha yüksək bir qüvvə ilə sənin öz əlinlə öldürər. Dördüncü zindandan xilas yolu eşq ilədir. Elə bir eşq ki, özünü təbiətin etdiyi kimi dağıdıb-sökməyin, sonra Allahın istədiyi kimi yenidən yaratmağın üçün sənə özünüdərk və ilahi yaradıcıhq sifətləri bəxş edər.

Sən yalnız bir vücudsan. öz mahiyyətini özün yaratmalısan... Sənin taleyin elə bir mətndir ki, əgər o mətni bilməsən, onu başqa yazarların əli yazacaq; əgər bilsən, özün yazmağı bacaracaqsan!

Please publish modules in offcanvas position.