Həqiqət yolunun pillələri: İrfanda Hal və Məqam anlayışları (Birinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 11:04
Həqiqət yolunun pillələri: İrfanda Hal və Məqam anlayışları (Birinci hissə)

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,

Gəl nəzər eylə halimə, gör ki, nə hal içindəyəm.

İ.Nəsimi

Tarix boyunca düşüncə və mənəviyyat adamları insanın mənəvi təkamülü, Haqqa çatması üçün yollar və üsullar  təklif etmişlər. Bu yolların bəzi fərqli cəhətləri də olub. Lakin onları birləşdirən ümumi cəhətlər daha çoxdur. Hətta ilk baxışda fərqli görünən tərəflərin də kökündə bir bənzərlik və eynilik durur, fərqlilik təqdimatdadır. Bütün “qəlb” adamları bu fikirdə yekdildirlər ki, Haqqa çatmağın ən səmərəli və düzgün yolu öz nəfsini idarə etmək bacarığına yiyələnmək, özündə mənəvi gözəllikləri yetişdirib əxlaqi rəzalətlərdən qurtulmaqdır.  Bu məqalədə danışılan “məqam” və “hal” anlayışları çox zaman sırf təsəvvüf mövzusu kimi təqdim olunsa da, ümumilikdə insanı Allaha doğru aparan bütün təlimlərə aid edilə bilər.

Məqam və hal – haqq yolçusunun seyrü-sülük (mənəvi təkamül) yolunda marşrutu və mənzilləri sayılır. Yalnız bu anlayışlarla tanış olduqdan sonra həqiqət yolçusunun nəyə və necə nail olmaq istədiyini dərk etmək olar.

Mənbələrdə məqamlar və hallar barəsində ətraflı məlumatlar verilmiş, onların təsnifatı təqdim olunmuş, bir-birindən fərqləri açıqlanmışdır. Təsəvvüf nəzəriyyəçilərinin dünyagörüşündən asılı olaraq, bu məlumatlar arasında fərqlər mövcuddur. Bu məqalədə mövcud mənbələrdəki məlumatları ümumiləşdirməyə və hər bir məfhum barədə qısaca söhbət açmağa çalışmışıq.

“İrfani söz, termin və ifadələr lüğəti”ndə məqam haqqında yazılır: “Ariflərin nəzdində hər kəsin məqamı müəyyən ədəb və ayinləri icra etdikdən, xüsusi hazırlığı keçdikdən və lazımi çətinliklərə dözdükdən sonra tutduğu yerdən ibarətdir. Bir məqamda durub onun əməllərini yerinə yetirən adam həmin məqamın əməllərini  lazımınca başa vurub, haqqını icra etməyincə, digər məqama keçə bilməz” (səh. 735).

Həmin kitabda “hal” məfhumu barədə bu məlumat verilir: “Haqq yolçularının (saliklərin) dilində hal – qəlbə ixtiyarsız, qəsdsiz və qazanılmadan daxil olan mənalardır” (səh. 62). Hal tez ötüb-keçəndir və qəlbdə qərar tutub qalmaz. Halı söz vasitəsilə təsvir və əhatə etmək mümkün deyil. Fərəh, hüzn, şövq, heybət və s. bu kimi emosiyaları hallara aid etmişlər.

İzzəddin Mahmud Kaşani “Misbah əl-hidayə” əsərində məqamla halın fərqini belə izah edir: “Sufilərin fikrincə, hal - uca aləmdən hərdən salikin qəlbinə enən elə qeybi məlumatdır ki, ilahi cazibə kəməndi ilə saliki alçaq məqamdan uca məqama qaldırar. Məqam isə seyrü-sülukun (haqq yolunun) bir mərtəbəsidir, salikin ayaqları altında qərar tutar və onun məkanı olar. Məqam itməz, ötüb-keçməz. Hal yuxarıdan (Allahdan) gələr və salikin ixtiyarına keçməz. Əksinə, salik ona tabe olub, ixtiyarına keçər. Məqam isə aşağı mövqedə olduğundan, salikə tabe olar. Buna görə sufilər demişlər ki, hallar hədiyyədir, məqamlar isə qazanılandır (kəsb ediləndir). Hal və məqamlar barədə şeyxlərin fikir ayrılığının səbəbi bundadır ki, bəziləri bir şeyi hal, digərləri isə məqam saymışlar. Elə bütün məqamlar əvvəldə hal, axırda məqam olur”.

İrfan ədəbiyyatından bəlli olur ki, hal daimilik qazanarsa, salikin xasiyyətinə çevrilər və ona “məqam” deyərlər. Məqam sahibi öz səy və çalışmalarına bağlı olar. Hal sahibi isə özündən fani olub, Allahın onda yaratdığı hala bağlanar və ondan asılı vəziyyətə düşər.

Məşhur sufi Həllac Mənsur hal əhli barədə belə söyləmişdir: “Peyğəmbərlər öz halları üzərində hakimdirlər, hal onları dəyişdirə və özünə tabe edə bilməz. Bütün başqa adamlar isə öz hallarına tabedirlər. Hal onları dəyişdirər, onlar halı istədikləri kimi dəyişdirib idarə edə bilməzlər”.

Sədi Şirazi “Gülüstan” əsərində maraqlı bir əhvalatın təsvirini verir. Livan əhlindən olan və kəramətlər sahibi kimi tanınmış bir şeyx Dəməşq məscidinə gəlir. Hovuz kənarında dəstəmaz alarkən ayağı sürüşüb hovuza yıxılır, çox böyük çətinliklə sudan kənara çıxır. Ardıcıllarından biri hadisəni görüb təəccüblənir və ondan soruşur: “Sən həmin adamsan ki, vaxtilə dənizin səthində gəzdiyini müşahidə etmişik. O vaxt heç ayaqların da islanmamışdı. Bəs indi nə oldu ki, az qalmışdı hovuzda boğulub həlak olasan?!” Şeyx uzun düşüncələrdən sonra ona belə cavab verir: “Məgər eşitməmisənmi, Həzrət Rəsulüllah buyurub: “Allahla mənim aramda elə anlar olur ki, nə bir mələk, nə də peyğəmbər bu məqama çata bilməz”. Amma peyğəmbər buyurmayıb ki, belə hallar ona həmişə müyəssər olur və həmişə davam edir. Peyğəmbər bəzən mələklərlə ünsiyyətdə olur, bəzən isə Həfsə və Zeynəblə (həyat yoldaşları ilə) vaxt keçirirdi. Böyüklər demişlər ki, yüksək dərəcəli şəxslərin muşahidəsi təcəlla və örtük arasında olar (yəni, gah ilahi təcəlla onlara göstərilər, gah da onlardan gizlədilər)”.

Yenə Sədinin “Gülüstan”ında Həzrət Yəqub Peyğəmbərin (ə) hallarının təfavütü incə bir lətifə şəklində göstərilmişdir. Həzrət Yəqubdan (ə) soruşurlar ki, Yusif (ə) öz köynəyini Misirdən sənə göndərəndə uzaqdan onun ətrini hiss etdin, köynək yolda ikən onun gətirilməsindən xəbərdar oldun. Bəs niyə Yusif (ə) qat-qat yaxında, quyuda olarkən, ətrini duymadın və yerini bilmədin? Yəqub (ə) suala belə cavab verir: “Bizim halımız şimşək kimi ani olaraq dəyişər, bir an görünüb tez itər. Mən bəzən ən yüksək nöqtəyə qalxıb ətrafı görürəm, bəzən isə heç ayağımın altını seçə bilmirəm”. Axırda Sədi öz fikrini bu beytdə cəmləşdirir:

Əgər dərviş eyni bir halda durub qalsa,

Hər iki aləmdən əli üzülər (yəni heç olar).

Mənbələrdə əsasən yeddi məqamdan və on haldan bəhs edilir. Məqamlar bunlarıdır: tövbə, vərə, zöhd, fəqr, səbr, təvəkkül və riza. Halların adı isə bunlarıdr: müraqəbə, qürb, məhəbbət, xovf, rəca, şövq, üns, itmiynan (arxayınlıq), müşahidə və yəqin.

Məqalənin növbəti bölümlərində bunların hər biri haqqında ayrı-ayrılıqda qısa və anlağıqlı dildə məlumat verməyə çalışacağıq. Bu zaman təsəvvüf ədəbiyyatının mühüm mənbələrindən sayılan Əbu Nəsr Sirac Tusinin “Əl-Lümə” əsərindəki ardıcıllıq əsas tutacaq, yeri gəldikcə digər klassik mənbələrdən müvafiq məlumatları bura əlavə edəcəyik.

(ardı var)

Please publish modules in offcanvas position.