Məzhəblərarası qarşıdurma bizə nə verir? (Birinci hissə)

/ Çərşənbə, 18 Mart 2020 13:51
Məzhəblərarası qarşıdurma bizə nə verir? (Birinci hissə)

ŞİƏLİYİ FARSLARMI YARADIB?

Müqəddimə

Son illərdə dini informasiya axınının çoxalması özü ilə müsbət nəticələr gətirsə də, fəsadlar da yaratmamış deyil.

Bəzi sosial şəbəkələrdə dini-məzhəbi mövzuda yayılan informasiyalar bir sıra hallarda həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

Bu, əsasən məzhəb mübahisələri üzərində qurulmuş, bir birinin məzhəbini aşağılamağa cəhd edən yazılarda xüsusən açıq nəzərə çarpır.

Düzdür, bu kimi halların əksəriyyətində vəhhabi izini müşahidə etmək mümkündür. Belə ki, vəhhabi yazarları tərəfindən şiə məzhəbinə qarşı əsassız və aşağılayıcı ittihamlar irəli sürülür. Bundan qıcıqlanan bəzi şiə yazarlar tərəfindən də bu yazılara əks-reaksiya olaraq bəzən əsaslı olsa da, bəzən konkret vəhabiliyi deyil, ümumən əhli-sünnənin məzhəbini aşağılayan əsassız yazılara yol verilir. Bu da, aydın məsələdir ki, sünni məzhəbli oxucularda mənfi fikrilərin formalaşmasına səbəb olur. Hər iki tərəf bir-birinə qarşı heç bir əsası olmayan iddialar irəli sürür, bir-birini ən absurd günahlarda təqsirləndirir. Bu halların bir qismi məlumatsızlıq, metodoloji qaydalara riayət etməmək zəminində baş versə də, bəzi hallarda sırf təəsübkeşliyin və qərəzçiliyin şahidi oluruq.

Məsələn, sosial şəbəkələrdə vəhabi yuzerlır vasitəsilə şiə (cəfəri) məzhəbinə və şiələrə qarşı irəli sürülən ittiahmların içində aşağıdakılara tez-tez rast gəlirik:

Şiəliyi farslar yaradıblar. Şiəlik Səfəvilər zamanında yaradılıb. Şiəliyi Abdullah ibn Səba adlı yəhudi yaradıb.

Şiələr səhabələri söyüb təhqir edirlər. Şiələr Aişəni söyür, ona əxlaqsızlıq nisbət verirlər.

Şiələr ikiüzlü və riyakardırlar. Təqiyyə onlarda əsasdır deyə, öz aralarında bir cürdürlər, sünnilərlə ünsiyyətdə təqiyyə edib özlərini başqa cür göstərirlər.

Şiələr Kərbəla, Məşhəd ziyarətini həccə bərabər tuturlar, bu ziyarətlərə gedənin boynundan həcc təklifi götürülür, deyirlər.

Şiə alimləri həmişə sünnilərə qarşı düşmənçilik ediblər.

Və sairə və ilaxır...

Şiə cameəsində də bəzən əhli-sünnə müsəlmanlara qarşı bəzi həqiqətdən uzaq, müəyyən hallarda hətta qərəzli təsəvvürlərin mövcud olduğunu görürük. Məsələn,

Sünnilər nasibidir, üzdə bir söz desələr də, həqiqətdə onlar Əhli-beytlə düşməndirlər.

Sünnilərin fiqhi heç nəyə əsaslanmır, onların alimləri həmişə özlərindən fətva verirlər.

Sunni fiqhində bir sıra əxlaqa qəti uyğun olmayan fətvalar haqda iddialar.

Sünni kitablarında mövcud olan bütün hədislər etibarsızdır, onların heç birinə inanmaq olmaz və hansı hədis əhli-sünnə kitabından rəvayət olunursa, onu təkzib etmək lazımdır.

Və sairə və ilaxır...

Bu cür təsəvvürlərin, təəssüf ki, yayılmış olduğunu və müsəlmanların beynində ciddi fəsadlar yaratdığını nəzərə alaraq, onlara silsilə şəklində qısa formada cavab verməyi qərara aldıq. Bu silsilə yazılarda hər bir iddianı incələyərək, qərəzsiz, tutarlı və sadə dəlillərlə onlara cavab verməyə və həqiqəti açıb göstərməyə çalışacağıq.

Şiəliyi farslarmı yaradıb?

Sosial şəbəkələrdə rastlaşdığımız, məzhəblərəarası ədavəti qızışdırmağa yönəlmiş səhv iddialardan biri də guya şiəliyin lap ilk zamanlardan İranla bağlı olması və bütün məşhur şiə alimlərinin fars köklü olması iddiasıdır. Bəzən bu iddialar daha da absurd forma alır. İddia olunur ki, ümumiyyətlə şiəliyi Səfəvilər zamanında yaşamış fars alimləri ixtira etmişlər. Beləliklə, yaşı İslamın yaşı qədər qədim olan şiə məzhəbinin tarixini bir millətin adı ilə və son 400 illik bir zaman kəsimi ilə məhdudlaşdırmağa çalışırlar. Bu cür iddialar günümüzdə əsasən sələfi (vəhhabi) cərəyanının nümayəndələri tərəfindən irəli sürülür. Həmin iddiaya qısa da olsa cavab verməyi qərara aldıq. Şiə məzhəbini İranla və fars xalqı ilə məhdudlaşdırmaq kökündən yanlış və qərəzli fikirdir. Doğrudur, Səfəvilər zamanında indiki İran ərazisində və qonşu bölgələrdə şiəlik özünün ən güclü ideoloji və siyasi hakimiyyət dövrünü yaşamışdır. Amma bu məzhəb Səfəvilərdən çox-çox əvvəl, Peyğəmbər zamanında mövcud olmuşdur. İlk şiələrin etnik tərkibinə nəzər salsaq (Salman kimi bəzi istisnaları çıxmaqla), onların əksəriyyətinin təmiz ərəb qanına sahib olduğunu görürük. İran böyük ölkə olduğu üçün burada tarixin müəyyən dövrlərində həm sünni, həm də şiə məzhəbləri mövcud olmuş və inkişaf etmişdir. Diqqətinizi ilk öncə bu fakta yönəltmək istərdik ki, əhli-sünnənin bir çox məşhur alimi fars mənşəlidir və ya farsların arasında yaşayıb-yaratmışdır. Müsəlmanlar tərəfindən Sasani İranı fəth edildikdən sonra əsgərlərin bir hissəsi bu ərazilərdə məskunlaşdı. Həmçinin Ərəbistan, Yəmən və İraqdan da bəzi ərəb qəbilələri bu yerlərə köç etdilər. Yerli əhali İslamı sürətlə qəbul edirdi. Onların arasında dini təhsilə yönələnlər az deyildi. Bunların bir qismi sonralar böyük müsəlman alimi kimi dünyada tanındı. Əhli-sünnənin bir çox məşhur elm xadiminin fars millətinə mənsub olduğunu və ulu əsdadlarının İslamdan əvvəl atəşpərəst olduqlarını görürük. Bir qisim alimlərin əcdadı köklü ərəb qəbilələri ilə bağlılıq qurmuş (vəla bağlılığı) və həmin qəbilələrin nəsəbi ilə adlanmışlar. Ərəb ənənəsinə görə, ərəb olmayan və yaxud zəif və kiçik ərəb qəbiləsinə mənsub olan bir şəxs güclü qəbilələrdən birinin mənsubu ilə dostluq yaradır və onun himayəsinə sığınırdı. Bəzən isə zəif şəxs güclü qəbilə mənsubunun xidmətinə daxil olurdu. Bu cür himayə onun gələcəkdə təhlükəsiz yaşamasına və bəzi üstünlüklərdən faydalanmasına şərait yaradırdı. Bu cür himayədə olanlara “məvali” deyirdilər, bu cür bağlılıq isə “vəla” adlanırdı. Nəhayət, bəzi alimlər də ərəb mənşəli olmuş, amma bütün ömürləri boyu indiki İran ərazisində yaşayıb-yaratmışlar. Aşağıda onlardan bəzi nümunələr təqdim olunur.

İmam Buxari

Buxarinin tam nəsəbi belədir: Mühəmməd ibn İsmail ibn İbrahim ibn Müğirə ibn Bərdizbeh. Fars (pəhləvi) dilində “bərdizbeh” sözünün “əkinçi” mənası bildirdiyini yazırlar. Bərdizbeh atəşpərəst olmuş və bu əqidə ilə də dünyasını dəyişmişdir. Buxarinin ulu əcdadları atəşpərəst dinində olmuşlar. Bu nəsildən İslamı qəbul edən ilk şəxs Buxarinin atasının babası Müğirədir. O, Buxara valisi Yəman əl-Cüfinin dəvəti ilə müsəlman oldu. O zamankı qaydalara görə, başqa dində olan şəxs kimin dəvəti ilə müsəlman olurdusa, “vəla” nisbəti ilə onun qəbiləsinə aid edilirdi. Buna görə də Buxari “Cüfi” kimi də tanınır, baxmayaraq ki bu qəbilə ilə nəsəb bağlılığı yoxdur və kök etibarilə farsdır. Bu barədə Buxarinin geniş tərcümeyi-halını yazan bütün mənbələr məlumat vermişlər. O cümlədən, “Səhihi-Buxari”nin müxtəsər şərhi olan Zəbidinin “Təcridüs-sərih” kitabının müqəddiməsində, K.M.Şanəçinin “Elmül-hədis” risaləsində də buna rast gəlirik. Buxari orta əsrlərdə Xorasan vilayətinə tabe olan Buxara şəhərində doğulmuş, bəzi səfərləri və sürgünləri çıxmaqla Orta Asiya ərazisində fəaliyyət göstərmişdir. Məzarı da Buxaradadır.

İmam Müslim

Altı hədis kitabından ikincisinin müəllifi Müslimin soykökü belədir: Müslim ibn Həccac ibn Müslim ibn Vərd ibn Kovşaz Qüşeyri Nişaburi. O, Xorasanın Nişabur şəhərində doğulmuş, müxtəlif şəhərlərə səfərlər etmiş, yenə Nişabur ətrafında vəfat etmişdir. Nəsəbindən göründüyü kimi, alimi Qüşeyr adlı ərəb qəbiləsinə aid edirlər. Bəzi mənbələrdə alimin böyük ərəb qəbilələrindən olan Bəni-Qüşeyrdən olduğu bildirilir. Amma bəzi mötəbər mənbələr isə onun da əcdadının Buxari kimi vəla nisbəti ilə ərəblərə mənsub olması yazılıb. Yəni Müslimin ulu əcdadı da Bəni-Qüşeyrin dəvəti ilə İslamı qəbul etdikdən sonra bu qəbiləyə mənsub sayılmışdır. İslam tarixində ən mötəbər ənsab kitablarından olan Səmaninin “Ənsab”ında (10-cu cild, səh. 155-156) Müslimin adı Qüşeyr qəbiləsinə vəla səbəbi ilə mənsub olanların sırasında çəkilir. Müslimin ulu əcdadlarından birinin Kovşaz (və ya Kuşan) adını daşıması da bu nəslin fars mənşəli olduğunu göstərir.

(ardı var)

Please publish modules in offcanvas position.