İmam Rzadan (ə) bir neçə hədis

/ Şənbə, 13 Avqust 2016 11:32
İmam Rzadan (ə) bir neçə hədis

(Mövludu münasibəti ilə)

Həsən ibn Cəhm adlı şəxs bir gün İmam Rzadan (ə) xahiş etdi ki, dualarında onu unutmasın (yəni onun barəsində də dua etsin). İmam onun xahişinə sualla cavab verdi: “Məgər elə bilirsən ki, mən (dualarımda) səni unutmuşam?” Həsən düşündü ki, İmam öz tərəfdarlarından ötrü dua edir; o da İmamın tərəfdarlarından biridirsə, deməli, İmam onun da barəsində dua edir. Ona görə cavab verdi: “Xeyr, bilirəm ki, məni unutmursan”. Həsənin təəccübünə rəğmən İmam yenə ondan soruşdu: “Bunu haradan bildin?” Həsən söylədi: “Sən öz tərəfdarlarından ötrü dua edirsən, mən də sənin tərəfdarlarındanam”. İmam onu dinləyib yenə sual verdi: “Bu məsələdən başqa bir şey anladınmı?” Həsən dedi: “Xeyr”. Onda İmam belə söylədi: “Əgər mənim yanımda hansı yerə (məqama) sahib olduğunu bilmək istəyirsənsə, bax ki, sənin yanında mən hansı yerdəyəm”.

İmam bu gözəl nəsihətlə bizlərə başa salmaq istəyir ki, əgər müqəddəslərin razılığını və sevgisini qazanmaq istəyiriksə, özümüz onları sevməli və onlara tabe olmalıyıq. Müqəddəsləri sevmək sadəcə onlara hörmət və sayğı duymaqdan, adlarını ehtiramla çəkməkdən, barələrində kitablar oxumaqdan ibarət deyil. Biz müqəddəs şəxslərin tövsiyələrinə əməl etməli, onların bəyəndiyi tərzdə yaşamalı, onları sevindirəcək əməllər etməli, onları narahat edəcək işlərdən çəkinməliyik. Hər addımda düşünməliyik ki, əgər Peyğəmbər və imamlar məni bu halda görsəydilər, məndən razı qalardılarmı? Əgər bu məsuliyyəti daşımağa nail ola bilsək, deməli, o müqəddəslər də bizdən razıdırlar və qiyamət günündə bizə şəfaət edəcəklər. Yox, əgər buna çata bilməmişiksə, deməli, onlar da bizdən narazıdırlar, bizə qəzəblidirlər və “mən müqəddəsləri sevirəm” söyləməyimizin heç bir əsası yoxdur.

***

İmam Rzadan (ə) soruşdular ki, insanların ən yaxşısı kimdir? Cavab verdi: “İnsanların ən yaxşıları o kəslərdir ki, başqasına yaxşılıq edəndə sevinər, pislik edəndə istiğfar edər (günahının bağışlanması üçün Allaha yalvarar), onlara bir şey veriləndə şükür edər, başlarına bəla gələndə səbir edər, qəzəblənəndə bağışlayarlar”.

***

“Ali-Mühəmmədin (s) sevgisinə arxalanıb yaxşı əməlləri və ibadətdə çalışqanlığı tərk etməyin! Eləcə də, ibadətə arxalanıb Ali-Mühəmmədi (ə) sevməkdə səhlənkarlıq etməyin! Bu ikisinin heç biri o birisi olmadan (qiyamət günündə) qəbul edilməyəcək”.

İmam (ə) bu hədisində əqidə ilə ibadətin, imanla əməlin, üsuli-dinlə fürui-dinin sıx əlaqəsindən söz açır, bunların biri olmadan o birinin insana fayda vermədiyini vurğulayır. İnsan: “ürəyim təmizdir, Peyğəmbəri və nəslini çox sevirəm” deyib, yaxşı əməllərdən və ibadətlərdən üz çevirsə, Allahın razılığını qazana bilməz. Həmçinin, hər nə qədər çox ibadət etsə də, əgər qəlbində müqəddəslərə sevgi duymursa, əksinə, düşmənçilik və nifrət bəsləyirsə, bu ibadətin də ona faydası olmaz.

***

“Müsəlmanda bu on xasiyyət olmayınca, ağlı kamil sayılmaz:

İnsanlar ondan yaxşı əməl görəcəklərinə ümid etsinlər (yəni onun əməlisaleh olduğuna arxayın olsunlar, xalq onu bu şəkildə tanısın).

İnsanlar onun şərindən amanda qalsınlar (yəni başqasına pislik etməsin).

Başqasının yaxşı əməli az da olsa, onu çox görsün (yəni başqaları haqqında hüsni-zənn etsin).

Özünün yaxşı əməli çox da olsa, onu az hesab etsin (yəni özünə qarşı çox tələbkar olsun).

Kimsə ondan bir şey istəyəndə dilxor olmasın.

Ömrü boyu elm əldə etməkdən yorulmasın.

Allah yolunda fəqirliyi varlılıqdan daha çox sevsin (yəni Allahın əmr və qadağanlarını gözləməklə fəqir halda yaşamağı Allahın qanunlarını pozmaqla sərvət qazanmaqdan üstün tutsun).

Allah yolunda əzilməyi Allahın düşmənləri yanında əziz olmaqdan üstün bilsin (yəni Allahın buyurduğu kimi təvazökar yaşasın, hətta insanların gözündə əskik görünsə belə, günah hesabına izzət qazanmaq ardınca düşməsin).

Gözdən uzaq yaşamağı məşhurluq içində ömür sürməkdən daha artıq xoşlasın”.

Sonra həzrət, onu dinləyənlərdən soruşdu: “Bilirsinizmi ki, onuncu və ən mühüm xasiyyət hansıdır?” Yanındakılar bunu bilmədiklərini dedilər. Həzrət buyurdu: “(Onuncu xasiyyət budur ki) gördüyü hər kəs haqqında düşünsün ki, o, məndən daha yaxşı və daha təqvalıdır”.

İmam Rzanın (ə) sonda qeyd etdiyi xasiyyət İslam əxlaqının ən mühüm məziyyəti olan təvazökarlığın son həddidir. Buna oxşar kəlamı İmam Zeynülabidin (ə) də buyurmuşdur. O həzrət tövsiyə edirdi ki, özündən böyük olan hər kəsi özündən üstün bil. Düşün ki, onun yaşı çox olduğu üçün daha çox savab qazanmaq fürsəti olub. Eləcə də, özündən kiçik olan hər kəsi üstün say. Düşün ki, onun yaşı az olduğu üçün daha az günah edib.

(Hədislər “Üsuli-Kafi”, “Tühəfül-üqul” və “Biharül-ənvar” kitablarındandır).

Please publish modules in offcanvas position.