İnsanların ən pisi kimdir? (Birinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 11:42
İnsanların ən pisi kimdir? (Birinci hissə)

(Quran və hədis işığında)

Ötən məqalələrdə İslam dini baxımından insanların ən yaxşısının kim olduğu və yaxşı insan məfhumunun hansı dəyərlərə söykəndiyi barədə məlumat verdik. Qeyd etdik ki, bu məsələ iki cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, yaxşı insanın xüsusiyyətlərini öyrənməklə həmin müsbət xüsusiyyətləri özümüzdə tərbiyə etmək imkanını qazanırıq. Çünki yaxşı insan Allahın bəyəndiyi, həm dünyada, həm də axirətdə sevdiyi bəndədir. Hər birimizin məqsədi də Allahın razılığını qazanmaqdır. İkincisi, yaxşı insan barədə təsəvvür əldə edərək, bizi əhatə edən insanları dəyərləndirməyi bacarırıq, kiminlə oturub-durmağın bizə faydalı olacağını öyrənirik. Çünki yaxşıların əhatəsində olmaq insana həm mənəvi, həm də maddi cəhətdən əmin-amanlıq gətirir. Əksinə, pisləri tanımağın da faydası vardır. Həm insan özü bu dəstədən fərqlənməyə, bu mənfi cəhətləri özündən uzaqlaşdırmağa çalışır, həm də bu cür adamlardan uzaq durur, onların ziyanından amanda qalır.

Qurani-kərim baxımından yaradılmışların ən pisi kimdir?

Qurani-kərimin ayələrindən birində İslam dininə iman gətirməyən şəxslər “yaradılmışların ən pisi” adlandırılır (Beyyinə, 6). Başqa bir ayə də bu fikri təsdiqləyir: “Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər” (Ənfal, 55). Göründüyü kimi, burada hidayət olmalarına, düz yola gəlmələrinə ümid yeri olmayan inadkar kafirlər nəzərdə tutulur.

Düşüncə və təfəkkür qabiliyyəti insana Allah tərəfindən verilmiş ən böyük nemətlərdən biridir. Elə buna görə Quran ayələrində və hədislərdə düşünən, zehnini işlədən, hadisələrə ağıl və məntiq çərçivəsində münasibət bildirən şəxslər vəsf edilir, təfəkkür ibadətlərin ən üstünü adlandırılır. Qurani-kərim məntiqinə görə, bu böyük nemətdən özünü qəsdən məhrum edənlər məxluqatın ən pisləridir: “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır” (Ənfal, 22). Ayədə karlıq və lallıq məcazi mənada işlədilir. Ən ağır karlıq – haqq sözü eşitməmək, ən dəhşətli lallıq – haqqı söyləməli olduğun məqamda susmaqdır.

Əsas meyarlardan biri ətrafdakılara münasibətdir

İslam müqəddəslərinin mövzu barədə mübarək kəlamları ilə tanış olduqda bu qənaətə gəlirik ki, insanların içində pisliyə doğru fərqlənməyin əsas meyarlarından biri ətrafdakılara mənfi münasibət bəsləməkdir. Əgər hədislərdə başqalarına fayda verən şəxs yaxşı insan kimi dəyərləndirilirsə, ətrafdakılara ziyan yetirən, onları incidən, təhqir edən şəxs pis adam kateqoriyasına aid edilir. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurub: “İnsanların ən yaxşısı odur ki, camaata faydası dəyir; insanların ən pisi isə odur ki, camaata ziyan yetirir” (Müstədrəkül-Vəsail, cild 12, səh. 78). İmam Əlinin (ə) də kəlamlarının birində camaata zülm edən şəxs adamların ən pisi kimi tanıtdırılır (Ğürərül-hikəm, hədis 5676).

Müqəddəslərimizin hədislərində ətrafdakılara münasibətin xırdalıqları da bəyan edilir. Pis adamın əsas cəhətləri sırasında başqalarına yalnız öz əməli ilə ziyan yetirmək yox, hətta başqalarına qarşı pis niyyətdə olmaq, bədgümanlıq etmək də vurğulanır. İmam Əli (ə) buyurub: “İnsanların ən pisi o kəsdir ki, bədgümanlığı üzündən özü heç kimə inanmır, bədrəftarlığı üzündən heç kim ona etimad göstərmir” (Ğürərül-hikəm, hədis 5748). “Adamların ən pisi camaatın pisliyini arzu edəndir” (Ğürərül-hikəm, hədis 5741). İslam Peyğəmbərinin (s) aşağıdakı hədisi də bu fikri təsdiqləyir: “İnsanların ən pisi həmişə başqaları barəsində pis gümanda olandır. Pis gümanda olanların ən pisi başqalarını güdəndir (izləyəndir). Başqalarını güdənlərin ən pisi onların sözünü (qeybətini, eyibli cəhətlərini) danışandır. Başqalarının söhbətini edənlərin ən pisi isə sirləri açandır” (Müstədrəkül-Vəsail, cild 9, səh. 147). Göründüyü kimi, burada günahların bir-biri ilə əlaqəsi, bir günahın başqa günahdan doğması ifadə edilib. İnsanı pislərin cərgəsinə qoşan cəhətlərin içində göz və dil ilə edilən günahlar ilk yerləri tutur: başqalarını güdmək, qeybət danışmaq, sirləri və eyibləri açmaq, sui-zənn etmək.

Gözəl bir atalar sözü var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. İmam Əlinin (ə) bu kəlamı həmin mənanın bir qədər fərqli ifadəsidir: “İnsanların ən pisi yaxşılığın əvəzində pislik edəndir” (Ğürərül-hikəm, hədis 5750).

Böyük qəlbli insan başqalarının səhvini də bağışlamağı bacarmalıdır. Nöqsanları bağışlamayan, kin saxlayan adam ətrafdakıların nifrətini qazanar, hər kəsdə özünə qarşı mənfi münasibət formalaşdırar, insanlar onun əhatəsində özlərini narahat hiss edərlər. Buna görə İmam Əli (ə) buyururdu ki, ən pis adam üzrü qəbul etməyən, səhvi bağışlamayan adamdır (Ğürərül-hikəm, hədis 5685).

(ardı var)

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); ascript:void(0)" class="scrollup">