Məzhəblərarası qarşıdurma bizə nə verir? (Üçüncü hissə)

/ Çərşənbə, 18 Mart 2020 13:57
Məzhəblərarası qarşıdurma bizə nə verir? (Üçüncü hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3308-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-birindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3309-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-ikindzi-hissae)

ŞİƏLİYİ FARSLARMI YARADIB?

Məqalənin ötən bölümlərində əhli-sünnə dünyasının bir sıra böyük şəxslərinin fars əsilli olması və ya ən azından, indiki İran ərazisində fəaliyyət göstərməsi barədə məlumat vermişdik. Bu bölümdə isə İslamın ilk dövrlərində yaşamış və şiə olaraq tanınımış bir sıra böyük şəxsiyyətin milli kimliyi barədə söhbət açacağıq.

İnkaredilməz faktdır ki, şiə (cəfəri) məzhəbi Səfəvilər zamanında və farslar da daxil olmaqla bir sıra bölgə xalqlarının səyi ilə çiçəklənib inkişaf etmişdir. Bu məzhəb məhz Səfəvilər dövlətində özünün ən möhtəşəm dövrünü yaşamışdır. Tarixdə heç bir dövlət Səfəvilər qədər uzun müddətdə və uğurla şiəliyi yaşatmamışdır. Lakin bütün bunlara baxmayaraq, şiə məzhəbinin yaranmasını Səfəvilərlə ya da başqa iddiaya görə farslarla bağlamaq kökündən yanlışdır və tarixi spekulyasiyadan başqa bir şey deyildir.

Şiə Peyğəmbərin zamanında var idi

İslamın lap ilk dövrlərində – hələ Peyğəmbərin sağlığında müsəlmanlar arasında “şiə”, yəni “Əli şiəsi” adlı bir qrup formalaşmışdı. Bu qrupu hamı tanıyırdı və onun mövcudluğu o zaman üçün qəribə sayılmırdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərində də “şiə” kəlməsinin mövcudluğu deyilənləri sübut edir. Cabir ibn Abdullah Ənsari rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəm¬bər (s) Əli ibn Əbu Talibi (ə) göstərərək buyurmuşdu: “İxtiyarında olduğum Allaha and olsun ki, bu (yəni Əli) və onun şiəsi qi¬yamət günündə nicat tapanlardan olacaqlar”. Abdullah ibn Abbas “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşı¬larıdır...” (Beyyinə, 7) ayəsi nazil olduqdan sonra Peyğəmbərin Əliyə (ə) bunu söylədi¬yini rəvayət etmişdir: “Bu ayədə haqqında danışılan sən və sənin şiəndir ki, qiyamət günündə razı qalacaqsınız, Allah da sizdən razıdır” (Süyuti. Əl-Dürr əl-mənsur, XV, 577). Həzrət Mühəmməd Peyğəmbərin (s) Əliyə (ə) müraciətlə buyurduğu aşağıdakı sözlər də dini mənbələrdə öz əksini tapmışdır: “Sən və şiən cənnətdəsiniz” (Xətib Bağdadi. Tari¬x Bəğdad, XII, 284; XII, 353). Peyğəmbərin dilin¬dən çıxmış və Əli şiəsini cənnətlə müjdələ¬yən hədislərin bir neçəsi aşağıdakı mənbə¬lərdə də qeyd edilmişdir:

* Təbəri təfsiri, XXIV, 556; * İbn əl-Əsir. Əl-Nihayə fi-l-ğərib əl-hədisi və-l-əsər, IV, 106; * Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, IX, 177-178; * Təbərani. Əl-Möcəm əl-kəbir, I, 319; * İbn Həcər Heysəmi. Əl-Səvaiq əl-müh¬riqə, səh. 135 və 204; * Şövkani. Fəth əl-qədir, V, 640-641; * Alusi. Ruh əl-məani, XXX, 207 və s.

Səhabələr içində Əli (ə) şiəsi kimi tanınanlara Salmani-farsi, Əbuzər, Miqdad, Əmmar ibn Yasir, Əbu Əyyub Ənsari, Zübeyr ibn Avvam, Abdullah ibn Məsud, Cabir ibn Abdullah Ənsari, Xüzeymə ibn Sabit zü-l-şəhadəteyn, Bilali-həbəşi, Peyğəmbərin əmisi Abbas kimi məşhur səhabə¬lər daxil idilər. Sonrakı dövrlərdə tabiindən olan xeyli şəxs də şiələrin cərgəsinə qoşuldu. Məsələn, Malik Əştər, Səsəə ibn Suhan, Məhəmməd ibn Əbubəkr, Kümeyl ibn Ziyad, Hücr ibn Ədiyy, Əsbəğ ibn Nübatə Təmimi, Üveys Qərəni, Meysəm Təmmar, Rüşeyd Hicri, Qeys ibn Səd Ənsari, Abdullah ibn Abbas, Muxtar Səqəfi və b. Göründüyü kimi, adları çəkilən şəxslərdən yalnız Salmanı çıxmaqla, heç biri fars əsilli deyil. Afrikalı zənci Bilal istisna olmaqla, qalan səhabələrin hamısı köklü ərəb qəbilələrinə mənsubdur və onları farslarla bağlayan heç bir əlaqə yoxdur.

İslamın ilk əsrlərində yaşamış şiələrin əksəriyyəti ərəb idi

Hicrətin I-II əsrlərində yaşamış məşhur lüğət alimi, ərəb dilinin nəhvini İmam Əlinin (ə) tövsiyəsi ilə sistemləşdirmiş Əbül-Əsvəd Duəli, yeddi məşhur qaredən olan Asim ibn Əbin-Nəcud, Mütəvəkkil Abbasinin əmri ilə şəhid edilmiş məşhur ədib İbn Sikkit, zalım Həccacın əmri ilə boyunları vurulmuş Səid ibn Cübeyr və Qənbər, ənsab alimi Mühəmməd Kəlbi və övladları, kimya elminin “atası” Cabir ibn Həyyan Kindi, Əhli-beyti mədh etmiş ərəb şairləri Kümeyt Əsədi, Seyyid İsmail Himyəri, Fərəzdəq, Dibəl Xüzai, Əhli-beytin xidmətçisi zənci əsilli Fizzə xanım və b. Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə şəhid olmuş, ən müxtəlif ərəb qəbilələrinin yetirmələri olan cəngavərlər, İmam Sadiqin (ə) Mədinədəki elm mədrəsəsində təhsil almış 4000 tələbə... Bunların heç birinin farslarla bağlılığı olmamışdır.

18 nəfər “siqə” ravinin az bir qismi fars əsilli olub

Şiə mənbələrində 18 nəfər ravi, yəni imamlardan hədis rəvayət edən səhabə “siqə” elan edilib. “Siqə” məfhumu bunu ifadə edir ki, onların bütün rəvayətlərinin mötəbər olması barədə şiə alimləri icma etmişlər (fikir birliyinə gəlmişlər). Bu 18 nəfəri üç dəstədə təsnif edirlər. 6 nəfəri İmam Mühəmməd Baqirin (ə), 6-sı İmam Cəfər Sadiqin (ə), qalan 6-sı isə İmam Musa Kazimlə (ə) İmam Rzanın (ə) səhabələridir.

18 “siqə” ravidən 4 nəfəri ümumiyyətlə mənşə etibarilə qeyri-müsəlman xalqlara mənsub olmuş, əcdadları və ya özləri İslamı qəbul etmişdilər:

1. Zürarə ibn Əyün (atası xristian idi, Bəni-Şeyban qəbiləsinə əsir düşəndən sonra İslamı qəbul edib azad olmuşdu). 2. Abdullah ibn Bükeyr ibn Əyün (Zürarənin qardaşı oğlu). 3. Həsən ibn Məhbub Kufi Bəcəli (üçüncü nəsildən babası əslən Sində diyarından (Pakistan və şimali Hindistan) olmuş, Büceylə qəbiləsindən Cərir ibn Abdullaha əsir düşmüş, onun tərəfindən azad edilmişdi). 4. Əhməd ibn Mühəmməd ibn Əbi Nəsr Bəzənti (Bizans əsilli olmuş, əcdadı döyüşlər zamanı müsəlmanlara əsir düşmüş və ya onların tərəfinə keçmişdi. Bəzəntini Bəni-Əzd qəbiləsinin Səkuni qolunun məvalisi kimi qeyd edirlər. Çox güman ki, əcdadı məhz həmin qəbiləyə əsir düşmüş, sonra İslamı qəbul edərək azadlığa qovuşmuşdu).

Aşağıdakı 4 nəfər dəqiq ərəb mənşəlidir:

5. Büreyd ibn Müaviyyə İcli (Bəni-İcl qəbiləsi). 6. Əbu Bəsir Yəhya ibn Əbülqasim Əsədi (Bəni-Əsəd qəbiləsi). 7. Füzeyl ibn Yəsar Bəsri Nəhdi (Yəmənli Bəni-Nəhd qəbiləsi). 8. Həmmad ibn İsa Cühəni (Bəni-Cüheynə qəbiləsi).

9. Daha bir nəfəri - Səfvan ibn Yəhya Kufi Bəcəlini bəzi alimlər Büceylə qəbiləsinə aid etmiş, bəziləri də bu qəbilənin məvalisi saymışlar.

Qalan “siqə”lərin məvali olduğu qeyd edilir. Əlbəttə, ərəb qəbilələri ilə vəla bağlılığında olanların (bunlara “məvali” deyilirdi) heç də hamısının əcəm (fars) əsilli olduğunu iddia etmək olmaz. Çünki əvvəldə də qeyd etdiyimiz kimi bəzən zəif ərəb qəbilələrinin üzvləri güclü qəbilələrə bağlanırdılar. Bəzən də qəbilənin əsir tutduğu şəxs – istər ərəb olsun, istərsə olmasın – həmin qəbilənin məvalisi sayılırdı. Təsadüfi deyil ki, məvali “siqə”lərdən iki nəfərinin ərəb olduğu mənbələrdə təkid edilir:

10. Mühəmməd ibn Müslim ibn Riyah (Ribah) Təhhan (Taifdən olmuş, Kufəyə köçmüşdü. Bəni-Səqif qəbiləsinin məvalisi idi, rical kitablarında ərəb olduğu təkid edilir). 11. Mühəmməd ibn Əbi Ümeyr (Bəni-Əzd qəbiləsinin məvalisi olsa da, özünün də ərəb olduğunu yazırlar. Məşhur ədib Cahiz onun Qəhtani ərəblərdən olduğunu yazırdı. Bağdadda yaşamışdır).

Aşağıdakı “siqə”lərin ərəb ya əcəm millətindən olduğunu aydınlaşdıra bilmədik:

12. Cəmil ibn Dərrac Nəxəi (Kufəlidir, Bəni-Nəxə qəbiləsinin məvalisi). 13. Abdullah ibn Müskan (Kufəlidir, Bəni-Ənzə və ya Bəni-İcl qəbiləsinin məvalisi). 14. Həmmad ibn Osman Kufi (Kufəlidir, ya Ğəni, ya da Əzd qəbiləsinin məvalisi). 15. Əban ibn Osman əl-Əhmər Bəcəli (Büceylə qəbiləsinin məvalisi). 16. Yunis ibn Əbdürrəhman (Qum şəhərindən olması ehtimal edilir. Bəni-Yəqtin ailəsinin məvalisi). 17. Abdullah ibn Müğeyrə (Kufəlidir, Əbdülmüttəlib övladlarından Bəni-Novfəlin məvalisi). 18. Məruf ibn Xərrəbuz Məkki Qüreyşi (Qüreyşin məvalisi).

Göründüyü kimi 18 nəfərdən 4-ü ərəb və fars millətlərindən başqa millətlərə mənsub olmuşdur. 6 nəfərin ərəb olduğu dəqiqdir. Qalan 8 nəfərin ərəb yoxsa əcəm olması məlum deyil. Məruf ibn Xərrəbuzu çıxmaqla bu 8 nəfərin özünün və ata-babasının adı fars (pəhləvi) sayılmaları üçün şübhə yaratmır.

İmamların ən məşhur səhabələri ərəb idi

Bunlardan əlavə, hicri II-III əsrlərdə yaşamış, şiə imamlarının ətrafında birləşmiş və şiə hədis məcmuələrində adları tez-tez çəkilən mötəbər ravilərin də əksəriyyəti məhz ərəb mənşəlidir. Məsələn, Əbu Həmzə Sumali (Bəni-Əzd qəbiləsi), Cabir ibn Yezid Cüfi (Bəni-Əzd qəbiləsi), Əban ibn Təğlib (Bəni-Kində qəbiləsi), Hişam ibn Həkəm (Xüzaə qəbiləsi), Möminüt-taq ləqəbli Mühəmməd ibn Əli Bəcəli (Büceylə qəbiləsi), Fəzl ibn Şazan Nişaburi (Bəni-Əzd qəbiləsi), Şah Əbdüləzim Həsəni (İmam Həsənin (ə) nəslindən və Haşimi soyundan idi) və b.

Əlbəttə, o zamanın şiə şəxsiyyətləri içində fars əsillilərə də ara-sıra rast gəlinir. Məsələn, Süleyman ibn Mihran Əməş Bəni-Əsəd qəbiləsinin qolu olan Bəni-Kahilin məvalisi olmuşdur, amma kökü fars idi. İmamların səhabələri içində fars əsilli şəxslərin sayı İmam Rzanın (ə) Xorasana sürgün olunmasından sonra artmışdır. İmam Rza (ə) hicri II-III əsrlərin qovşağında Abbasi xəlifəsi Məmunun əmri ilə Xorasana sürgün edildikdə bütün təzyiqlərə baxmayaraq, bir neçə tələbə yetişdirə bildi. Bundan bir müddət sonra Qum və Rey şəhərlərindəki şiə icması inkişaf edərək gücləndi. Artıq hicri IV əsrdə adlarından da fars əsilli olmaları görünən Əli ibn Hüseyn ibn Babüveyh Qummi və oğlu Şeyx Səduq, İbn Qovləveyh Qummi kimi alimlər elm aləmində parladılar.

Bu böyük alimləri İranla heç nə bağlamırdı

Ümumiyyətlə, Əhli-beyt imamlarının tərəfdarlarının böyük əksəriyyəti əsasən dörd coğrafi məkanda mərkəzləşmişdi: Mədinə (Hicaz), Kufə (İraq), Yəmən və Xorasan. Mədinədə və Yəməndə demək olar ki, yalnız əsil ərəblər məskun idi. Kufə şəhəri hicri 17-ci ildə xəlifə Ömər ibn Xəttab tərəfindən salınarkən, hərbi düşərgə şəhəri kimi fəaliyyət göstərmişdir. Yeddi ən məşhur ərəb qəbiləsindən olan cəngavərlər öz ailələri ilə birlikdə Kufənin məhəllələri üzrə bölünmüşdülər. Beləliklə, Kufə demək olar ki, ərəb əsilli əhalidən ibarət idi. Xorasandakı şiələrin içində yerli fars əhalinin olduğunu qəbul etsək də, hicri 50-ci ildə Kufə valisi Ziyadın əmri ilə 50 min nəfər kufəlinin Xorasana sürgün olduğunu da nəzərdən qaçırmamalıyıq.

Böyük qeybət dövrünün başlanğıcından etibarən şiə (cəfəri) məzhəbinin elm mərkəzləri zaman-zaman dəyişmiş, bir şəhərdən-digərinə keçmişdir. Bir zamanlar Bağdad, onunla paralel Rey və Qum şəhərləri şiə alimlərinə qucaq açdı. Büveyhilər zamanında Bağdadda fəaliyyət göstərmiş şiə alimlərinin bir hissəsi də ərəb əsilli olmuşdur. Məsələn, kəlam elmində xüsusi şöhrət qazanmış, məzhəbin əqidə əsaslarının formalaşmasında mühüm rol oynamış Şeyx Müfid təmiz ərəb mənşəlidir. Mövzu ilə əlaqəli kitablarda onun əsil-nəsəbini dəqiqliklə qeyd etmişlər. Onun tələbəsi məşhur fəqih Seyyid Mürtəza Ələmül-hüda və qardaşı, “Nəhcül-bəlağə”nin tərtibçisi Seyyid Rəzi həm ata, həm də ana tərəfdən seyyid (ərəb) olmuşlar.

Bağdadın Səlcuqlar tərəfindən işğalından sonra Şeyx Tusi Nəcəf şəhərinə köçərək, orada mədrəsə təsis etdi. Şeyx Tusinin vəfatından sonra əvvəlcə Hələb, daha sonra Hillə şəhərləri cəfəri fiqhi üçün mərkəz rolunu oynadı. Hələb dini mühitinin aparıcı nümyəndəsi olan Seyyid Əbülməkarim İbn Zöhrə Əhli-beyt nəslindən (ərəb) idi. Hillə elm mühitinin yetirmələri olan 12 yaşında ictihada çatmış İbn İdris Hilli, “Şərayil-İslam” əsərinin müəllfi Mühəqqiq Hilli, dini elmlərn bütün sahələrində öncül alimlərdən sayılan Əllamə Hilli, oğlu Fəxrül-mühəqqiqin Hilli, Seyyid ibn Tavus kimi tanınan Seyyid Rəziyəddin Əli ibn Musa Hilli də ərəb mənşəlidirlər.

Mədrəsələrdə fiqh dərsliyi kimi tədris edilən “Lümə” (“əl-Lümət əl-Diməşqiyyə”) kitabının müəllifi Şəhidi-əvvəl (birinci şəhid) ləqəbli Şeyx Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini (XIV əsr), eləcə də, həmin kitaba məşhur şərhi yazmış Şəhidi-sani (ikinci şəhid) ləqəbli Zeynəddin ibn Əli Cəbəi (XVI əsr) hər ikisi indiki Livan ərazisinə düşən Cəbəli-Amil məntəqəsindən olmuşlar və ərəbdirlər (Şəhidi-saninin ulu əcdadının Tusdan olma ehtimalı vardır). Tanınmış dua kitablarından olan “Misbah” və “Bələdül-əmin” kitablarının müəllifi İbrahim ibn Əli Kəfəmi də Cəbəli-Amil əsilli olmuşdur.

Səfəvi dövlətinin elmi mühitinin bünövrəsini ərəblər qoymuşdur

Qeyd etmək yerinə düşər ki, Səfəvi hakimiyyətinin ilk dövrlərində din siyasətini və dini maarifləndirməni heç də yerli ilahiyyatçılar deyil, Livandan (Cəbəli-Amildən) köçüb gələn ərəb alimləri yönləndirmişlər. Məlum olduğu kimi indiki İran və ona yaxın olan ərazilərdə XVI əsrə kimi əhli-sünnə məzhəbi hakim mövqedə olmuşdur. Təbii ki, belə bir şəraitdə yerli dini kadrların sayı həddən az idi. Tarix kitablarında yazılıb ki, Səfəvilər hakimiyyətə gəldikdən sonra ölkədə cəfəri məzhəbli dini təhsili qurmaq üçün həm tədris vəsaiti, həm də müəllim sarıdan çox ciddi çətinlik çəkirdilər. Belə bir şəraitdə Sultan Səlim Yavuzun 1516-cı ildə Misir məmlüklərini məğlub etməsindən sonra Misrə tabe olan Livan torpaqlarında şiə məzhəbli alimlər arasında sıxışdırılacaqları ilə bağl narahatlıq yarandı. (deyirlər ki, Cəbəli-Amilin kəndlərində dəfn mərasimlərində 70 nəfər müctəhid iştirak edirmiş). Bu təzyiqlər oradakı alimləri İrana köçməyə təhrik etdi.

Salnamələrdəki məlumatlar bunu söyləməyə əsas verir ki, Cəbəli-Amildən müxtəlif ölkələrə pənah aparmış alimlərdən yalnız Səfəvi dövlətinə sığınanlar əlverişli şəraitlə üzləşdilər. O dövrdə Livanı tərk etmiş 143 nəfər şiə aliminin sonrakı həyatı barədə xəbərlər məlumdur. Onların 45 nəfəri öz özlkəsində qalmağa üstünlük verdi. Qalan 98 nəfərdən 7-si sair ölkələrə köçsə də, sonralar yenə Cəbəli-Amilə qayıtdı. 31 alim Hicaz, Yəmən, Hindistan, İraq və sair vilayətlərə üz tutdu, amma həmin yerlərdə əmin-amanlıq görməyib mütəmadi olaraq öz məskənini dəyişməyə məcbur oldu. 60 fəqih isə Səfəvi dövlətinə sığındı, buranın əlverişli şəraitini bəyənib məskunlaşdı.

İrana köçmüş Cəbəl alimlərinin öncülü Mühəqqiq Kərəki sayılır (vəf. 1534). O, təqribən 1508-ci ildə İrana gəldi, burada Şah İsmayılın dəvəti ilə cəfəri məzhəbinin təbliğinə başladı. Mühəqqiq Kərəkinin səyləri nəticəsində İsfahan, Kaşan, Qəzvin kimi iri şəhərlərdə elm mərkəzləri, mədrəsələr təsis edildi. Onun ardınca oğlu Şeyx Həsən Kərəki, Şeyx Əli ibn Hilal Kərəki, Şeyx Cəfər ibn Mühəmməd Amili, Kəmaləddin Dərviş, Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdüssaməd Cəbəi Harisi və başqaları da köçüb gəldilər.

İran amili son dörd əsrdə güclənmişdir

Getdikcə yerli əhalinin içindən din alimləri yetişməyə başladı, dövlət səviyyəsində dəstəklənən şiə təbliğatı bunun üçün münbit şərait yaradırdı. Bundan sonra cəfəri alimləri arasında fars və azərbaycanlıların sayı sürətlə artdı. XVII əsrdən etibarən günümüzə kimi bu üstünlük qorunmaqdadır. Lakin bu mütləq üstünlük şəraitində də ərəb mənşəli alimlərin şiə məzhəbinə verdikləri töhfələr az olmamışdır. Məsələn, XVII-XVIII əsrlərdə çoxlu elm adamları yetişdirmiş şiə məzhəbli Bəhranilər soyu ərəb əsillidir. Eləcə də, banisi XVIII-XIX əsrlərdə yaşamış Şeyxül-əkbər Cəfər Kaşif əl-ğita olan məşhur Ali-Kaşif əl-ğita nəsli də ərəb mənşəlidir və Bəni-Malik qəbiləsinə mənsubdur. Bu nəslin nümayəndələri iki əsrdir ki, şiə fiqhində söz sahibidirlər. Məşhur əxlaq kitabının müəllifi Seyyid Abdullah Şübbər, “Vəsailüş-şiə” adlı hədis məcmuəsinin tərtibçisi Şeyx Hürr Amili də kök etibarilə ərəb olmuşlar.

Son onilliklərdə Nəcəf dini elmlər mərkəzində və digər hövzələrdə fəaliyyət göstərmiş birinci dərəcəli müctəhidlərin arasında fars və Azərbaycan əsillilər çoxluq təşkil etsələr də, ərəb əsilli alimlər də yox deyil. Məsələn, məşhur fəqih Ayətullah Şeyx Hüseyn Hilli, “Əyanüş-şiə” müəllifi Seyyid Mühsin Əmin, məzhəblərarası vəhdət hərəkatının bayraqdarı Seyyid Şərəfüddin Amuli, məşhur mərceyi-təqlid Ayətullah Seyyid Mühsin Təbatəbai Həkim, görkəmli xətib Şeyx Əhməd Vaili, dini-siyasi xadim Ayətullah Seyyid Mühəmməd Hüseyn Fəzlullah ərəb millətindən idilər. Hal-hazırda Nəcəf hövzəsinin böyük ustadlarından sayılan mərceyi-təqlid Şeyx Bəşir Nəcəfi də Pəncab əsillidir.

(ardı var)

Please publish modules in offcanvas position.