Bəşəriyyətin ustadı (Birinci hissə)

/ Çərşənbə, 18 Mart 2020 14:22
Bəşəriyyətin ustadı (Birinci hissə)

“Bəşəriyyətin ustadı” ləqəbli böyük cəfəri alimi Xacə Nəsirəddin Mühəmməd Tusi hicri 597-ci ildə (miladi 1201-ci il) İranın Tus şəhərində doğulmuşdur.

Onun Həmədanda ya Qumda ya da Savənin Cəhrud kəndində doğulduğunu yazanlar da vardır. Tam sübuta yetməyən məlumatlara görə, Tusi Azərbaycan mənşəli ailədə doğulmuşdur.

O, ilk təhsilini atasından almış, daha sonra öz dövrünün məşhur alimlərinin, о cümlədən, İbn Meysəm Bəhraninin (“Nəhcül-bəlağə”nin şərhçisi) və Mühəqqiq Hillinin dərslərinə getmişdir. Həmçinin, o, müəllimləri vasitəsilə Bəhmənyar və İbn Sina fəlsəfi məktəblərinə bağlı olmuşdur.

Məcburi xidmət

Nəsirəddin Tusi təqribən 30 yaşında ikən monqolların Xorasana hücum dalğası başlandi. Buna görə o, Tusu tərk edib, İranın Kuhistan vilayətinə – ismaili hökmdarının yanına getdi. Tusi uca dağ silsiləsinin zirvəsində öz hakimiyyətlərini qurmuş ismaililərə məcburiyyət qarşısında (monqollardan qaçaraq) pənah aparmasını gizlətmirdi. Yalnız burada Tusi öz elmi fəaliyyəti üçün az-çox uyğun şərait tapa bilmişdi. Tusi ismaililər tərəfindən ehtiramla qarşılansa da, bir müddət sonra hökmdarla yaranmış anlaşılmazlıq nəticəsində həbsə göndərildi. Uzun müddət dustaq həyatı yaşayan Xacə Tusi orada da öz elmi fəaliyyətini dayandırmadı.

1255-ci ildə Rüknəddin Xurşah is¬maililərin yeni hökmdarı seçildikdə Nəsirəddin Tusi həbsdən azad edildi. Lakin böhranlı günlər başlayırdı. Hülaku xanın sərkərdəlik etdiyi “məğlubedilmaz” monqol ordusu vilayətləri fəth edərək birbaşa ismaili qalalarının üzərinə gəlirdi. Belə bir zamanda Tusi hədər itkilərin qarşısını almaq məqsədilə hökmdar Xurşaha məsləhət görür ki, könüllü surətdə təslim olsun. Xurşah öz ağıllı məsləhətçisinin sözünə qulaq asıb Hülakuya təslim olur.

Hülaku xan Tusinin parlaq zəkasını yüksək qiymətləndirərək, onu özünə vəzir təyin edir. Nəsirəddin Tusi onun saray münəccimi vəzifəsini də icra edirdi.

“Zəmanənin anası bu cür oğul doğmayıb…”

Nəsirəddin Tusi hicri 672-ci il zilhiccə ayının 18-də Qədir-Xüm bayramı günündə (miladi 1274-cü il) vəfat etmiş və öz vəsiyyətinə əsasən Bağ¬dad yaxınlığındakı Kazimeyn məntəqəsində yeddinci imam Həzrət Musa Kazim (a) və doqquzuncu imam Mühəmməd Təqinin (a) məqbərələrinin kənarında dəfn olunmuşdur. Deyirlər ki, Bağdadda dünyasını dəyişən Tusiyə ölümündən az qabaq təklif edirlər ki, vəfatından sonra onun nəşini Nəcəf və ya Kərbəla şəhərinə aparıb dəfn etsinlər. Lakin alim etiraz edib deyir: “İki imamın məzarının yanında öldüyüm halda, burada deyil, başqa şəhərdə dəfn edilməkdən utanıram. Məni elə bu iki imamın yanında dəfn edərsiniz”. Xacə Tusinin məzar daşında bu sözləri yazdılar: “Dinin və millətin yardımçısı, elm mülkünün hökmdarı. Zəmanənin anası bu günə kimi belə bir oğul doğmamışdır”.

Tusinin üç oğlu da elmi fəaliyyətlə məşğul olmuşdur. Alimin nəslinin bir qolu Azərbaycanın Ordubad bölgəsində məskunlaşmışdı. Hətta deyilənlərə görə, Şah Abbas Tusinin nəslinin xatirinə Ordubadı vergidən azad edibmiş. Qaçaq Nəbinin dostu Mehdixan Ordubadski, məşhur şair və dramaturq İslam Səfərli, Sovet İttifaqı Qəhrəmanı Abbas Quliyev Nəsirəddin Tusinin nəslindən idilər.

Tusi din alimi kimi

Mənbələrdə Tusinin ərəbcə təqribən 50, farsca 40 kitab yazdığı göstərilir. Təəssüf ki, Xacə Tusi bəzən yalnız dünyəvi elmlərin mütəxəssisi kimi xatırlanır və onun din sahəsində xidmətləri etinasızlıqla unudulur. Halbuki, Tusi hər şeydən öncə din alimi və müctəhid idi. Cəfəri məzhəbinin formalaşmasında və Elxanilər sarayında bu məzhəbin nüfuz qazanmasında onun rolu əvəzolunmazdır.

Şübhəsiz, Tusinin ən məşhur dini əsəri “Təsrid əl-etiqad” risaləsidir. Cəfəriliyin bütün ideoloji prinsiplərini yığcam şəkildə əhatə edən bu kitaba həm şiə, həm də sünni alimləri tərəfindən şərhlər və haşiyələr yazılmışdır.

Ensiklopedik alim

Nəsirəddin Tusi əruz vəzninin incəliklərinə bələd idi, ərəb va fars dillərində dəyərli şeir nümunələri yaradırdı. Məşhur şair Hümam Təbrizi Xacə Tusinin şagirdi olmuşdur.

Tusi “Ovsaf əl-əşraf” və “Məqamat əl-arifin” əsərlərini yazmaqla özünü mükəmməl bir arif kimi təsdiq etmişdir. О, öz dövrünün məşhur ariflərindən sayılan Şeyx Fəridəddin Əttar Nişaburi ilə görüşmüş, Mühyiddin ibn Ərəbi və Sədrəddin Konyəvi ilə məktublaşmışdır. Sədrəddin Konyəvi Xacə Tusiyə yazdığı məktubda onu “fəzilətlər sahibi, keçmişdəkilərin və müasirlərin fəxri, zəmanənin sahiblərinin hökmdarı, haqqın və dinin köməkçisi” adlandırmışdır.

Tusi İbn Sinanın “Qanun” kitabına şərhlər yazmış, о cümlədən, qiymətli daşların, mineralların xüsusiyyətləri və insan sağlamlığına təsiri barəsində “Tənsuxnamə” əsərini qələmə almışdır. Tusi bədənin müalicəsi ilə yanaşı, ruhun müxtəlif nöqsanlardan və rəzalətdən xilas edilməsi yolları haqqında da “Əxlaqi-Nasiri” əsərində məlumatlar vermişdir.

Riyaziyyat

Tusi üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmış, müasir təsəvvürə uyğun gələn ədəd anlayışını verməklə Avropa alimlərini 400 il qabaqlamışdır. Tusi “Şəkl əl-qita” əsərində müstəvi və sferik triqanometriyanın əsas teoremlərini izah etmiş, bununla həmin elmi sərbəst riyazi fənn şəklinə salmışdır. O, ədəddən istənilən dərəcədə kökalma qaydasını, ədəd üçbucağını əmələ gətirən bino¬minal əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir. Tusinin riyaziyyat kitabları XVI-XVII əsrlərdə Romada latın dilində nəşr edilmiş, Lejandr və başqa Avropa alimlərinin elmi tədqiqatlarına təkanverici təsir göstərmişdir.

Tusi Evklidin beşinci postulatının isbatı üçün orijinal üsul təklif etmişdir. Məşhur rus alimi, qeyri-Evklid həndəsəsinin banisi Lobaçevski Kazan Universitetində çalışarkən həmkarı Mirzə Kazım bəydən xahiş etmişdi ki, Nəsirəddin Tusinin riyaziyyat sahəsindəki əsərlərindən bir qismini onun üçün tərcümə etsin. Həmin yazılarla tanış olduqdan sonra Lobaçevski öz tədqiqatlarını daha böyük həvəslə davam etdirir və nəticədə qeyri-Evklid həndəsəsi yaranır. Beləliklə, Nəsirəddin Tusini əslində qeyri-Evklid həndəsəsinin ideya müaəlliflərindən biri hesab etmək olar.

Riyaziyyat tarixində ilk dəfə olaraq Tusi kəsrlərin toplanması üçün optimal üsul təklif etmişdir. O zamana kimi kəsrlər üzərində riyazi əməliyyatlar zamanı məxrəclərin ortaq bölünənini tapmaq üçün sadəcə olaraq məxrəcləri bir-birinə vurur və hasilini götürürdülər. Məsələn, səkkizdə-üç və altıda-beş kəsrlərini toplayarkən, 8-lə 6-nın hasili olan 48 ədədini ortaq məxrəc kimi qəbul edirdilər. Tusi ilk dəfə ən kiçik ortaq bölünən anlayışını tətbiq etdi. Yəni iki kəsrin məxrəcinin ən kiçik ortaq bölünənini tapmağı təklif etdi. Yuxarıdakı misal üçün bu ədəd 24-ə bərabərdir. Beləliklə, hesabatlar zamanı mürəkkəb riyazi əməliyyatlar aparmağa ehtiyac qalmır və hesabatlar xeyli asanlaşır. Qeyd etmək yerinə düşər ki, vurma cədvəli də ilk dəfə Tusinin əsərində verilib.

Astronomiya

Xacə Tusi dəfələrlə Hülaku xandan xahiş etmişdi ki, rəsədxana tikdirmək haqqında sərəncam versin. Hülaku xan tikinti üçün tələb olunan məbləğin böyüklüyündən təəccüblənib Xacədən soruşur: “Axı bu rəsədxananın nə faydası var ki, bu qədər məbləğin xərclənməsini xahiş edirsən? Məgər ulduzları müşahidə etməklə taleyi dəyişmək mümkündür?”

Tusi bir nəfərə tapşırır ki, ordu düşərgəsinin yaxınlığındakı təpəyə qalxıb hamıdan xəbərsiz halda bir mis teşti təpədən aşağı atsın. Mis teşt yerə dəyib, dəhşətli səs çıxararaq diyirlənir. Əsgərlər nə isə fövqəladə hadisə baş verdiyini düşünüb qorxu işində ora-bura vurnuxmağa başlayırlar. Yalnız Hülaku xan və Xacə Tusi qabaqcadan xəbərdar olduqları üçün sakitcə hadisəni izləyirlər. Bu zaman Tusi hökmdara deyir: “Görürsənmi, bizdən başqa hamı qorxu içindədir, çünki hadisənin səbəbini bilmirlər va qabaqcadan xəbərdar olmayıblar. Əgər yerdə sakit yaşamaq istəyirsənsə, göydə baş verən hadisələri öyrənməlisən. Biz səmanı müşahidə etsək, Günəşin tutulması, zəlzələ, tufan kimi hadisələri qabaqlaya bilərik. Onda qoşun indiki kimi dəhşətə gəlməz və heç bir təbii fəlakətdən qorxmaz”. Bundan sonra Hülaku xan alimin məsləhətini qəbul edib, rəsədxananın tikilməsinə sərəncam verir.

Tusi yeni rəsədxana üçün Cənubi Azərbaycanın Mara¬ğa şəhərini seçir. Tikinti işləri 1259-cu ildə başlanır. Rəsədxana kompleksinin uzunluğu 350, eni isə 150 metr idi. О dövr üçün ən yeni avadanlıqlarla təchiz edilmiş rəsədxananın 400 min nüsxəlik fonda malik zəngin kitabxanası var idi. Əldə olan məlumatlara əsasən, Marağa rəsədxa¬nasında istifadə olunan cihazlardan beşi buranın öz işçiləri tərəfindən ixtira edilmişdi. Deyirlər ki, XVI əsrdə yaşamış danimarkalı astronom Tixo Brage öz rəsədxanasında Marağada hazırlanmış fırlanan kvadrantlardan istifadə edirmiş.

Bəzi məlumatlara görə, monqol hökmdarı Mengu xanın (Hülakunun qardaşının) əmri ilə Pekində müsəlman alimləri tərəfindən tikilmiş rəsədxananın layihələndirilməsində Marağa rəsədxanasının təcrübəsindən istifadə edilmiş, Pekin rəsədxanasının memarı şəxsən Marağaya gələrək Nəsirəddin Tusi ilə məsləhətləşmişdi. Bu barədə Rəşidəddin Fəzlullah “Came əl-təvarix” kitabında məlumat verir.

Rəsədxananın işçiləri üçün yüksək məvacib təyin edilmiş, burada tədqiqat aparmaq istəyən hər kəs üçün əlverişli iş şəraiti yaradılmışdı. Dünyanın müxtəlif nöqtələrindən alimlər Marağaya gəlib elmi fəaliyyətlə məşğul olurdular. Onların arasında qeyri-müsəlmanlar da var idi.

Xacə Nəsirəddin Tusi 15 il ərzində Marağa rəsədxanasına başçılıq etmişdir. Onun rəhbərliyi altında tartib edilmiş “Zici-Elxani” adlı astronomik kataloq haqlı olaraq orta əsrlərin ən böyük elmi nailiyyətlərindən hesab olunur. “Zici-Elxani” kataloqunda Çin, Türküstan, İran və Ərabistanda işlədilən təqvimlərin nəzəriyyəsi verilmiş, bir təqvimdən digərinə keçmək yolları göstərilmişdir. Bu kitabda planetlərin orta sutkalıq hərəkət qiymətləri о dövr üçün heyrətamiz dərəcədə dəqiqliklə qeyd edilmişdir. Kataloqa Ay və Günəş tutulmalarını qabaqcadan xəbər vermək uçün rəsədxanada hazırlanmış mükəmməl cədvəl, parlaq ulduzların ekliptik koordinatlar cədvəli də əlavə olunmuşdu. Xristofor Kolumbun müəllimi Toskanelli bu cədvəldən istifadə etmiş, cədvəlin özü 1652-ci ildə Londonda, 1711-ci ildə Oksfordda ərəb və latın dillərində çap olunmuşdur.

Marağa rəsədxanasında aparılmış tədqiqatların təhlili bunu söyləməyə əsas verir ki, Nəsirəddin Tusi Kolumbdan iki əsr öncə Qərb yarımkürəsində quru torpaq sahəsinin (Amerikanın) olmasından xəbərdar imiş. Belə ki, “Zici-Elxani” kitabında dünya xəritəsi meridian xətlərinə bölünərkən sıfırıncı meridian xətti indiki Qrinviçdən 34-35 dərəcə qərbdə yerləşdirilib. O zamankı coğrafiya elminə görə buralar okean sayılırdı. Amma müasir xəritələrlə tanışlıq zamanı məlum olur ki, Cənubi Amerika materikinin şərq qurtaracağı məhz həmin meridiandan keçir. Yəni buralar Cənubi Amerika materikinin şərqə ən yaxın nöqtəsidir. Məhz buna görə ehtimal etmək olar ki, Nəsirəddin Tusi öz xəritəsində sıfırıncı meridian xəttini o zamanlar məlum olan ənənəvi torpaqlardakı hər hansı şəhərdən deyil, məhz həmin yerdən keçirməklə burada quru torpaq sahəsinin mövcudluğundan xəbərdar olduğunu bildirmək istəyirmiş.

(ardı var)

Please publish modules in offcanvas position.