Elm və təfəkkür ibadəti əvəz edirmi? (ikinci hissə)

/ Cümə axşamı, 19 Mart 2020 16:50
Elm və təfəkkür ibadəti əvəz edirmi? (ikinci hissə)

(Əvvəli:  https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/3381-elm-vae-taefaekkur-ibadaeti-aevaez-edirmi-birindzi-hissae)

Əslində hər cür elm və təfəkkürün deyil, yalnız insanın imanına və axirətdəki halına faydası olan elm və təfəkkürün ibadətdən üstün olduğunu məsumlarımızın çoxsaylı başqa hədislərindən də anlaya bilərik. Belə ki, Peyğəmbərimizə (s) aid edilən hədislərin birində buyurulur: “Elm ibadətdən üstündür və dinin əsası vərədir” (Nəhcül-fəsahə, səh. 580, hədis 2016). Ərəb dilindən tərcümədə “vərə” “çəkinmək, uzaq olmaq” mənasını verir. Əxlaq alimləri qeyd etmişlər ki, vərə günaha düşməmək naminə şübhəli olan hər bir şeydən uzaq olmaq deməkdir. İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, vərə insanı günahdan çəkindirən ən yaxşı vasitədir. Göründüyü kimi, Allahın Rəsulu elmin ibadətdən üstün olduğunu bəyan etdikdən dərhal sonra dinin əsasının vərədən ibarət olduğunu vurğulayır. Vərəsi olan şəxs əlbəttə ki, ibadəti tərk etməz, çünki ibadəti tərk etməyin günah olduğunu bilir.

Təfəkkür barədə hədislərə gəlincə, burada İmam Cəfər Sadiqdən (ə) bir misal çəkmək yerinə düşər. Səhabələrdən biri İmam Sadiqdən (ə) soruşdu ki, camaat (Peyğəmbərdən bu hədisi) rəvayət edir: “Bir saat düşünmək gecə (ibadətlə) oyaq qalmaqdan daha üstündür”. Burada nəzərdə tutulan təfəkkür necə olmalıdır, nə barədə düşünməliyik? İmam (ə) cavab verdi: “(Burada deyilən təfəkkür budur ki), bir xarabalığın yanından keçəndə baxıb deyəsən: “Haradadır sənin içində yaşayanlar? Haradadır səni tikənlər? Niyə danışmırsan?” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).

Bu hədisdə dünyanın ötəri olması, ölümün labüdlüyü barədə düşünmək tövsiyə edilir. Bu cür düşüncə ibadətlə müqayisə edilməyə layiqdir.

Qurani-Kərimin ayələrində də düşüncə və təfəkkürün vacibliyi dönə-dönə vurğulanır: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191). Ayədən bir daha aydın olur ki, göylərin və yerin yaradılması barədə düşünməyin məqsədi budur ki, sonda insanın imanı artsın, insan Allaha daha çox bağlansın, Onun hüzurunda acizliyini etiraf etsin, bu dünyanın bir gün sonunun çatacağına yəqin etsin və öz axirətini fikirləşsin.

Bunu da diqqətdən qaçırmamalıyıq ki, hədislərdə elm və təfəkkürlə müqayisə edilən, ondan aşağı dəyərləndirilən ibadət əslində elm və mərifətsiz, kor-koranə yerinə yetirilən ibadətdir. Ata-babadan gördükləri ənənə ilə, mənasını anlamadan, yalnız cəhənnəm qorxusu və ya cənnət tamahı ilə ibadət edənlərin itirdikləri vaxt əlbəttə ki, elm və mərifətlə yaşanan saat qədər dəyərli ola bilməz. Fikri dünyada ikən namaz qılmaq, gözü saatda iftar vaxtını gözləyərək oruc tutmaq, yolda səfər yoldaşlarını incidərək həccə getmək... Bunlar formal olaraq ibadət sayılsa da, əslində ibadət adını daşımağa layiq deyil.

Əgər insan bu hədislərdə buyurulan elmi öyrənsə, bu hədislərdə təşviq edilən düşüncələrə məşğul olsa, əgər ibadəti yoxdursa, bu elm və düşüncə onu mütləq ibadətə gətirib-çıxaracaq; əgər ibadəti varsa, bu elm və düşüncə onun ibadətinin keyfiyyətini artıracaq. Yəni Allahın qüdrəti, yaratdıqları, dünyanın nizamı, axirətin həqiqəti barədə layiqincə, imamların istədiyi kimi düşünən insanın ibadətə arxa çevirməsi mümkün deyil. Bu mənada həqiqi elm və təfəkkür heç zaman ibadətdən kənar təsəvvür edilə bilməz.

Elm və düşüncənin səviyyəsi, dərəcəsi artdıqca insanın ibadətinin də keyfiyyəti artır. Elmin və düşüncənin müəyyən səviyyədə olması insanı haramlardan çəkindirib, vaciblərə sövq edir. Elm və düşüncə fəzası genişləndikcə, insan məkruhatdan uzaqlaşır, müstəhəblərə bağlanır. Aşağıdakı hadis də bunu təsdiq edir. Rəvayət edirlər ki, alimlərdən biri gecə namazı qılmaq üçün qalxır və oğlunu da səsləyir. Amma oğlu “qalxıram, ata” deyib, yatağında qalmağa davam edir. Bir müddət keçir, ata yenə oğlunu namaza dəvət edir. Oğlu bu dəfə də atanın səsinə hay verir, amma yerindən tərpənmir. Ata üçüncü dəfə oğlunu çağıranda oğlu deyir: “Ata, bir saat təfəkkür etmək gecə  ibadətindən üstündür. Mən də yatağımda təfəkkürlə məşğulam”. Ata qəzəblə cavab verir: “O təfəkkürün məqsədi adamı gecə namazına sövq etməkdir. Əgər sən təfəkkür edib gecə namazından uzaqlaşırsansa, demək, təfəkkürün istiqaməti düz deyil!”

Təfəkkürsüz və mərifətsiz ibadət insanı düz yola və xoşbəxtliyə çıxara bilməz. Necə ki, ibadətsiz və bəndəliksiz təfəkkür də buna qadir deyil. Kərbəla səhrasında Hürrün vəziyyətini təsəvvür edin. Nə qədər ki agahlığı yox idi, düşüncəsini işə salmamışdı, namaz qılsa da, batilin tərəfində idi. Amma düzgün istiqamətdə təfəkkür etdikdən sonra haqqı tapdı, zülmətdən xilas oldu, hidayətə qovuşdu. Hürrün timsalında görürük ki, həqiqətən, təfəkkür və agahlıq olmadan edilən ibadət faydasızdır.

(ardı var)

Please publish modules in offcanvas position.