Allaha gedən yolda məqamlar (İkinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 11:06
Allaha gedən yolda məqamlar (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3333-haezhizhaet-yolunun-pillaelaeri-irfanda-hal-vae-maezham-anlay-shlar-birindzi-hissae)

Mənbələrdə seyrü-süluk (mənəvi tərəqqi) yolunda yeddi məqamdan bəhs edilir.

1. Tövbə – seyrü-süluk yolundakı birinci məqamdır. Haqq yolçusu bu məqamda şəriətə zidd olan hər işdən tövbə etməli və bundan sonra bütün əməllərini bu əsasda quracağına söz verməlidir.

Ariflərin çoxu bu fikirdə olmuşlar ki, haqq yolçusu tövbə məqamında kamil rəhbərin (ona pir və ya mürşid deyilir) tabeliyində hərəkət etməli, onun tapşırıqlarını qeydsiz-şərtsiz yerinə yetirməli, onun sözündən çıxmamalıdır.

“Misbah əl-hidayə” kitabında tövbənin 5 şərti olduğu bildirilir: fərz olan ibadətləri icra etmək, buraxılmış fərzləri qəza etmək, halal ruzi qazanmaq, qəsb olunmuş bütün əmlakı sahibinə qaytarmaq və nəfslə mübarizə etmək. Göründüyü kimi, bu şərtlər İmam Əli (ə) tərəfindən istiğfar üçün bəyan edilmiş şərtlərlə oxşardır (bax: “Nəhcül-bəlağə”, 425-ci qısa kəlam).

Sufi ədəbiyyatında bu məşhur hədis tez-tez xatırlanır: “Günahdan tövbə etmiş şəxs heç günah etməmiş kimidir. Allah onun günahlarını yaxşı əməllərlə əvəz edər”.

Həmçinin, tövbənin 5 növünü müəyyən etmişlər: Birincisi, əməl sahiblərinin (ümmal) tövbəsi pis işlərdən yaxşı əməllərə üz tutmaqdır. İkincisi, zahidlərin tövbəsi dünyaya rəğbətdən üz çevirməkdir. Üçüncüsü, hüzur əhlinin tövbəsi qəflətdən hіzura doğrudur. Dördüncüsü, ixlaslıların tövbəsi pis əxlaqdan yaxşı əxlaqa yönəlməkdir. Nəhayət, beşincisi, ariflərin tövbəsidir ki, öz yaxşı əməllərini görsələr, tövbə onlara vacib olar, bununla da öz fellərindən haqqın felinə doğru qayıdarlar. (Mərifət əhli öz yaxşı əməllərini görməyi xudpəsəndlik və təkəbbür sayar, hər şeyin Allahdan olduğunu unutmaq kimi qəbul edər).

2. Vərə’ – məşhur sufi mənbələrindən olan “Risaleyi-Quşeyriyyə”də seyrü-sülukun ikinci məqamı barəsində Peyğəmbərin bu hədisi xatırlanır: “Bir şəxsin yaxşı müsəlman olmağının meyarı, ona lazım olmayan hər şeydən əl üzməsidir”. Buna vərə deyirlər. Şibli bu barədə belə deyib: “Vərə odur ki, Allahdan savayı hər şeydən çəkinəsən, uzaq olasan”.

Yenə Şibli vərənin üç dərəcəsi olduğunu söyləyib: Birincisi, dilin vərəsi sükut, mənasız danışıqdan qaçmaq və boşboğazlığı tərk etməkdir. İkincisi, əməl vərəsi şübhəli və haram işlərdən uzaqlaşmaqdır. Vərənin üçüncü növü qəlbin vərəsidir ki, bu da pis vərdişləri və bəd əxlaqı tərk etməkdir.

3. Zöhd – zöhdün nədən ibarət olması barədə fikir ayrılığı vardır. Bəziləri yalnız pul və sərvətdən, bəziləri isə çox yeməkdən üz döndərməyi zöhd hesab etmişlər. Bəzilərinin fikrincə, zöhd yalnız dünya nemətlərindən imtina etməkdir. Bəziləri isə zöhdü həm dünya, həm də axirətdən üz döndərmək və onlara laqeyd olmaq kimi tanıtdırmışlar. Təsəvvüf xadimlərinin bir qismi haram şeylərdən çəkinməyi zöhd saymış, halal nemətlərdən uzaqlaşmağı isə bəyənməmişlər. Əksinə, bir dəstə isə haramdan zöhd etməyi vacib, halaldan zöhd etməyi isə fəzilət (üstünlük) bilmişlər.

“Misbah əl-hidayə” kitabında zöhd məqamı barədə belə yazılıb: “Zöhdün mənası dünya malından rəğbəti və istəyi kəsmək, dünya ləzzətlərindən qəlbi uzaqlaşdırmaqdır. Zöhd məqamı tövbə və vərədən sonra üçüncüdür.

Haqq yolunun yolçusu əvvəlcə öz nəfsini tövbə sıxıntısı vasitəsilə qadağan olunmuş şeyləri istəməkdən çəkindirir, həzz və şəhvəti ondan uzaqlaşdırır. Sonra vərə və təqva silgisi ilə qəlb aynasını təmizləyir ki, həqiqətlər necə varsa onda əks olunsun. Dünyanın surətinin çirkin və fani olduğunu görüb ondan uzaqlaşır, axirət surətini isə gözəl və əbədi şəkildə gördüyü üçün ona rəğbət göstərir, bununla da zöhd həyata keçmiş olur”.

4. Fəqr – dördüncü məqam olan fəqrin kökləri Qurani-kərimdə və hədislərdədir. “Fatir” surəsinin 15-ci ayəsində buyurulur: “Ey insanlar, siz hamınız Allaha ehtiyaclısınız. Allah isə ehtiyacsızdır və həmdə layiqdir”. Həmçinin, Həzrət Mühəmməd Peyğəmbərin (s) bu kəlamın da məşhurdur: “Fəqr mənim fəxrimdir”.

Haqq yolçusu zöhd məqamından keçəndən sonra fəqr məqamına çata bilər. Çünki o, zöhd məqamında dünyadan rəğbətini kəsməlidir ki, fəqr məqamında dünya nemətlərini atıb kasıblıq içində ömür sürə bilsin.

“Fəqrin adı, qaydası və həqiqəti vardır. Fəqrin adı – istək olduğu halda mülksüzlükdür. Qaydası – zöhd var ikən (yəni şüurlu surətdə) mülksüzlükdür. Həqiqəti isə maliklik imkanının olmamasıdır. Həqiqət əhli bütün şeyləri əsil və yeganə malikin (Allahın) ixtiyarında bildikləri üçün, Allahdan özgəsinə maliklik imkanını rəva görmürlər. Hətta əgər bütün aləmin ixtiyarını onlara versələr, yenə qəbul etməyib özlərini kənara çəkərlər (“Misbah əl-hidayə”, səh. 375).

Deyirlər ki, iki cür fəqr var. Bunların birindən Peyğəmbər bizarlıq edərək Allaha dua edib: “Fəqrdən sənə pənah aparıram”. Fəqrin o biri növü haqqında isə buyurub: “Fəqr fəxrimdir”. Birincisi küfrə, ikincisi haqqa yaxındır. Küfrə yaxın olan – qəlbin fəqirliyidir ki, elm, hikmət, əxlaq, səbr, təslim və təvəkkül qəlbdən gedər. Amma Peyğəmbərin fəxri olan fəqirlik budur ki, insan dünyanı atsın və bununla Allaha yaxın olsun (Xacə Abdullah Ənsari – “Kəşf əl-əsrar”).

Əlbəttə, fəqr halında başqalarına möhtac olub dilənçilik etmək İslamda bəyənilmir. Sədi Şirazi “Gülüstan” əsərində bu məsələni izah edərək iş-gücsüz sərgərdan dolanan və buna “fəqr fəxrimdir” hədisi ilə haqq qazandıran şəxsə öz etirazını bildirir: “Peyğəmbərin kəlamı riza meydanının igidlərinə və qəza oxuna təslim olanlara aiddir, böyüklərin xirqəsini geyinib, yalan satanlara yox!”

(ardı var)

Please publish modules in offcanvas position.