Məzhəblərarası qarşıdurma bizə nə verir? (Beşinci hissə)

/ Çərşənbə, 18 Mart 2020 14:13
Məzhəblərarası qarşıdurma bizə nə verir? (Beşinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3308-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-birindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3309-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-ikindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3310-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-udzhundzu-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3311-maezhaeblaeraras-zharsh-durma-bizae-nae-verir-doerdundzu-hissae)

SÜNNİLƏR ƏHLİ-BEYT (Ə) İMAMLARINA DÜŞMƏNDİLƏRMİ?

4. Nasibi kimə deyilir?

Ərəb dilində “n-s-b” felindən qaynaqlanan sözlərin müxtəlif mənaları vardır. Lüğət kitablarında “nasib” sözünü “düşmənçilik edən, müharibə törədən” mənasında izah etmişlər (əl-Müncid, II cild, səh. 1941).

Terminoloji mənada İslam Peyğəmbərinin (s) pak və məsum Əhli-beyti (ə) ilə düşmənçilik edən, onları təhqir edən, söyən və alçaldan şəxslərə “nasibi” deyirlər. Şiə müctəhidlərin risaləsində kimin nasibi sayılması barədə dəqiq fətva mövcuddur. Belə ki, müctəhidlərin “Tövzih əl-məsail” risaləsində “Nəcasətlər” (murdarlıqlar) bəhsində, kafirlər sırasında “xəvaric və nəvasib (yəni xaricilər və nasibilər)” də qeyd edilib. Risalənin növbəti məsələlərinin birində deyilir: “Əgər müsəlman şəxs on iki imamdan (əleyhimüs-səlam) birinə düşmənlik üzündən nalayiq söz desə, nəcisdir”.

Şiə imamlarının hədislərində nasibilər hətta itdən daha murdar, şərabxordan daha pis adlandırılır. Şeyx Hürr Amili “İsbat əl-hüdah” kitabında Şeyx Səduqun “Mən la yəhzuruh əl-fəqih” əsərinə istinadən Peyğəmbərdən (s) rəvayət edir: “Ümmətimdən iki dəstənin İslam dinində nəsibi yoxdur: Əhli-beytimlə düşmən olub döyüşən şəxsin və dində ğülüvv (ifrat) edib dindən çıxan şəxsin” (Hürr Amili. İsbat əl-hüdah, VII, 445).

5. Əsas nasibilər – xəvaric tayfası və zalım xəlifələrdir

Tarixdə Əhli-beytlə (ə) düşmənçilik edən bəzi firqələr və cərəyanlar olmuşdur. Bunların ən mühümü xaricilərdən (xəvaric) ibarətdir. Xaricilər İmam Əlinin (ə) Müaviyə ilə müharibəsində bəsirət və imanlarının azlığı ucbatından İmamdan (ə) ayrılmış, onu tək buraxmış və Müaviyə ilə sülh bağlamağa məcbur etmiş, sülh bağlandıqdan sonra isə həm Müaviyəyə, həm də Əliyə (ə) qarşı ideoloji və hərbi cəbhə açmış dəstəyə mənsub idilər. Nəhayət, xaricilərdən biri – Əbdürrəhman ibn Mülcəm İmam Əliyə (ə) sui-qəsd edib, onu şəhadətə çatdırdı.

Xaricilərin dindən çıxmasının “səbəbkarı” İmam Əli (ə) olmuşdur. Həm şiə, həm də sünni qaynaqlarında Həzrət Mühəmməd Peyğəmbərin (s) İmam Əli (ə) haqqında belə buyurduğu rəvayət edilir ki, sən Məryəm oğlu İsaya (ə) bənzəyirsən; yəhudilər onunla düşmənçilik edib anasına böhtan atdılar, xaçpərəstlər ona ifrat sevgi bəsləyib, onu layiq olmadığı məqama qoydular. Bu hədisin fərqli variantları əhli-sünnə alimlərindən Əhməd ibn Hənbəlin “Müsnəd”, Həmuyininin “Fəraid əl-simtayn”, Hakim Həskaninin “Şəvahid əl-tənzil”, Xarəzminin “Mənaqib”, Qunduzi Hənəfinin “Yənabi əl-məvəddəh”, İbn Əsakirin “Tarix Diməşq” kitablarında və sair mənbələrdə öz əksini tapıb.

İmam Əli ibn Əbutalib (ə) özü buyurmuşdur: “Mənim yolumda iki nəfər həlak oldu: (məni sevməkdə) ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən” (Nəhc əl-bəlağə, 113-cü və 461-hikmətli kəlamlar). Bu hədis əhli-sünnə alimləri tərəfindən də nəql olunub (İmam Buxari - “əl-Tarix əl-kəbir”, İmam Nəsayi - “əl-Xəsais”, Əbu Yəla - “Müsnəd”, Müttəqi Hindi - “Kənz əl-ümmal” və s.) Bu hədislərdə İmam Əli (ə) ilə düşmən olanlar – xəvaric, onu ilah sayanlar isə əliallahilərdir.

Xaricilər əqidə baxımından nasibi sayılırlar. Lakin əslində nasibi xəvaricdən bir qədər fərqli anlayışdır. Yəni tarix boyunca xaricilər “hökm yalnız Allaha məxsusdur” şüarını irəli sürmüş, heç bir hakimin hakimiyyətini qəbul etməmiş, istər Əhli-beytə (ə), istərsə də dövrün xəlifələrinə qarşı savaşmışlar. Nasibilər isə Əhli-beytlə (ə) düşməndirlər. Yəni xaricilərin hamısını nasibi adlandırmaq olar, amma nasibilərin sırasına xəvaricdən başqaları da daxildir. Bir kəs özünü xəvaricə deyil, hər hansı İslam məzhəbinə mənsub saya bilər, amma əslində nasibi düşüncəsində olması mümkündür.

Hal-hazırda bir icma ya təriqət olaraq nasibilik mövcud deyil. Ayrı-ayrı şəxslərin bu düşüncədə olması mümkündür. Xəvaricin günümüzə kimi gəlib-çatmış və Omanda daha geniş yayılmış qolu olan ibaziyyə təriqətinin ardıcılları nasibi sayılmırlar. Çünki müasir ibazi əqidəsi klassik xaricilikdən xeyli fərqlidir. 2005-ci ildə dünyanın aparıcı dini liderləri tərəfindən imzalanmış “Amman bəyannmaməsi”ndə də hənəfi, şafii, maliki, hənbəli, cəfəri, zeydi, zahiri, əşəri, sufi və sələfi məzhəblərinin ardıcılları ilə yanaşı ibazilər də müsəlman elan edilmişlər.

Əməvi və Abbasi sülalələrinin zalım hökmdarları da Əhli-beyt (ə) imamları ilə açıq və gizli düşmənçilik etmiş, onları həm qılınc, həm də zəhərlə aradan götürmüşlər. Əməvi xəlifəsi Yezidin və Abbasi xəlifəsi Mütəvəkkilin Əhli-beytlə (ə) düşmənçiliyi xüsusilə məşhurdur. Digər xəlifələr də Peyğəmbər (s) nəslinin imam olan və olmayan üzvlərini müxtəlif yollarla məhv etmişlər. İmam Hüseynin (ə), daha sonralar İmam Baqirin (ə) qardaşı Zeydin və onun oğlu Yəhyanın, İmam Həsən (ə) nəslindən olan Nəfs əl-zəkiyyənin və qardaşı İbrahimin qaldırdığı qiyamlar qəddarlıqla yatırılarkən, bu möhtərəm insanları, onların yaxın qohumlarını və tərəfdarlarını da vəhşicəsinə soyqırımına məruz qoymuşdular. Əhli-beytə (ə) qarşı ünvanlanmış bu cinayətlərin bütün təşkilatçıları və icraçıları nasibidirlər.

6. Əhli-sünnə məzhəbinin başçıları Əhli-beyti (ə) sevirdilər

Bəzi Əhli-beyt (ə) üzvlərinə və şiələrə mənfi münasibət dini göstərişlərdən deyil, siyasi amillərdən qaynaqlanırdı. Əhli-sünnənin böyük alimləri bu haqsızlıqlara etiraz edir və Əhli-beyt (ə) üzvlərinin haqq mübarizəsini dəstəkləyirdilər. Məsələn, hənəfi məzhəbinin banisi Əbu Hənifə şəhid Zeyd ibn Əlinin hərəkatını müdafiə edən fətva vermiş, üstəlik, onun üçün 20 min dinar pul göndərmişdi. Əbu Hənifə İmam Həsənin (ə) nəslindən olan Mühəmməd Nəfs əl-zəkiyyənin və qardaşı İbrahimin qiyamlarını da müdafiə edirdi. Zeydi məzhəbindən olan Əbülfərəc İsfahaninin “Məqatil əl-Talibiyyin” kitabında Əbu Hənifənin bu qiyamlara rəğbətlə yanaşması barədə sübutlar vardır. Kitabda məşhur əhli-sünnə fəqihlərindən Züfərə istinadən xəbər verilir ki, Əbu Hənifə İbrahimin qiyamınin qələbə çalması üçün ciddi-cəhdlə çalışırmış (səh. 310).

7. Bəzi əhli-sünnə alimləri Əhli-beyt (ə) yolunda təzyiqə məruz qalmışlar

Bəzi əhli-sünnə alimləri Əhli-beytə (ə) sevgiləri üzündən zalım hökmdarların və onların təbliğatına uyan qaragüruhçu camaatın təzyiqinə məruz qalmış, bu yolda öz şan-şöhrətlərini, hətta həyatlarını itirmişlər. Məsələn, onilliklər boyunca Əməvi dövlətinin paytaxtı olmuş, Müaviyə, Yezid və xələflərinin təbliğatı ilə zəhərlənmiş Diməşq şəhərinin əhalisi əhli-sünnənin məşhur alimi İmam Nəsaini məhz Əhli-beytə (ə) məhəbbətdə və Əhli-beytin (ə) düşmənlərinə nifrətdə təqsirli bilib öldürmüşdülər. Nəsai məsciddə Həzrət Əlinin (ə) üstünlükləri haqqında tərtib etdiyi “Xəsais” kitabını camaata oxuyur. Diməşq əhalisi ondan Müaviyəni də tərif edən hədislər söyləməsini istəyəndə İmam Nəsai nəinki buna etiraz edir, hətta Peyğəmbərin (s) Müaviyəyə lənətini onlara xatırladır. Diməşqlilər qəzəblənib hamılıqla onun üstünə tökülür və döyməyə başlayırlar. Nəsai bu zərbələrdən ölümcül xəsarət alır, bir neçə gün ağır xəstə yatdıqdan sonra dünyasını dəyişir.

Məşhur tarixçi və təfsirçi Təbəri Əhli-beytin (ə) fəzilətlərini əks etdirən bir neçə kitabça qələmə almışdı. Bəzi məlumatlara görə şafii məzhəbinə, bəzi məlumatlara görə də özünün yaratdığı yeni məzhəbə inandığı bildirilən Təbərini Bağdad camaatı şiəlikdə günahlandırırdı. O zamanlar Bağdadda öz mühafizəkarlığı ilə seçilən hənbəli əqidəsinin daşıyıcıları üstünlük təşkil edirdilər. Təbəriyə qarşı aparılan təbliğat o qədər güclü imiş ki, alim vəfat edəndə onun dəfninə demək olar ki heç kim qatılmır və o, hər cür təntənədən uzaq şəkildə torpağa tapşırılır.

Hənbəli məzhəbinin banisi İmam Əhməd ibn Hənbəlin özü isə həmişə Əhli-beytə (ə) sayğı göstərmişdir. Yanına Qüreyş soyundan bir adam gəlsəydi, İmam Əhməd onu hörmətlə özündən qabağa buraxar və arxasınca gələrdi.

Şafii məzhəbinin banisi İmam Şafii də təəssübkeş qüvvələrin hücumuna məruz qalmışdı. İmam Şafii təşəhhüddə Əhli-beytə (ə) salavat verilmədiyi təqdirdə namazın düzgün olmadığı barədə fətva da vermişdi. Şafiinin Əhli-beytə (ə) sevgi ilə dolu şeirləri məşhurdur. Bu şeirlərdən məlum olur ki, müasirləri onu “rafizilk”də, yəni şiəlikdə günahlandırırmışlar. Şafii yazırdı:

Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə (dindən çıxmaqdırsa),

Qoy bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm!

İbn Həcər Heysəmi şeiri təqdim etdikdən sonra yazır: “Beyhəqi deyib: “Şafii bu sözləri o zaman söyləmişdir ki, xəvaric tayfası həsəd və kin-küdurətlə onu rafizilikdə ittiham edirdi”.

8. Düşmənçilik olmuşsa da, Əhli-beytə (ə) deyil, şiələrə ünvanlanmışdır

Bunu qeyd etməyi lazım bilirik ki, Əməvi və Abbasi hakimiyyətini çıxmaqla şiə məzhəbinə qarşı mənfi münasibətdə Əhli-beyt (ə) hədəf kimi seçilmirdi. Bu düşmənçilik bəzi təəssübkeş dövlət başçılarının və onların əmrini icra edən bəzi saray “alim”lərinin səyləri nəticəsində yaranmışdı. Şiələr Əhli-beyti (ə) düzgün anlamamaqda, onların yolunu təhrif etməkdə, onları ilahiləşdirməkdə təqsirli bilinirdilər. Hətta şiələr əleyhinə qələmə alınmış kitablarda da Əhli-beytin (ə) fəzilətləri bol-bol təsvir edilirdi. Məsələn, İbn Həcər Heysəminin “əl-Səvaiq əl-mühriqə” kitabı şiəlik əleyhinə qələmə alınsa da, Əhli-beyt (ə) imamlarının üstünlükləri, onların haqqında nazil olmuş ayələr, buyurulmuş hədislər geniş şəkildə işıqlandırılır. Hindistanlı sünni alimlərdən Şah Əbdüləziz Ğulamhəkim Dehləvinin fars dilində yazdığı “əl-Töhfət əl-isna əşəriyyə” kitabı da bu qəbildəndir. Kitabı hicri 1227-ci ildə Şeyx əl-hüffaz Əsləmi ərəb dilinə çevirmiş, İraq alimlərindən Seyid Mahmud Alusi hicri 1301-ci ildə onu ixtisar və şərh etmişdir. Əsər əslində şiə məzhəbinin əleyhinə yazılsa da, onun səhifələrində Əhli-beyti (ə) mədh edən xeyli sübutlara rast gəlmək mümkündür. Məsələn, elə həmin kitabda İmam Əbu Hənifənin İmam Cəfər Sadiqdən (ə) iki il müddətində dərs alması təsdiq edilir: “Həmçinin, əhli-sünnə içində Əbu Hənifədir ki (uca Allah ondan razı olsun!) fəxrlə və ən bəlağətli dillə demişdir: “Bu iki il olmasaydı, Nöman həlak olardı!” Burada “iki il” deyərkən elm almaq üçün İmam Cəfər Sadiqin (uca Allah ondan razı olsun!) yanına gedib-gəldiyi illəri nəzərdə tuturdu” (səh. 8). Daha sonra həmin kitabda yazılıb: “Bu barədə bunu söyləmək kifayətdir ki, əhli-sünnənin ən məşhur təriqətlərinin kökü Əhli-beytə bağlıdır. Bunu inkar edən şəxs ölünün diridən fərqini inkar edən adam kimidir”.

Please publish modules in offcanvas position.