Allahı gözlə görmək mümkündürmü? (İkinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 11:03
Allahı gözlə görmək mümkündürmü? (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3331-allah-zhoezlae-zhoermaek-mumkundurmu-birindzi-hissae)

Əgər bu dünyada Allahı görmək mümkün deyilsə, axirət aləmində də bunun baş tutması ehtimal edilə bilməz. Çünki o biri dünyada da ruhlar hər hansı formada bir qılaf (bədən) içərisində olacaqlar. Bu, dünya həyatındakı kimi bir bədən də ola bilər, başqa şəkildə də olması mümkündür. Çünki axirətdə ləzzət və əzabı duyacaq bir bədən olacaq. Quranda və hədislərdə cənnət ləzzətləri, cəhənnəm azabları haqqında buyurulanlar bunu söyləməyə əsas verir ki, bütün bunların təsirini ruha dadızdıracaq bir bədənə ehtiyac vardır. Cəhənnəm alovu ruha birbaşa təsir edə bilməz, alovun ağrısını bədən duymalı və bu əzbın acısını ruha ötürməlidir. Eləcə də, cənnətdə vəd olunan yeyiləcək, içiləcək, geyiləcək nemətlər, hurilər bədən vasitəsilə, duyğu orqanlarının köməyi ilə duyulmalıdır. Əks halda bunların heç bir xeyri olmaz. Elə isə, bu dünyada ən möhkəm material olan dağ, süxur əgər Allahın nuruna qarşı dura bilmirsə, insan bu mənzərədən huşunu itirirsə, o biri dünyada da analoji vəziyyət olacaq.

Allahı görmə probleminin ikinci hissəsi axirət aləmi ilə bağlıdır. Belə ki, bəzi hədis kitablarında Allahın qiyamət günündə möminlərə görünəcəyi qəti şəkildə bildirilir. Bu fikrin əsas dəlili isə Qurani-kərimin aşağıdakı ayəsidir: “O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaq” (Qiyamət, 22-23).

Lakin Allahın axirətdə görüləcəyini inkar edənlər tərəfindən bu iddiaya aşağıdakı cavablar verilir: Əvvəla, ayədəki “nazirə” kəlməsi ərəb dilində yalnız “baxmaq” deyil, həm də “gözləmək, intizarında olmaq, nəsə ummaq” mənalarını ifadə edir. Bu mənada möminlərin qiyamət günündə Allahdan mükafat gözləmələri, cənnət nemətlərinin intızarında olmaları tamamilə təbii haldır.

İkincisi, hətta “nəzər” kəlməsini “baxmaq” kimi qəbul etsək belə, bu, heç də hər baxanın görməsi mənasını bildirmir. Bəzən insan nəyə isə baxır, amma onu görə bilmir. Məsələn, buludlu havada Ayın görünməli olduğu istiqamətə nə qədər baxsaq da, onu görmürük. Deməli, qiyamətdə möminlərin Allaha sarı, daha doğrusu, Onun qüdrət və əzəmətinin zahir olduğu məqama sarı baxmaları, heç də Allahı görmələri anlamına gəlmir.

Bəziləri Allahı axirətdə görməyin mümkünlüyünü “Yaxşı işlər görənləri cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26) ayəsindəki “daha artıq” kəlməsi ilə əlaqələndırir, bəzi hədislərə istinad edərək, həmin kəlmənin Allahı görmək neməti olduğunu söyləyirlər. Aydındır ki, bu cür təfsir Quran ayəsinin zahiri mənasına dayaqlanmadığı üçün öz-özlüyündə tutarlı sübut sayıla bilməz.

Qiyamətdə möminlərin Allahı görəcəyini bildirənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) bəzi hədıslərini də sübut gətirirlər. Məsələn, Səhih əl-Buxari (529-cu, 547-ci və 4570-ci hədislər), Səhihü Müslim (211 (633)-cü hədis), Sünənü Əbu Davud (4729-cu hədis) və Sünən əl-Tirmızidə (2551-ci və 2554-cü hədislər) Peyğəmbərin on dörd gecəlik Aya baxaraq belə buyurduğu rəvayət edilir: “Siz bu Ayı gördüyünüz kimi, Rəbbınizi də əyani şəkildə görəcəksiniz və Onu görməkdə çətinlik çəkməyəcəksiniz”.

Lakin əks mövqedə duran əqidəyə əsasən, Allah-təala nə bu dünyada, nə də axirətdə görünməz. Çünki O, cisim deyil: “Gözlər onu dərk etməz (görməz). O, gözləri dərk edər. O, lətifdir (cisim xüsusiyyətlərindən uzaqdır), (hər şeydən) xəbərdardır” (Ənam, 103). Yalnız maddi olan, fiziki ölçüyə və rəngə malik cisimlər görünə bilər. İnsanın gözü ruh, cazibə qüvvəsi, sevgi, nifrət kimi anlayışları görə bilmir. Bunların hamısı mücərrəd və qeyri-maddi məfhumlardır. Ona görə Allahın da gözə görünməməsini təbii qəbul etməliyik. “Üsul əl-Kafi” kitabında Allahı gözlə görməyin batil olduğuna dair ayrıca bab ayrılmış və burada 12 hədis verilmişdir.

Please publish modules in offcanvas position.