Zumbi - zəncilərin qəhrəmanı, avropalıların dəhşət kabusu (İkinci hissə)

/ Bazar ertəsi, 18 May 2020 13:23
Zumbi - zəncilərin qəhrəmanı, avropalıların dəhşət kabusu (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/4545-zumbi-z-ncil-rin-q-hr-man-avropal-lar-n-d-hs-t-kabusu-birinci-hiss)

1678-ci ildə Portuqaliya müstəmləkəsinin qubernatoru Palmarisə sülh təklifi etdi. Avropalılar qaçqın qulların qəfil basqınlarından cana doymuşdular və sülh müqaviləsi imzalamaqla güc toplamaq üçün vaxt qazanmaq istəyirdilər. Qubernator Palmarisdəki bütün qullara azadlıq veriləcəyini vəd etdi. Münbit torpaqların da bir hissəsi zəncilərə bağışlanacaqdı. Əvəzində onlar silahı yerə qoymalı və portuqaliyalılara hücum etməməli idilər. Palmarisin kralı Qanqa Zumba bu təkliflə razılaşdı. Lakin gənc Zumbi sülh təklifi ilə barışmaq istəmirdi. O, portuqaliyalıların hiyləgər hərəkətlərinin çox şahidi olmuşdu. Zumbi anlayırdı ki, müstəmləkəçilər vaxt udmaq üçün taktiki addım atırlar. O, plantasiyalarda işgəncə altında tər tökən həmvətənlərini də unutmamışdı. Zumbi işğalçılarla sülh bağlamağı əsirlikdə olan zəncilərə xəyanət etmək kimi dəyərləndirirdi. Həmvətənləri qul vəziyyətində qaldıqları halda o, azad gəzə bilməzdi.

Zumbi sülh təklifinə etirazını bildirdi. Nəticədə, onunla dayısı kral Qanqa arasında qarşıdurma yarandı. Zumbi hərbi qüvvəyə başçılıq edirdi, döyüşçülər ona tabe idilər. O, öz sübutları ilə Palmaris sakinlərini inandıra bildi. Əksəriyyət krala qarşı çıxdı. Qanqa Zumba öz əhatəsindəki şəxslərin biri tərəfindən zəhərlənib dünyasını dəyişdi. Digər məlumata görə, o, etirazçıları cəzalandırmaq istədikdə Zumbi tərəfindən öldürülmüşdü. Palmaris icmasının kral taxtı indi Zumbiyə məxsus idi. O, qan qohumluğu xətti ilə krallığa hüququ çatan yeganə varis sayılırdı, üstəlik, ondakı liderlik keyfiyyətləri də öz sözünü deyirdi. Zumbi kral nəslindən olan Dandara adlı cəsur qadınla evləndi.

Zumbi Palmarisin kralı olduqdan sonra icma sürətlə inkişaf etməyə başladı. Artıq Palmaris icmasının sahəsi 27 min kvadrat kilometri keçirdi. Qaçqın qulların sayı isə 20 min nəfərdən artıq idi. Zumbinin başçılığı altında döyüşçülər portuqaliyalılara qarşı 58 uğurlu hərbi əməliyyat həyata keçirdilər. 

Palmarisin azad qullar icmasının uğurları bilavasitə Zumbinin təşkilatçılıq və liderlik bacarığı ilə şərtlənirdi. O, həmsöhbətlərini inandırmaq istedadına sahib idi. Zumbinin çıxışlarını dinləyən hər kəs ona valeh olur və onun rəhbərliyi altına keçirdi. Zumbi sanki öz həmsöhbətini sehirləyirdi. Elə bu xüsusiyyətinə görə avropalılar onu cadugər sayırdılar. Zombilər haqqında müasir təsəvvür də o zamandan formalaşdı. Palmaris sakinləri öz liderlərinin təsiri altında olan, onun bir sözü ilə canını əsirgəməyən, tərəddüd etmədən həyatını qurban verın zombilər kimi qəbul edilirdi.

Üstəlik, çox çevik və fiziki cəhətdən güclü olan zənci qullar döyüşdə heyrətamiz dözüm göstərirdilər. Düşmən onları yaralasa da, zəncilər döyüşü davam etdirirdilər. Avropalıların arasında belə bir fikir formalaşmışdı ki, zənci qullar ölümsüz və ağrı duymayan varlıqlardır, onları məhv etmək mümkün deyil. Göründüyü kimi, bu da müasir zombi obrazının bir xüsusiyyətidir.

Zumbi Cənubi Amerikanın afro-amerika mənşəli sakinlərinin sevimli idman və döyüş növü olan kapoeyranın banisi sayılır. Onun təlimlərinə uyğun olaraq, zənci döyüşçülər ayaqlarına iti bıçaqlar bərkidir və əlbəyaxa döyüşdə bundan məharətlə istifadə edirdilər. Zəncilərin atletik hərəkətləri və zərbələri ağır silahlanmış Portuqaliya əsgərləri üçün gözlənilməz idi.

Zumbinin başçılığı altında qaçqın qullar portuqaliyalıları qarış-qarış Braziliya torpaqlarından sıxışdırıb çıxarırdılar. Müstəmləkə əsgərləri onlarla bacara bilmirdilər. Palmaris Zumbinin rəhbərliyi altında 15 il idi ki, Avropa işğalçılarına göz verib-işıq vermirdi. Zəncilər coğrafi şəraitə yaxşı bələd idilər, Cənubi Amerikanın iqlimi Afrika mühitinə oxşar idi. Buna görə də qaçqın qullar Amerika cəngəlliklərində özlərini çox rahat hiss edirdilər.

Qubernator dövlətdən yardım istədi. Ətrafdakı müstəmləkə əraziləri onlara hərbi qüvvə ilə dəstək oldu. Bu dəfə Portuqaliya qüvvələrinə zənciləri təqib etməkdə mahir olan sərkərdə Velyo başçılıq edirdi. O, özü ilə çoxlu hərbi top gətirmişdi. Artilleriya ilə silahlanmış qoşun zənciləri amansızcasına qırmağa başladı. Döyüşlərin birində Zumbi ayağından yaralandı. Zəncilərin hərbi qüvvələri dəstələrə parçalandı. Artıq onlarla mübarizə aparmaq portuqaliyalılar üçün asan idi. 

Zumbi təslim olmaq fikrində deyildi. Tezliklə o, yenidən iki min nəfərdən artıq döyüşçünü öz ətrafında birləşdirdi. Gizləndikləri yerdən qəfil hücuma keçən zənciləri ələ keçirmək mümkün olmurdu. Portuqaliyalılar Zumbinin başı üçün külli miqdarda mükafat təyin etmişdilər. Velyo açıq döyüşdə Zumbini məğlub edə bilməyəcəyini anlamışdı. Yeganə çıxış yolu onu xəyanətlə ələ keçirmək idi. Palmarisin sayılıb-seçilən igidlərindən biri portuqaliyalılara əsir düşmüşdü. Velyo onu dilə tutaraq Zumbinin yerini göstərməsini tələb etdi. Əsir döyüşçü bundan imtina etdi. Bu dəfə Velyo onu azadlıq təklifi ilə şirnikləndirdi, dedi ki, əgər Zumbinin yerini desə, ona azadlıq verəcək. Zavallı əsir Portuqaliya əsgərlərini Zumbinin sığınacağına gətirdi və özü onunla görüşə getdi. Xəyanəti gözləməyən Zumbi öz silahdaşı ilə qucaqlaşanda qəfil bıçaq zərbəsi aldı. 

Beləliklə, 1695-ci ildə müsəlman zənci qulların azadlıq mübarizəsinə 15 il başçılıq etmiş Zumbi 40 yaşında dünyasını dəyişdi. Portuqaliyalılar “ölümsüz” Zumbinin həyatda olmadığına qəti əmin olmaq üçün onun cansız bədənini tikə-tikə etdilər. Zumbinin əzalarını doğradılar, başını bədənindən ayırıb, əyalətin paytaxtına gətirdilər və hamıya görk olsun deyə, mərkəzi meydanda nümayişə qoydular. Sonrakı bir neçə il ərzində Palmarisə qarşı hücumlar davam etdi. Zəncilərin məskunlaşdığı kəndlər yerlə-yeksan olundu, insanların bir qismini döyüşlərdə öldürüb, qalanlarını əsir tutdular. Zavallı əsirlər yenidən plantasiyalara qaytarıldı, bu dəfə onları daha amansız şəraitdə istismar etməyə başladılar.

Zumbi öldürülsə də, nə silahdaşları, nə də düşmənləri onu unutmadılar. O, azadlıqsevər zəncilər üçün qəhrəmana çevrildi. Zumbi əsirlikdə olan qulların qəlbində azadlıq qığılcımı qoparmağı bacarmışdı. Ondan ilham alır, onun xatirəsini ürəklərdə yaşadırdılar. Avropanın müstəmləkəçiləri isə Zumbini qorxu nağıllarının dəhşətli qəhrəmanı etdilər. 

Zumbinin öldürüldüyü gün – 20 noyabr Braziliyada zəncilərin milli özünüdərketmə günü (Dia Nacional da Consciencia Negra) kimi qeyd edilir və rəsmi tətil sayılır. 1997-ci ildə Braziliya hökumətinin qərarı ilə Palmarisli Zumbi milli qəhrəman elan olundu. Braziliyanın Makeo şəhərindəki beynəlxalq aeroport onun adını daşıyır.

Please publish modules in offcanvas position.