İnsanların ən pisi kimdir? (İkinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 11:44
İnsanların ən pisi kimdir? (İkinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3349-insanlar-n-aen-pisi-kimdir-birindzi-hissae)

İmanın ən vacib cəhətlərindən biri Allahın mərhəmətinə və əzabına münasibətdə müvazinəti qorumaqdır. Dini anlamda buna “xovf və rəca arasında olmaq” deyilir. Xovf – Allahın əzabından qorxmaq, rəca isə Allahın mərhəmətinə ümidvar olmaqdır. Mömin həm etdiyi günahları yada salaraq cəhənnəmdən qorxmalı, həm də Allahın Rəhman və Rəhim sifətlərini xatırlayaraq cənnətə düşəcəyini ümid etməlidir. Bu müvazinət adamı həm ifrat ümidsizlikdən, həm də ifrat arxayınlıqdan sığortalayır. Əgər insan cənnətə düşəcəyinə yəqin etsə, onun bütün davranışlarında arxayınlıq və hətta qudurğanlıq yaranar. Əksinə, əgər günahlarının bağışlanmayacağını və mütləq cəhənnəmlik olacağını qət etsə, bu zaman xeyir iş görməyə həvəsi və stimulu qalmaz. Həzrət Əli (ə) buyurmuşdur: “Adamların ən pisi odur ki, özünü adamların ən yaxşısı kimi görür” (Ğürərül-hikəm, hədis 5701). Növbəti hədis məsələyə daha da aydınlıq gətirir. İmam Musa Kazim (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir ki, hər kim “mən insanların ən yaxşısıyam” deyirsə, o, insanların ən pisidir və hər kim “mən cənnətə gedəcəyəm” deyirsə, cəhənnəmlikdir (Biharül-ənvar, cild 70, səh. 398-399).

Öz günahlarını hesaba almayan, özünü sorğu-suala çəkməyən həyasız insan müqəddəslərin gözündə ən qorxulu və ən şər adam kimi tanıtdırılır. İslam Peyğəmbəri (s) buyurmuşdur: “İnsanların ən pisi odur ki, Allaha asilik edir və bu asiliyi camaatın görməsindən xoşhal olur” (Qummi. Əl-Ğayat, səh. 220). Həzrət Əli (ə) isə bu cür adamı pislərin pisi adlandırmaqdan çəkinmirdi: “Pislərin ən pisi o adamdır ki, camaatdan utanmır, böyük Allahdan qorxmur”. “Pislərin ən pisi öz pislikləri ilə fəxr edən adamdır” (Ğürərül-hikəm, 197).

Hədislərdə zalım rəhbərlər və haqqı gizlədən alimlər ümmətin ən pis təbəqəsi kimi təqdim edilir. Həzrət Əli (ə) buyurmuşdur: “Allahın yanında insanların ən pisi özü azğın olan və başqalarını da azdıran zalım rəhbərdir” (Nəhcül-bəlağə, xütbə 264). Həzrət Mühəmmədin (s) bu hədisi də mövzuya aydınlıq gətirir: “Qiyamət günündə Allahın hüzurunda insanların ən pisi öz elmindən fayda götürməmiş alim olacaq” (Əmaliyi-Tusi, səh. 527). İmam Cəfər Sadiq (ə) ticarət zamanı hiylə işlədən, alıcını aldadan tacirləri də bura əlavə edirdi: “İnsanların ən pisi xain tacirlərdir” (Mizanül-hikmə, cild 2, səh. 1422, hədis 9228). Ümumiyyətlə, başqalarını aldatmaq böyük günahdır, möminə yaraşmayan, hətta mömini imandan çıxaran rəzalətdir. İmam Əlinin (ə) dili ilə desək, “adamların ən pisi başqalarını aldadandır” (Ğürərül-hikəm, hədis 5677).

Dil ilə edilən ən böyük günahlardan biri də söyüş söymək, əxlaqsız sözlər danışmaq, başqalarını təhqir edib alçaltmaqdır. Adətən, bu cür adamlar cəmiyyətdə tənhalığa məhkumdur. İnsanlar bu cür adamın ləyaqətsiz sözlərinə hədəf olmamaq üçün ondan kənar gəzir, uşaqlarının tərbiyəsini pozmamaq üçün ondan uzaq saxlayırlar. Peyğəmbər (s) buyurmuşdur: “Allahın pis bəndələrindən biri o kəsdir ki, yava dilinə görə camaat onunla ünsiyyətdən qaçır” (Kafi, cild 2, səh. 325). Oxşar məzmunlu hədis “Səhihi-Buxari” və “Səhihi-Müslim”də də nəql olunub: “Ey Aişə! Qiyamət günündə Allahın yanında insanların ən pisi o kəs olacaq ki, dilinin yavalığı üzündən camaat ondan qaçır”. “İnsanların ən pisi o kəsdir ki, camaat qorxu üzündən ona ehtiram göstərir” (Məkarimül-əxlaq, səh. 433).

Hədislərdə əmanətə xəyanət edən, ağvalideyn olan, söz gəzdirən, tez qəzəblənib gec razı düşən, mənasız arzu-xəyallarla yaşayan, Allahı ədalətsiz sayan şəxslər də adamların ən pisi kimi xatırlanır. İmam Rzanın (ə) hədisində ən pis adamın başqa mənfi keyfiyyətləri ilə də tanış oluruq: “İnsanların ən pisi o adamdır ki, başqalarına yardım etmir, təklikdə yemək yeyir və öz nökərini (tabeçiliyində olanı) döyür” (Tühəfül-üqul, səh. 448). Peyğəmbər (s) ikiüzlü adamı qiyamət günündə Allahın yanında insanların ən pisi sayırdı (Biharül-ənvar, cild 75, səh. 204).

Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: “Ya Əli, insanların ən pisi o kəsdir ki, öz axirətini öz dünyasına satır. Bundan da pis o kəsdir ki, öz axirətini başqasının dünyasına satır” (Biharül-ənvar, cild 77, səh. 46). Burada hər hansı təmənna üzündən başqasına yaltaqlanmaq və öz yaxınının fayda götürməsi naminə haqsız tərəfkeşlik etmək məzəmmət olunur. Bunları edən adam həqiqətən öz axirətini başqasının dünyasına dəyişmiş olur.

Ən pis insanı xarakterizə edən cəhətlər arasında ailədaxili münasibətlərlə bağlı mənfi xüsusiyyətlər də mühüm yer tutur. İslam Peyğəmbəri (s) buyurdu: “İnsanların ən pisi öz ailəsini incidən adamdır”. Soruşdular: “Ey Allahın Elçisi! Ailəni necə incitmək olar?” Buyurdu: “(Elə kişinin haqqında danışıram ki), evə girəndə arvadı ondan qorxar, uşaqları ondan qaçarlar. O, evdən çıxandan sonra arvadının üzü gülər, ailə üzvləri qorxusuz bir-biri ilə ünsiyyət qurarlar” (Məcməüz-zəvaid və mənbəül-fəvaid, cild 8, səh. 25).

Həzrət Mühəmməd Peyğəmbər (s) qadınların mənfi xüsusiyyətlərindən söhbət açaraq buyururdu ki, öz qohumları tərəfindən (yəni ata evində) alçaldılan, əri ilə münasibət zamanı dikbaşlıq edən, sonsuz (övladsız), kin-küdurətli, pis davranışdan çəkinməyən, əri olmadığı zaman özünü bəzəyən, ərinin yanında isə özünü qapalı aparan, ərinin sözünü dinləməyən, tapşırığına itaət etməyən, dikbaş dəvə kimi ərinə tabe olmayan, onun üzrünü qəbul etməyən və heç bir nöqsanını bağışlamayan qadın ən pis qadındır (Mən la yəhzürühül-fəqih, cild 3, səh. 391).

Please publish modules in offcanvas position.