Məzhəblərarası qarşıdurma bizə nə verir? (İkinci hissə)

/ Çərşənbə, 18 Mart 2020 13:55
Məzhəblərarası qarşıdurma bizə nə verir? (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3308-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-birindzi-hissae)

ŞİƏLİYİ FARSLARMI YARADIB?

İmam İbn Macə

Altı hədis kitabından birinin müəllifi də Mühəmməd ibn Yezid ibn Macə Qəzvini Rəbəidir. İbn Macənin mənşəyi barədə mənbələrdəki məlumatlar ziddiyyətlidir. Bəzi müəlliflər onun babasının, bəziləri atasının, bəziləri də anasının ləqəbinin Macə olduğunu yazmışlar. Bu sözün fars mənşəli olduğunu qeyd edirlər. Fars dilində “mah” sözünün bir dəyişik forması da “mac”dır ki, bu da “Ay” deməkdir. İbn Macə indiki İran ərazisində yerləşən Qəzvin şəhərində yaşayıb-yaratmışdır.

Alimin “Rəbəi” nəsəbi ilə adlanmasının səbəbini onun Bəni-Rəbiə adlı ərəb qəbiləsinə aid olması ilə bağlayırlar. Amma ərəblərdə bu adda qəbilə çox olmuşdur, İbn Macənin bunlardan hansı birinə mənsub olması məlum deyil. Bu naməlumluq da onun ərəb olmaması nəzəriyyəsini qüvvətləndirir. Çünki bu cür məşhur bir şəxsiyyət əgər ərəb olmuşsa, onun əsil-nəsəbi də dəqiq məlum olmalı idi. Çünki ərəblər bu məsələyə çox ciddi əhəmiyyət verirlər.

Əhli-sünnə müəlliflərinin əsərlərinin təsvirindən ibarət mötəbər mənbələrdən sayılan Kəttaninin “ər-Risalət əl-müstətrəfə” kitabında İbn Macənin Rəbiə qəbiləsinə mövlalıq vasitəsilə bağlı olduğu yazılıb (səh. 12). Şəmsəddin Zəhəbi də “Siyər əlam əl-nübəla” kitabında bu faktı təsdiq edir.

İmam Əbu Hənifə

Əhli-sünnənin dörd fiqh məzhəbi arasında ardıcıllarının sayı və əhatə dairəsi baxımından ilk yerdə duran hənəfiyyə məzhəbinin banisi “İmami-əzəm” ləqəbli Əbu Hənifə Nöman ibn Sabit də əsil-nəsəb baxımından fars olmuşdur. Əbu Hənifənin babasının adı Zuta, onun atasının adı Mərzibandır. Bu nəslin kökünü Kabul (Əfqanıstan) torpaqları ilə bağlayırlar. Əcdadların adının ardıcıllığında müəyyən fərqlər də vardır. Bəzi tədqiqatçılar Əbu Hənifənin ulu əcdadının adını “Mah” şəklində qeyd etmişlər. Göründüyü kimi, Zuta, Mərziban və Mah adlarının hamısı fars (pəhləvi) mənşəlidir. Rəvayətə görə, alimin babası Zuta və yaxud atasının babası Mərziban bu yerlər fəth olunarkən müsəlmanlara əsir düşmüş, sonralar azadlıq qazanaraq İslamı qəbul etmiş və Bəni-Teymullah ibn Sələbə qəbiləsinin xidmətinə keçmişdi. Ulu babası bu qəbilənin məvalisi olduğuna görə Əbu Hənifə də bəzən mənbələrdə “Teymi” nəsəbi ilə xatırlanır. Əbu Hənifənin həyat və fəzilətlərinə həsr olunmuş “Əxbar Əbi Hənifə və əshabih” kitabının müəllifi Seyməri qeyd edir ki, “Əbu Hənifə Bəni-Teymullah ibn Sələbənin mövlası (azad olmuş köləsi) idi” (yəni onun ulu əcdadı Bəni-Teym tərəfindən köləlikdən azad olunmuşdu) (Seyməri. Əxbar Əbi Hənifə və əshabih, səh. 15). Zəhəbi “Mənaqib əl-İmam Əbi Hənifə” kitabında bu rəvayəti qeyd etdikdən sonra fərqli variantları da xatırladır. Onun yazdığına görə, Əbu Hənifənin nəvəsi onların niyə məvali sayılmasının səbəbi barədə demişdir ki, Sabit (Əbu Hənifənin atası) Kabulda müsəlmanlara əsir düşmüşdü. Onu Bəni-Teym ibn Sələbə qəbiləsindən olan bir qadın satın almış, sonra azad etmişdi (Şəmsəddin Zəhəbi. Mənaqib əl-İmam Əbi Hənifə, səh. 14-15). Qeyd edək ki, son dövrlərdə bəzi ərəb müəllifləri İmam Əbu Hənifənin milliyyətcə ərəb olmasını sübut etməyə cəhd göstərsələr də, bu təəssübkeş cəhdlər elmi baxımdan əsassızdır.

***

Əhli-sünnə dünyasının bir çox məşhur elm xadimi İran ərazisində yaşamışlar. Yuxarıda altı hədis kitabından üçünün müəllifini (Buxari, Müslim və İbn Macə) qeyd etdik. Qalan üç hədis məcmuəsinin də müəllifləri – Əbu Davud Sicistani, Tirmizi və Nəsai də fars torpaqlarında fəaliyyət göstərmişlər. Doğrudur, Sicistani – ərəblərin Bəni-Əzd qəbiləsinə, Tirmizi isə Bəni-Süleym qəbiləsinə aid edilir. Lakin adlardan göründüyü kimi, bu alimlər indiki İran və Orta Asiya şəhərləri ilə bağlı olmuşlar. Hətta onların əsil-nəsəb baxımından ərəb qəbilələrinə mənsub olduqlarını qəbul etsək belə, İran şəhərlərində yaşayıb-yaratdıqları inkaredilməz həqiqətdir.

Digər məşhur alimlərdən “əl-Müstədrək əla-l-Səhiheyn” kitabının müəllifi Hakim Nişaburi, məşhur tarixçi və təfsirçi Mühəmməd ibn Cərir Təbəri, “Təfsiri-kəbir”in müəllifi İmam Fəxr Razi, görkəmli kəlam alimi İmam Matüridi Səmərqəndi, sxolastik dini biliklərlə təsəvvüfü sintez etməyə çalışmış məşhur mütəfəkkir İmam Ğəzzali Tusi və yüzlərlə digər əhli-sünnə alimi İran ərazisində yaşayıb-yaratmış, dini və dünyəvi elmlərin ən müxtəlif sahələrinə mühüm töhfələr vermişlər. Orta əsrlərdə yaşayıb-yaratmış, Şirazi, Nişaburi, Xorasani, Səmərqəndi, Tusi, İsfahani, Sərəxsi, Razi nəsəbləri ilə tanınan minlərlə əhli-sünnə aliminin adı tarix kitablarında qeyd edilib. Onların bir qismi mənşə etibarilə vaxtilə İrana köçüb gəlmiş ərəb olsa da, böyük bir hissəsi məhz həmin torpaqların yerli əhalisindən idi.

(ardı var)

Please publish modules in offcanvas position.