Sufilik və Qərb mədəniyyəti (Üçüncü hissə)

/ Çərşənbə axşamı, 13 Oktyabr 2020 14:25
Sufilik və Qərb mədəniyyəti (Üçüncü hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/7072-sufilik-ve-qerb-medeniyyeti-birinci-hisse; https://islam.az/az/mezhaleler/i-slam-bu-zhun-sabah/item/7139-sufilik-ve-qerb-medeniyyeti-i-kinci-hisse)

Trubadurlar adətən cəngavər rütbəsinə malik idilər və cəngavər qanunlarına tabe olurdular; bunun da ayrılmaz tərkib hissələrindən biri Gözəl Xanıma pərəstiş idi. Puşkinin şerinin qəhrəmanı olan “bədbəxt cəngavər” də “dünyada ondan gözəli olmayan”a yönəlmişdi. Bədbəxt cəngavər ağlını itirərək ölür, bununla da o, sevgi ilə coşub-daşan başqa bir ağılsız cəngavəri – Don Kixotu bizə xatırladır. 

Don Kixot özü etiraf edirdi ki, “Qızıl əsr”i qaytarmaq üçün həyata gəlib. O, ideallar aləmində yaşayır, bu idealları obrazlı şəkildə gündəlik həyata tətbiq edirdi. Buna görə də onun hərəkətləri mənasız görünür; necə ki, aşiq olmuş bir adamın davranışı eşqdən xəbəri olmayan şəxsə ağılsızlıq kimi görünür. Don Kixotun vecinə də deyil ki, onun sevgilisi kübar təbəqədən yox, sadə bir qadındır. Dağa doğrusu, o, bunların arasında fərq görmür. Onun üçün bu sadə qız da Gözəl Xanımı özündə ehtiva edir. Servantes İslam fəlsəfəsi ilə yaxşı tanış idi, təqsadüfi deyil ki, “Don Kixot” romanının müəllifliyini də “çox müdrik Sidi Əhməd” adlı ərəbə aid edirdi. 

“Mənəvi fəqirliyi” təbliğ edən, xalq içində “poverello”, yəni “kasıbcığaz” ləqəbi ilə tanınan Assizli Müqəddəs Fransisk də trubadurların arasından çıxmışdı. Fransiskdən ötrü kasıblıq təslimçilik və Allaha sevginin təzahürü idi. O, özü varidatdan imtina etsə də, digər insanları buna çağırmırdı. Çünki düşünülmüş (qəsdən qazanılmış) maddi kasıblıq yalnız mənəvi miskinliyin “cismaniləşmiş obrazı”dır. Min il idi ki, xristianların əksəriyyəti üçün İsanın təlimini qiyamət gününün intizarı və qorxu əvəz etmişdi. Belə bir şəraitdə Müqəddəs Fransisk insana sevgidən və “mənəvi həzz”dən söz açdı. Hər yerdə və hər kəsin simasında o, tanrının təcəllasını görürdü. “Allaha sevgiyə qərq olmuş Müqəddəs Fransisk artıq təkcə öz qəlbində deyil, hər bir məxluqda Allaha təslimiyyəti kamil şəkildə görə bilirdi” (Speculum perfectionis, XII, 113). Fransiskin təlimində və yaratdığı rahib ordenində sufi ənənəsinin təsirini sezmək mümkündür. Müqəddəs Fransisk kilsənin qəddarlığı və satqınlığı ilə kirlənmiş qərbi xristianlıq tarixinə ən parlaq səhifələrdən birini yazmağa nail oldu.  

Alman Reformizminin banisi olan Martin Lüter Henru Suzonun, xüsusilə də İohann Taulerin mistik fəlsəfəsinin güclü təsiri altında idi. Onların ikisi də böyük alman mistiki Meyster Exkartın tələbəsi idi. Ekxartın cəsarətli və eyni zamanda ziddiyyətli təlimləri isə bəzən sufi mürşidlərin sözləri ilə nöqtəbənöqtə üst-üstə düşürdü. Tauler “Allahın dostları” mistik qardaşlığının üzvü idi. Onun baxımından həqiqi din “Allahda qərq olmaq”, “Allahla məst olmaq”, “Onun sevgisində ərimək” demək idi.

 Lüter belə hesab edirdi ki, Allah ilk növbədə özünü insanın qəlbində aşkara çıxarır, Allahın səsi isə elə insanın vicdanından ibarətdir. Vicdan azadlığına riayət etmək zəruridir, insan özü “öz vicdanını nəyə inanmaq və nə etmək” barədə sorğulaya bilər. İlahi başlanğıcın daşıyıcısı nə kilsə, nə də dövlət deyil, İnsanın özüdür.

Böyük sufi İbn Ərəbiyə görə, bütün Kainat Allahın nişanələrinin (ayətlərinin) təzahüründən ibarətdir və Ondan ayrılmazdır. Yəni dünya bir xəyaldır, həqiqi vücud sahibi isə yalnız Allahdır. Amma bu xəyal da vacib xüsusiyyətə malikdir. İbn Ərəbi yazırdı: “Zahiri şəkil baxımından varlıq aləmi bir təxəyyüldür. Amma bu təxəyyül Həqiqəti, Allahın varlığının Həqiqətini əks etdirir”. Mövcudluğun elementləri (tərkib hissələri) əsil həqiqəti rəmzləşdirə və əks etdirə, onu metaforik şəkildə ifadə edə bilər. “Dünya yalnız Dostun simasından bir şüadır, başqa hər şey isə onun kölgəsidir!” (N.Qumilyov. “Məst olmuş dərviş”). 

Mənəvi təmizlənmə yolu xəyal pərdələrindən təmizlənməni, rəmzlər arxasında duran Həqiqəti görə bilmək bacarığını qazanmağın yoludur. Bu yolun sonunda insan “mən”i ilahi “Mən”ə çevrilir. Kamil İnsan sanki Mütləqin kamilliyini əks etdirən güzgüyə dönür. Bu nəzəriyyəyə görə, Allah haradasa səmanın ənginiklərində məskunlaşmış varlıq deyil. Əksinə, O, insanla ayrılmaz bağlar vasitəsilə əlaqəlidir, möminin mənəvi dərinliyində, ən müqəddəs yer olan qəlbin içində yerləşir. Quranda deyildiyi kimi: “Biz ona (insana) şah damarından da yaxınıq” (Qaf, 16).  

(sufism.ru portalındakı məqalənin istisarla tərcüməsi)

 

Please publish modules in offcanvas position.