İslam mənbələrində dünya obrazı (Beşinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 16:26
İslam mənbələrində dünya obrazı (Beşinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3362-islam-maenbaelaerindae-dunya-obraz-birindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3365-dunya-zaehaerli-ilana-baenzaeyir-ikindzi-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3366-islam-maenbaelaerindae-dunya-obraz-udzhundzu-hissaehttps://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3368-islam-maenbaelaerindae-dunya-obraz-doerdundzu-hissae)

Həzrət Əli ibn Əbutalib əleyhissalam xütbələrinin birində dünyanı belə vəsf edir:

“Еу insanlar! Dünya keçid yeri, axirət qaları yerdir. Ona görə də keçid yerindən əbədiyyət məkanına azuqə aparın. Sizin sirlərinizi bilənin (Allahın) yanında sirr pərdələrini yırtmayın. Bədəniniz dünyanı tərk etməzdən qabaq ürəyinizi dünyadan kənara çevirin. Siz dünyada sınağa çəkilirsiniz, əslində başqa bir aləm (axirət) üçün yaradılmısınız. İnsan öləndə adamlar deyirlər: “Özündən sonra nə qoydu?” Mələklər isə soruşurlar: “Özündən əvvəl nə göndərdi? (xeyir əməllər nəzərdə tutulur)”. Allah ata-babalarınızı bağışlasın! Ölməzdən qabaq malınızın bir hissəsini göndərin (yəni ehtiyaclılara verin); bu, sizin xeyrinizədir. Malınızı bu dünyada qoyub getməyin ki, sizin ziyanınınzadlr” (Nəhc əl-bəlağə, 194-cü xütbə).

Dünya haqqında daha bir obrazlı ifadə də İmam Əli əleyhissalama məxsusdur: “Dünya bir tələdir. Bu tələni tanımayan onun içinə düşər” (Ğürər əl-hikəm, 3865-ci hikmət).

Mövlana Cəlaləddin Rumi “Məsnəvi” poemasında dünyanı insanları öz kamına çəkən tələ kimi təsvir edir (tərcüməsi):

Bu dünya tələdir, onun içinə qoyulmuş yem isə arzu-xəyallardır.

Tələlərdən qaç, ondan (dünyadan) üzünü kənara çevir!

Əgər belə etsən, yüz xeyir görərsən,

Əgər əksinə etsən, ziyan görərsən.

İmam Cəfər Sadiq əleyhissalam isə dünyanı murdar leşə bənzətmişdir: “Mənim gözümdə dünya leş kimi dəyərsizdir. Yalnız son dərəcə zərurət halında ondan nə isə yeyirəm” (Bihar əl-ənvar, 2-ci cild, səh. 27).

O həzrətin mübarək hədislarinin toplandığı “Misbah əl-şəriə” kitabında deyilir (Bihar əl-ənvar, 70-ci cild, səh. 105; “İman və küfr” kitabı, 122-ci bab, “Dünya sevgisi, onun bayanilməməsi...” babı, 100-cü hədis): “Dünya elə bir surət mənziləsindədir ki, onun başı - kibr (təkəbbürlülük), gözü - hirs (hərislik), qulağı - tamah, dili - riya, əli – şəhvət, ayağı - ücb (xudbinlik), ürəyi – qəflət, varlığı – fəna, hasili - zavaldır. Kim onu sevsə, ona kibr libası verər. Kim onu bəyənsə, ona hirs (hərislik) mirası verər. Kim onu tələb etsə, ona tamah mirası verər. Kim onu tərifləsə, ona riya libası geydirər. Kim onun arzusunda olsa, ücbdən ona məkan verər. Kim ona arxalansa, qəflətə uğrayar. Kim onun mətaını xoşlasa, onu fitnəyə salar va ona sədaqət göstərməz. Kim orada mal cəm edib toplasa və xəsislik etsə, onu öz daimi yerinə qaytarar; bu daimi yer cəhənnəmdir” (Misbah əl-şəriə, azərb. tərc.: Ə.Əhmədov, səh. 44).

İmam Sadiq əleyhissalama mənsub edilan başqa bir hədisdə buyurulur ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələri ilə yol gedərkən, zibillikdə ölüb murdar olmuş keçi leşinə rast gəldi. О həzrət yanındakılardan soruşdu: “Bu leşin nə qədər qiyməti olar?” Cavab verdilər: “Bu keçi sağ olanda qiyməti bir dirhəm olmazdı. (Yəni indi murdar olandan son¬ra heç о qiymətə də malik deyil)”. Peyğəmbər buyurdu: “İxtiyarında olduğum Allaha and olsun, Allahın nəzdində dünyanın dəyəri bu keçi leşinin öz sahibi üçün dəyərindən daha aşağıdır” (Əl-Kafi, 2-ci cild, səh. 129).

Mərhum Nəsimi də qəzəllərinin birində dünyaya murdar leş kimi baxırdı:

Dunya çün murdardır, igrən, könül, murdardən!

Gül degil dünya, tikandır, nə umarsan xardən?!

Dünyada bir yar vəfalı kimsənə görmüş degil,

Fariğ ol barı, nə hasil şol vəfasız yardən?!

Axirət darından istə hər nə məqsudin ki var,

Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardən!

Please publish modules in offcanvas position.