Sufilik və Qərb mədəniyyəti (İkinci hissə)

/ Çərşənbə axşamı, 06 Oktyabr 2020 14:07
Sufilik və Qərb mədəniyyəti (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/7072-sufilik-ve-qerb-medeniyyeti-birinci-hisse)

...Sufilər tez-tez təqib edilirdilər, amma ədalət naminə deməliyik ki, İslam dinində fərqli düşüncə və əqidə sahiblərinin təqibi adətən, xristian Avropasındakı qədər amansızlıqla və geniş miqyasda aparılmırdı.

Sufilikdə ruhi yenilənmənin fərqli metodları işlənib-hazırlanmışdı. Yolun (Həqiqət Yolunun) ilk mərhələsi psixo-terapevtik xarakter daşıyır. Burada psixikanın fəaliyyətinə mane olan ən kobud pozuntuları aradan qaldırmaq və salikə (sufilik yoluna təzə qədəm qoyan tələbəyə) özünü daha yaxşı tanıtdırmaq cəhdləri nəzərdə tutulur. Z.Freydin sayəsində hamı tərəfindən qəbul edilmiş təhtəş-şüur nəzəriyyəsinin tarixi psixo-analiz təliminin tarixindən daha qədimdir. Qəlbin şüurla dərk edilə bilməyən hərəkətləri Həqiqət Yolu ardıcıllarının diqqət mərkəzində olmuşdur. Sufilər tərəfindən tətbiq edilən metodlardan biri də Freyd üçün çox mühüm olan yuxu analizi idi. 

Yolun ikinci mərhələsi daha zərif (lətif) maddələrlə bağlıdır. Sufilərə görə, adi insanın həyatı yuxuya bənzəyir. O, öz diqqətini Allahda toplaya bilmir, onun fikirləri dağılır, o, öz xəyali “mən”inin qaba istəklərinə və şıltaqlıqlarına tabedir. İnsan Haqqı xatırlamaqdan uzaqlaşan kimi mənasız dünya həyəcanları və nəticəsiz ani istəklərlə dolu olan adi mövcudluq halına qərq olur. Sufilər “ayıqlıq” halını qorumaq üçün metodika işləyib-hazırladılar. Bu metodun əsas tərkib hissələrindən biri Allahı daim xatırlama texnikasıdır; buna “zikr” deyirlər. Bu texnika xristianlıqda rast gəlinən “ağıllı” dua və ya “İsavari” dua ilə oxşardır. 

Haqqa yetişməyin sufilərə aid metodunun digər tərkib hissələri meditasiya, tənəffüs üzərində nəzarət, xüsusi müşahidə və təfəkkür texnikası, xüsusi bədən hərəkətləri (Mövləviyyə təriqətinin “fırlanan dərvişlər”i kimi), xüsusi duruş qaydaları və sairədən ibarətdir.   

Sufi ənənəsində poeziya və musiqi başlıca yer tutur, bunlar adi dil ilə çatdırılması çətin olan məsələləri simvolik və metaforik şəkildə ifadə etməyə imkan verir. Xırda hekayələr və alleqoriyalar Haqq Yolunun dərsliyi rolunu oynayırdı. Molla Nəsrəddin lətifələrinin və “Min bir gecə” qissələrinin bir hissəsi sufi mənşəlidir. Sufilər özündə yüzlərlə termini ehtiva edən xüsusi simvolik dil yaratmışdılar. Bu dilin köməyi ilə onlar söz qarşılığı olmayan duyğuları və nəzəriyyələri ifadə edə bilirdilər. 

Sufilik İslamın hakim olduğu ölkələrdə mədəniyyətə, xüsusilə də ədəbiyyat və musiqiyə böyük təsir göstərmişdir. Avropalıların ərəb-fars mədəniyyəti ilə təması nəticəsində bu təsir İslam dünyasından kənarlara yayıldı. Qərb ilə Şərq arasında daha ardıcıl təmasların baş verdiyi bölgələr İspaniya, İtaliyanın bəzi məntəqələri və Fransanın cənubu (Provans) idi: burada bir sıra dini və mədəni təzahürlər meydana gəldi. Bunu yeni dövranın formalaşdığı qaynar qazana bənzətmək olardı. Uzun əsrlər boyunca Avropa dünyagörüşünün nöqteyi-nəzər mərkəzi olmuş dövlət və din anlayışları öz müqəddəsliyini itirir, İnsan yüksək dəyərlərin daşıyıcısına çevrilirdi. İntibaha yol açmış, Almaniyada kilsə reformasiyasına gətirib-çıxarmış humanizm ideyaları Qərb sivilizasiyasının mədəniyyətinin və siyasi quruluşunun xarakterini müəyyən edirdi. Humanizm məhz Allahla İnsanın vəhdəti barədə mistik nəzəriyyədə öz ideoloji əsasını tapmış oldu.

XII əsrdə Provansda (cənubi Fransa) öz şeirlərində gözəl Məşuqu vəsf edən trubadurlar (küçə müğənniləri) meydana çıxdılar. Elə “trubadur” sözü bir fərziyyəyə görə, ərəbcə “tarabə” (oxumaq) sözündən qaynaqlanır. Trubadurlar “qarşısında bütün dünyanın və gözəlliyin heç olduğu” kimsənin şəninə şeir qoşub oxuyurdular (Bernart de Ventadorn). Şairin sevgilisi teofaniyanın (ilahi təzahürün) təcəllası idi, amma bununla yanaşı, öz konkretliyini və bəşəriliyini də itirməmişdi. Burada ilahilik və bəşərilik xristian dinində İsanın təbiəti üçün deyildiyi kimi “bitişməz və eyni zamanda ayrılmaz şəkildə” bir-birinə çulğaşıb. Bu arxetipin ən bariz nümunəsi Dantenin Beatriçaya münasibətidir...

Trubadurların yaradıcılığı Avropa poeziyasına yaradıcı təsir göstərdi. Dante özü trubadurların poeziyasını sevirdi, onların bir neçəsini “İlahi komediya”nın personajı kimi təsvir etmişdi.

(sufism.ru portalındakı məqalənin istisarla tərcüməsi)

 

Please publish modules in offcanvas position.