Peyğəmbər xristianlarla mübahiləyə özü ilə kimləri apardı?

/ Cümə axşamı, 08 Oktyabr 2015 13:49
Peyğəmbər xristianlarla mübahiləyə özü ilə kimləri apardı?

8 oktyabr – Mübahilə gününün ildönümüdür

Hicrətin 9-cu ilinin sonlarında Yəmənin Nəcran bölgəsində yaşayan xristianların nümayəndə heyəti Mədinəyə gəldi ki, Həzrət Mühəmməd Peyğəmbərlə (s) görüşüb, onun həqiqətən peyğəmbər olub-olmadığını yoxlasınlar. Allahın Rəsulu (s) qeyri-müsəlmanlarla bütün görüşlərində olduğu kimi, bu dəfə də Nəcran xristianlarını İslama dəvət etdi, Həzrət İsa Peyğəmbərin (ə) Allahın oğlu deyil, bir insan və peyğəmbər olduğunu bildirdi. Amma nümayəndə heyətində olanlar onunla razılaşmadılar və öz əqidələrinin doğru olduğunu isbat etmək üçün çalışmaqda davam etdilər. Mübahisə qızışdı. Axırda Allahın Rəsulu (s) təklif etdi ki, hansı tərəfin haqq olduğunu aydınlaşdımaq üçün mübahilə etsinlər. Mübahilə – iki qarşı tərəfin Allah dərgahına xüsusi dua ilə yalvarmasına deyilir. Bu zaman tərəflərdən hər biri Allahdan istəyir ki, hansı tərəf nahaqdırsa, ona dərhal bəla göndərsin. Bu, bir-birinə təslim olmaq istəməyən və öz fikrini inadkarlıqla müdafiə edən iki tərəfin həqiqəti üzə çıxarmaq üçün əl atdığı sonuncu üsuldur.

Nəcran xristianları bu təkliflə razılaşdılar. Mübahilə ertəsi günə – zilhiccə ayının 24-ə təyin olundu. Bundan sonra xristianlar öz aralarında məsləhətləşib belə qərara gəldilər ki, sabah Peyğəmbərin (s) mübahiləyə kimlərlə gələcəyini gözləsinlər. Əgər Peyğəmbər (s) öz səhabələri və tərəfdarları ilə gələrsə, qorxmadan onunla mübahilə etsinlər. Yox, əgər o həzrət yalnız ailə üzvləri və ən yaxın qohumları ilə gələrsə, onda mübahilədən imtina etsinlər. Çünki bu halda onun həqiqi peyğəmbər olduğu bilinəcək. Əsil peyğəmbər bu cür təhlükəli hallarda ən yaxınlarını özü ilə gətirər, yad insanları təhlükə altına salmaz, həm də onun duasına amin söyləməyi ən yaxınlarına həvalə edər.

Ertəsi gün Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Hüseyni (ə) qucağına alıb İmam Həsənin (ə) əlindən tutmuş halda mübahilə yerinə gəldi. Onun ardınca qızı Fatimeyi-Zəhra (ə) və əmisi oğlu, həm də kürəkəni Əli ibn Əbu Talib (ə) addımlayırdılar. Peyğəmbər təyin olunmuş yerə çatandan sonra Əhli-beytinə dedi: “Mən dua edəndə siz amin deyərsiniz”. Nəcranlılar bu mənzərəni görəndə dəhşət içində mübahilədən imtina etdilər, Peyğəmbərdən (s) üzr istəyib, onunla cizyə (vergi) müqaviləsi bağladılar və öz vilayətlərinə qayıtdılar.

Bu münasibətlə Allah-təala Ali-İmran surəsinin 61-ci ayəsini nazil etdi:

“Sənə verilən elmdən sonra səninlə mübahisə edənlərə de: “Gəlin, biz də oğulla¬rımızı, siz də oğullarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də nəfslərimizi, siz də nəfslərinizi çağıraq. Sonra dua edib, yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran, 61).

***

Mübahilə olayı Əhli-beytin fəzilətlərinin ən parlaq sübutlarından biri sayılır. Çünki Peyğəmbər bu ağır və təhlükəli məsələdə məhz onların köməyinə arxalanmış, öz duasına onların amin deməsini istəmişdi. Ayədəki “oğullarımız” kəlməsi İmam Həsənlə İmam Hüseynə (ə), “qadınlarımız” kəlməsi Həzrət Fatiməyə (ə), “nəfslərimiz” sözü isə İmam Əli ibn Əbu Talibə (ə) işarədir. Sonuncu kəlmə ərəb dilində həm “bir şeyin özü”, həm də “can” mənasını verir. Hər iki mənada qəbul edildikdə, bu kəlmənin Əli (ə) üçün böyük bir fəzilət olduğunu görürük. Yəni bu ayədə Əli ibn Əbu Talib (ə) Həzrət Mühəmmədin (s) ya özünə bərabər tutulub, ya da onun canına bənzədilib.

İslamın ilk dövrlərində yaşamış bir çox məşhur şəxsiyyətlər “mübahilə” ayəsinə Əhli-beytin üstünlüyünün sübutlarından biri kimi baxırdılar. Hətta bəzi səhabələr, Müaviyə onları Əhli-beyti təhqir etməyə məcbur edərkən, həmin ayəyə əsaslanaraq bu çirkin günaha bulaşmaqdan imtina edirdilər. Bu mənada məşhur səhabə Səd ibn Əbu Vəqqasla Müaviyənin söhbəti çox maraqlıdır:

Bir gün Müaviyə Səd ibn Əbu Vəqqası yanına çağırıb soruşur: “Sən niyə Əbu Türaba (yəni Əli ibn Əbu Talibə) söyüş demirsən?” Səd deyir: “Allah Rəsulunun Əli barədə buyurduqlarından üçünü yadıma salanda onu söyə bilmirəm. Bu üç xüsusiyyətdən birinin məndə olmasını qızılı yunlu dəvədən daha artıq istərdim. Allah Rəsulu hərbi səfərlərin birində onu öz yerinə canişin qoydu. Əli ona dedi: “Ya Rəsuləllah! Məni qadınların və uşaqların yanındamı qoyursan?!” Allah Rəsulu ona buyurdu: “Məgər istəmirsən ki, mənim yanımda dərəcən Harunun Musa yanındakı dərəcəsi kimi olsun?! Yalnız bu istisna var ki, məndən sonra peyğəmbər gəlməyəcək”. Xeybər günündə Peyğəmbərin belə buyurduğunu eşitdim: “Döyüş bayrağını elə bir adama verəcəyəm ki, Allahı və Onun Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər”. Hamımız bayrağı almaq üçün hazır olduq. Amma o həzrət buyurdu: “Əlini yanıma çağırın”. Əli gözləri xəstə halda gəldi. Peyğəmbər ağzının suyunu onun gözlərinə sürtüb bayrağı ona verdi. Allah da ona qələbə nəsib etdi. Həmçinin, “Siz də oğullarınızı çağırın, biz də oğullarımızı çağıraq” ayəsi nazil olanda Allahın Rəsulu Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb buyurdu: “Allahım! Bunlar mənim ailəmdir (əhlimdir)” (Səhihü Müslim, 6220-ci hədis).

Əhli-sünnə alimlərindən bir çoxu öz əsərlərində mübahilə ayəsinin nazil olma vaqeəsini təsvir etmişlər. Bu məsələni bircə hədislə də olsa, qeyd etmiş məşhur əhli-sünnə alimlərinin sayının 60-ı ötdüyünü yazırlar (Müstədrək, III, 176 (4782-ci hədis); Müsnədi-Əhməd, V, 185; Üsüd əl-ğabə, IV, 25-26; Şəvahid əl-tənzil, I, 155-166 və s).

Bunlardan əlavə, əhli-sünnə məzhəbindən olan məşhur müfəssirlər Təbəri, Qurtubi, Fəxrəddin Razi, Carullah Zəməxşəri, Qazi Beyzavi, Cəlaləddin Süyuti, Alusi və başqaları öz təfsirlərində mübahilə hadisəsinin təsvirini vermiş və bu ayənin məhz Həzrət Mühəmməd Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olduğunu etiraf etmişlər.

Please publish modules in offcanvas position.